“Budəfəki əfv miqyasına görə ikinci ən böyük humanitar aktdır” - deputat

“Budəfəki əfv miqyasına görə ikinci ən böyük humanitar aktdır” - deputat Azərbaycan Prezidenti İlham Əliyevin martın 18-də imzaladığı əfv sərəncamı 625 dustağa şamil olundu. Onlardan 475-i birbaşa azadlığa çıxdı.

Əfv sərəncamı ərəfəsində bir sıra müzakirələr açılıb. Xüsusilə siyasi məhbus sayılanlarla bağlı daha çox fikirlər səslənir. Doğrudur, bu sərəncamla azadlığa çıxanlar arasında siyasi məhbus hesab edilənlər də oldu. Lakin hələ də belə şəxslərin həbsxanada qaldığı yönündə fikirlərə rast gəlirik. Bir sıra tanınmış məhbuslar da var ki, onların nə üçün azad edilməməsi sualı ətrafında fərqli mövqelər səslənməkdədir. O sırada daha çox ömürlük “OMON”çu məhbuslar - Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımovun adları çəkilir. “Qarabağ partizanı” adı ilə tanınan və ömürlük cəza çəkən Məmməd Məmmədovun da bu sırada adı keçir.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu əfv sərəncamını “Yeni Müsavat”a bu cür dəyərləndirdi: “Azərbaycanda məhkum olunmuş şəxslərin Prezident İlham Əliyev tərəfindən əfv edilməsi artıq bir ənənə halını alıb. 2003-cü ildən bu günə qədər prezident tərəfindən 36 əfv sərəncamı imzalanıb ki, bu da hər ildə ən azı iki əfv sərəncamının imzalanması deməkdir. Bu humanitar akt sayəsində indiyədək ümumilikdə minlərlə məhkum edilmiş vətəndaşımız bu və ya digər səviyyədə əfv aktının əhatə dairəsinə düşüb və azadlığına qovuşub. 18 mart 2021-ci il tarixində imzalanan sərəncam isə 625 məhkuma şamil edilib ki, bu da yalnız 2018-ci ildə əfv edilənlərlə müqayisədə bir qədər azdır. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar imzalanan əfv sərəncamı 634 məhkuma şamil edilmişdi. Yəni indiki əfv məhkumları əhatə etmə miqyasına görə ikinci ən böyük humanitar aktdır. Nəzərə almaq lazımdır ki, əfv edilənlərin böyük əksəriyyətinin, yəni 475 məhkumun cəzasının çəkilməmiş hissəsinə xitam verilib və onlar birbaşa azadlığa çıxıblar. İkinci ən mühüm məsələ ondan ibarətdir ki, ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə ilə cəzası ilə əvəz edilib.

Bu özlüyündə ayrıca bir humanist aktdır. Digər məsələlərə gəldikdə isə, əfv olunan məhkumların sırasında 2015-ci ildə Nardaran hadisələri ilə əlaqədar məhkum edilmiş 30 nəfər şəxsin, İslam Partiyasının sədr müavininin, AXCP-dən olan 5 siyasi fəalın və 2018-ci ildə Gəncədə baş vermiş kütləvi iğtişaşla bağlı məhkum edilmiş 3 nəfərin də adının olması xüsusi qeyd edilməlidir. Onların hər birinin törətdiyi cinayət əməlləri qanunla sübuta yetirilmiş hal sayılmaqla cəza tədbirləri görülsə də, indi əfv edilmələri yenə də cinayət törədənlərə qarşı dövlətin humanist siyasətinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Nəzərə almaq lazımdır ki, məhkum olunmuş şəxslərin əfv edilməsi onların ailə üzvlərinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq həyata keçirilir. Burada məqsəd təkcə dövlətin humanizm siyasətini nümayiş etdirmək deyil, eyni zamanda məhkumların öz törətdikləri əməllərindən peşman olaraq onu bir daha təkrar etməməsi üçün məhkumlara verilən şansın onlar tərəfindən düzgün qiymətləndirilməsidir. Azadlıq çox qiymətli nemətdir və hər hansı səbəbə yaxud hər hansı emosional davranışa görə onun qanun tərəfindən məhdudlaşdırılmasına səbəbiyyət verən hərəkətləri əsla etmək olmaz”.

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı isə bunları söylədi: “Əlbəttə, 600-dən çox insanın bayramda əfvə salınması böyük sevincdir. Bu böyük addıma görə Prezidentə təşəkkür payı düşür. Bizim siyahıda olan tanınmışlarla, eləcə də, siyasi motivli insanlarla bağlı cəmiyyətin çağırışlarına haradasa cavab verilib. Siyahımızdan 39 nəfər azadlığa buraxılıb. Onların arasında siyasi partiyaların nümayəndələri var. Məsələn, AXCP-dən 5 nəfər azad olundu. Bu şəxslər sırasında dindarlar, Gəncə və Nardaran hadisələrinə görə həbs edilənlər var. Təqdirəlayiq haldır. Hər kəsi sevindirməyə bilməz. Amma siyahımızda bloggerlər, jurnalistlərin adı da var idi. Təəssüflər olsun ki, onlar azad edilmədilər. Amma bu son deyil. Əfv Komissiyası verdiyimiz təqdimatlara diqqətlə yanaşdı. İşimizi davam etdiririk. Çalışacağıq ki, digərləri də tezliklə ailələrinə qovuşsunlar. Bu, həyatın sonu deyil. Siyasi məhbus deyəndə burada bir az düzəliş etmək istəyirəm. İşlərində siyasi motiv olan məhbuslar var. Üç nəfər ömürlük cəza alanların da işinə baxıldı. Onların cəza müddəti 25 ilə salındı. Siyahımızda I Qarabağ müharibəsində iştirak edənlərin də adları var idi. Biz bu işlə məşğul olacağıq. Digər tərəfdən bilirsiniz ki, Avropa Məhkəməsinin siyasi məhbus kimi qəbul etdiyi Elçin Əmiraslanov, Səfa Poladov və Arif Kazımov kimi isimlər də var. Orada ”Qaranquş dəstəsi"ndən 3 nəfər də var. Onların işlərində ağır maddələrin olduğunu hamımız bilirik. Amma bu insanlar 1996-cı ildən həbsdədirlər. Qobustan həbsxanası kimi qapalı yerdə saxlanılırlar. Onlar I Qarabağ savaşında iştirak da ediblər. Onların çoxunun ağır xəstəlikləri var. Ümid edirəm ki, bu il ərzində onların da işlərinə baxılacaq, hansısa müsbət qərar veriləcək.

Cəza müddətlərinin azaldılması çox sevindirici olardı. Əfv sözü özü-özlüyündə humanizm deməkdir. Biz daim Yeni il və Novruz bayramları ərəfəsində bu hissi yaşamışıq. Elə illər olub ki, siyahımızda 716 nəfər olub. Onların hamısı tədricən azadlığa buraxılıb. Bunları qiymətləndirməmək olmaz. Onlar azadlıqdan məhrum ediliblər, həyatdan təcrid olunmayıblar. Ona görə də, onların bu əziz bayramda yaxınlarının yanında olması çox vacib idi. İstənilən halda bu əfv sərəncamını təqdirəlayiq bilirəm. Amma siyasi məhbus probleminin tamamilə bağlanması da çox vacibdir. Heç kəs narahat olmasın, biz işimizə davam edirik. Çox ümid edirəm ki, bu il yenidən bir əfv sərəncamı veriləcək. İşimizin davamı kimi bəhrəsini görəcəyik".
Geri qayıt