Bayramın Şuşada qeyd olunması xalqımızın ən böyük arzusuna çatmasının rəmzidir

Bayramın Şuşada qeyd olunması xalqımızın ən böyük arzusuna çatmasının rəmzidir Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı günü Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada, Cıdır düzündə bayram tonqalı alovlandırıblar. Ali Baş Komandan İlham Əliyev müraciətində qeyd edib ki,  “Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir.”
Dağlıq Qarabağ münaqişəsi artıq keçmişdə qalıb. Tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Prezident İlham Əliyev üzləşdiyimiz ədalətsizliyə düşünülmüş siyasət və sərkərdə qətiyyəti ilə son qoydu. Ali Baş Komandanın ötən dövrlərdə həyata keçirdiyi kompleks inkişaf siyasəti, respublikamızın yüksəlişi bizi sürətlə bu qələbəyə yaxınlaşdırdı. Bu siyasət hər bir uğuru ilə torpaqlarımızın azad edilməsi üçün tarixi şəraitin formalaşmasını təmin etdi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasının konturlarını cızdı. 
Bu savaşın nəticəsi Prezident İlham Əliyevin dediyi kimi oldu. Ali Baş Komandan bu fikri həmişə bəyan edirdi ki, danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə Azərbaycan Ordusu öz sözünü deyəcək. Ordumuzun döyüş imkanlarının artırılması ilə bağlı indiyədək həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edirdi. İlham Əliyev Ali Baş Komandan kimi ordumuzu bütün vəzifələri yerinə yetirməyə qadir mükəmməl hərbi gücə çevirdi, digər tərəfdən siyasi-diplomatik ustalıqla davamlı şəkildə Ermənistanın ifşasına nail oldu. Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları, Prezident İlham Əliyevin qətiyyəti və yüksək diplomatik peşəkarlığı nəticəsində noyabr ayının 10-da Ermənistan kapitulyasiya bəyanatı imzalamağa məcbur edildi. Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı bu bəyanat birmənalı şəkildə Azərbaycanın qələbəsinin və Ermənistanın kapitulyasiyasının hüquqi baxımdan təsdiqidir. Eyni zamanda bu sənəd Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut edən hüquqi aktdır. 
Prezident İlham Əliyevin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü öz uğurlu nəticəsini verdi. Beləliklə, bütün bu amillər Azərbaycanı möhtəşəm qələbəyə qovuşdurdu. Bu gün Novruz bayramının mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə qeyd olunması təbii ki, rəmzi və tarixi əhəmiyyət daşıyır.  
Prezident İlham Əliyev qeyd etmişdir ki, işğal nəticəsində bu ərazilərdəki bütün bina və məscidlərimiz dağıdılıb. Məscidlərdə heyvan saxlayıblar. Bizim müqəddəs abidələrimizi təhqir edilib. Qarabağdakı bütün su elektrik stansiyalarını dağıdılıb, çoxunun avadanlıqları çıxarılaraq Ermənistana aparılıb.
Erməni vandalları işğal altında olan ərazilərdəki mədəni abidələri dağıtmışlar. Şuşa şəhərinin tarixi mərkəzində yerləşən Qarabağ xanlığının banisi Pənahəli xanın iqamətgahı olmuş tarixi saray,  Şuşa şəhərinin mərkəzi meydanında yerləşən, XIX əsrə aid Karvansaray tarix-memarlıq kompleksi,  Şuşa Dövlət Rəsm Qalereyasının binası, Şuşa Xalça Muzeyi də işğal zamada dağıdılan mədəni abidələrdəndir.  
Ermənilərin Qarabağda törətdikləri vəhşılıklər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır. İşğaldan azad edilən torpaqlara xarici jurnalistlər, beynəlxalq təşkilatların nümayəndələrinin səfərləri təşkil edilməlidir ki, beynəlxalq ictimaiyyət, o cümlədən Erməniləri müdafiə edən, onları dəstəkləyən, onlara həmişə arxa, dayaq olan dairələr bu həqiqətləri öz gözləri ilə görsünlər.
Prezident İlham Əliyev müraciətində qeyd edib ki, Şuşa bizim qədim şəhərimizdir: “Erməni təbliğatı, saxta alimlər, fırıldaqçı siyasətçilər, beynəlxalq dairələr nə qədər desələr də xeyri yoxdur, tarix var. Pənahəli xan Şuşanın təməlini qoydu, Şuşanı tikdi, qurdu. Biz isə Şuşanı əsarətdən çıxardıq və xalqımıza qaytardıq, dövlətimizə qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir, həmişə belə olub. Son 28 il ərzində mənfur düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib. Bəli, evlər sökülüb, tarixi abidələr sökülüb, məscidlər sökülüb, bir neçə eybəcər bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır...”
İşğaldan azad edilmiş hər bir şəhər, qəsəbə, kənd bizim üçün doğmadır, dəyərlidir. Ancaq Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Tarixboyu erməni vəhşiləri bu qədim şəhəri ələ keçirmək üçün minbir hiyləyə əl atıblar. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tarixi, mədəni və strateji əhəmiyyətə malik Şuşamızı 28 illik işğaldan azad edən gündən bu şəhərin abadlaşdırılmasına start verilib.   Şuşa zəfəri İkinci Qarabağ müharibəsinin dönüş nöqtəsi oldu. Bundan sonra işğalçı Ermənistan kapitulyasiya aktını imzaladı və bununla da hərbi əməliyyatlara son qoyuldu. Artıq 8 noyabr ən yeni tariximizə Zəfər Günü kimi düşüb.
Beləliklə, dövlətimizin başçısnını da bəyan etdiyi kimi, Qarabağ hər zaman dövlət siyasətinin mərkəzində olub. Biz heç bir halda, bir addım belə öz mövqeyimizdən kənara çəkilmədik. Ərazi bütövlüyü məsələsində Azərbaycan heç vaxt güzəşt etmədi. İllər ərzində nümayiş olunan bu prinsipiallıq bizi böyük Qələbəyə yaxınlaşdırırdı. Bunun nəticəsində bu il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olunur.
 
Metin Hüseynov - politoloq
Geri qayıt