Qarabağda müharibə riski bu tarixədək qalacaq - İrəvan radikal yoldan imtina edir?

Qarabağda müharibə riski bu tarixədək qalacaq - İrəvan radikal yoldan imtina edir? Azərbaycan və Ermənistan arasında sülh sazişi ləngidikcə regionda daimi sülhdən danışmaq mümkün olmayacaq. Bu, bütün postmüharibə dönəmlərinə xas reallıqdır. Demək, Türkiyə ilə Ermənistan arasında əlaqələrin tam həcmdə bərqərar olması da gecikəcək. Paralel surətdə xarici destruktiv qüvvələrin bölgəni təzədən qarışdırmaq fürsəti qalacaq və Ermənistandakı radikal-revanşist müxalifət özünü şanslı saymaqda davam edəcək.

Ermənistanın mövqeyi ucbatından davam edən belə qeyri-müəyyənlik, əlbəttə ki, xoşagəlməzdir. Ən əvvəl ona görə ki, sülh anlaşmasının gecikməsi yeni müharibə ehtimalını gündəmdən birdəfəlik çıxmağa qoymur. Sülh anlaşmasınadək isə bölgədə illərdir fəaliyyətsiz qalmış bütün nəqliyyat əlaqələrinin bərpasına ehtiyac var - hansı yöndə ki, çalışmalar davam edir və artıq müəyyən pozitiv gəlişmələr də var.

Söhbət Ermənistan rəhbərliyinin davranışından gedir. Bu xüsusda baş nazir Nikol Paşinyanın dilindən müsbət açıqlamalar gəlməkdə davam edir.

Məsələn, Paşinyan ötən həftəsonu yerli əhali ilə son görüşündə bir daha bölgədə kommunikasiyaların açılması zəruriliyindın danışıb və bəyan edib ki, bunun nəticəsində ölkə iqtisadiyyatı və sənayesinin inkişafı mühüm şans qazanacaq. Bu kontekstdə baş nazir regiondakı nəqliyyat infrastrukturlarının blokadadan çıxarılmasının vacibliyini vurğulayıb.

“Biz bəzi qərarlar verməliyik. Bilirsiniz ki, Rusiya və İrana gedən dəmir yollarımız Azərbaycandan keçir. Və anlamalıyıq ki, Azərbaycana öz ərazimizdən yol verməyənə kimi onun ərazisindən keçə bilmərik. Mövcud marşrutlardan qarşılıqlı şəkildə istifadə etməyi bacarmalıyıq” - Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgəyə münasibəti dəyişdirmək lazımdır. “Bəli, regionda düşmənlərimiz var, amma gəlin fiksə edək ki, biz onları daha çox düşmən saydıqca onlar da bizi düşmən hesab edəcəklər. Bölgədə Ermənistan ətrafında əlverişli atmosfer yaratmalıyıq. Bunun üçün də bölgəyə baxışımızı dəyişdirməliyik”, - deyə Ermənistan rəhbəri diqqətə çatdırıb.

Öz növbəsində baş nazirin müavini Mqer Qriqoryan ötən həftə ölkə parlamentinin iclasında deyib ki, Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə regionda sovet dövründə mövcud olmuş bütün kommunikasiyaların açılmasını müzakirə edir və bununla bağlı “yol xəritəsi” artıq hazırdır. Demək, Naxçıvan yolu (dəhlizi) də açılacaq.

Xarici işlər naziri Ara Ayvazyan isə parlamentin xarici əlaqələr komissiyasının dünənki iclasında belə deyib: “Bölgədə sülhün bərqərar olması üçün İrəvan Ankaranın öz ”təcavüzkar siyasətinə" yenidən baxmasını gözləyir. Təbii ki, sülhün bərqərar olmasının bölgədə hansı perspektivlər yarada biləcəyini hamımız başa düşürük. Tarixdə faciəli keçmişi olan ölkələrin siyasi iradə sayəsində mehriban qonşuluq münasibətləri qurmağı bacarması haqda bir çox nümunə var. İrəvan bölgədə özünə düşmən axtarmır, ona görə ki, sülh və barışığın dəyərini çox yaxşı bilir. Erməni diplomatiyası bundan sonra qonşularla münasibət qurmaqda daha praqmatik olacaq".

*****

Yəni eyni pozitiv ritorika. Əlbəttə, regionda sülh və qarşılıqlı əməkdaşlığın bərpası yönündə xüsusən də Ermənistan rəhbərliyi tərəfindən bu cür açıqlamaların səslənməsi vacibdir, lakin əfsus ki, yetərli deyil. Çünki onları həyata keçirmək gərəkdir, özü də qısa zamanda.

Aydındır ki, Paşinyan və komandasına buna nail olmaq asan olmayacaq. Çünki kapitulyasiya edən ölkədə “müharibə partiyası” tərəfdarları çoxluqda olmasa da, təşkilatlanma və maliyyə baxımından, xaricdəki radikal və varlı erməni lobbisinə ciddi bağlılıq baxımından yetırincə güclüdür. Onların neçə aydır erməni xalqının “saqqızını oğurlamağa” çalışması diqqətdən kənarda saxlana bilməz.

Hərçənd etibarlı rəy sorğuları göstərir ki, əhalinin 70%-i Azərbaycanla yeni müharibə arzulamır, radikal-revanşist müxalifətin reytinqi isə hakim qüvvədən çox aşağıdır. Bununla belə, fors-major situasiyalar ehtimalı nəzəri olaraq qalır. Ən azından iyunun 20-nə təyin edilmiş erkən parlament seçkilərinədək.

Yeri gəlmişkən, bir sıra təhlilçilərin fikrincə, qarşıdakı seçkilərdə Paşinyan komandasının qələbə qazanmaq şansı çoxdur. Bu da ilk növbədə onunla izah olunur ki, xalq müharibələrdən yorulub və indi daha çox dinc və qurucu həyat arzusundadır. Belə perspektivi isə yenə Paşinyan hökuməti təmin edə bilər. Ən əsası, bunu sadə ermənilər artıq yaxşı dərk edir.

*****

“Ermənistanda nəzərdə tutulan növbədənkənar parlament seçkilərində indiki baş nazir Nikol Paşinyan hakimiyyətini qoruyub saxlayacaq. Ehtimal edirəm ki, Ermənistanda Qərb istiqamətli şüarlar güclənəcək. Qərbyönümlü siyasət özünü daha güclü şəkildə büruzə verəcək. Rusiya və Ermənistan bir-birindən uzaqlaşacaq”.

Bunu sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Ermənistanda keçiriləcək seçkilər və bunun ölkəyə mümkün təsirləri haqqında danışarkən deyib (Teleqraf.com).

“Biz gördük ki, ”Qarabağ klanı"nın hakimiyyətə qayıdışı boş bir məsələ kimi ortaya çıxdı. Hesablamalar belədir ki, 17 müxalifət partiyasının birləşdiyi platforma qarşıdakı seçkilərdə 1 və ya 2 faiz səs ala bilər. Bu da onu göstərir ki, Paşinyan müharibəni uduzsa da, ictimai rəydə ciddi şəkildə dəstəkənir. Bu sözsüz ki, erməni müxalifətinin ciddi məğlubiyyəti deməkdir. Təxminən belə mənzərəni müşahidə edirik", - deyə o qeyd edib və əlavə edib ki, seçkilərə zaman azaldıqca daha dəqiq fikirlər və proqnozlar irəli sürmək mümkün olacaq.

*****

Bölgədə əlaqələrin bərpası yönündə praktik addımlara gəlincə, “Joxovurd” qəzeti yazıb ki, aprelin 7-də Nikol Paşinyan Moskvaya işgüzar səfər edəcək və bu ziyarət çərçivəsində Rusiya lideri Vladimir Putinlə görüşəcək. Qəzet bu informasiyanı Paşinyanın mətbuat katibi Mane Gevorkyanla dəqiqləşdirməyə cəhd göstərib, cavabında bildirilib: “Biz bununla bağlı KİV-i məlumatlandıracağıq”.

Belə bir görüş İkinci Qarabağ müharibəsindən sonra onlar arasında ikinci ola bilər. 44 günlük döyüşlərdən sonra ilk dəfə onlar yanvarın 11-də görüşüblər. Görüş üçtərəfli formatda baş tutub və həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Bunu da yada salaq ki, keçən həftə - martın 26-da Rusiya prezidenti ilə Ermənistanın baş naziri arasında telefon danışığı olub. Onlar Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətə dair fikir mübadiləsi aparıblar.

*****

Maraqlıdır ki, bu arada erməni tərəfində müharibədəki acı məğlubiyyətdən dolayı etiraflar da artmağa başlayıb. 2-ci Qarabağ savaşından sonrakı sərt gerçək çətin də olsa, yavaş-yavaş erməni ictimai-siyasi şüurunda özünə möhkəm yer eləməkdədir.

“Müharibədə daha güclü olan qalib gəlir. Azərbaycanın bizdən güclü olduğu ortaya çıxdı, çünki onun dəqiq iqtisadiyyatı, bir çox qardaş ölkəsi var. Bu tarixi həqiqətdir və ermənilər bununla barışmalıdırlar”.

44 günlük Vətən müharibəsində Azərbaycana dəstək olan və qarşı çıxan dövlətlər..

Erməni siyasi şərhçi Samvel Ovannisyanın bu qənaəti ilə barışmamaq mümkünsüzdür.

Ovannisyanın sözlərinə görə, reallıq budur ki, Paşinyan ölkəni müflis edilmiş və xaraba vəziyyətdə, böyük xarici borcla, əhalisi köç edən, istehsalatı məhv edilmiş, enerji mənbələrindən asılı ölkə olaraq qəbul edib. “Ermənistan baş nazirinin tənqidçiləri Paşinyanın ölkəni hansı vəziyyətdə təhvil aldığını və hansı geosiyasi reallıqlarda yaşadığımızı unutmamalıdır”, - deyə o vurğulayıb.

Qalır, bu sərt geosiyasi reallığın Ermənistanda hamılıqla dərk və qəbul edilməsi. Məhz o zaman deyə biləcəyik ki, Ermənistan bölgədə müharibə katalizatoru olmaqdan imtina edib və haqq yolunu seçib...
“Yeni Müsavar”
Geri qayıt