Azərbaycan Ordusu və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi

Azərbaycan Ordusu və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin həyatında yeni səhifə açıldı. Bu gün tarixi qələbəmizin sevincini yaşamaqla yanaşı, dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad olunmuş şəhərlərimizə ardıcıl səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Sonuncu səfər zamanı Ölkə başçısı bir daha diqqətə çatdırdı ki, həyatımızın quruculuq, inkişaf və torpaqlarımızın bərpası dövrü başlayır.
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Füzuli və Xocavənd rayonlarına səfərləri zamanı ölkə rəhbəri bir daha Azərbaycan Ordusunun tarix yazmasından, ermənilərin işğaldan azad edilmiş torpaqlarda törətdikləri vandalizm aktlarından, havadarlarının işğalçıya dəstəyindən geniş bəhs edərək bildirdi ki, “...bu gün bu torpaqların sahibləri kimi qayıtmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.
Dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Hadrut qəsəbəsində dövlət bayrağını qaldırdıqdan sonra nitqində bu məqamı böyük qürur hissi ilə qeyd etdi ki, müharibə zamanı görülən işlər bu gün aparıcı ölkələrin ali hərbi məktəblərində öyrənilir. Azərbaycana qədər dünyada heç kim bu taktikadan istifadə etməyib. Döyüş meydanında qələbəmiz siyasi müstəvidə qələbəyə yol açdı. Azərbaycan bu təcrübəsi ilə dünyanın diqqətini bir daha özünə yönəltdi.
Ermənistan və ona havadarlıq edən dövlətlər 44 günlük müharibənin yaratdığı reallıqları düzgün təhlil edəcək və nəticə çıxaracaqlar. Sentyabrın 27-də əks-hücum əməliyyatına başlayan Azərbaycan Ordusu sonra hücum əməliyyatına keçdi. Qısa müddət ərzində böyük Qələbə qazanıldı.
Mənfur düşmənin işğal edilmiş torpaqlarımızda törətdikləri vəhşiliklər göz qabağındadır. Evlər, tarixi, dini abidələrimiz dağıdılıb. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.
30 ildən sonra Azərbaycan xalqı öz tarixi torpaqlarına qayıtdı. Artıq işğaldan azad olunan torpaqlarımızda bərpa işlərinə başlanılıb. Dədə-baba yurdlarından didərgin salınmış insanların işğaldan azad olunmuş ərazilərə qayıdaraq məskunlaşmasının, habelə dayanıqlı və davamlı iqtisadi fəallığının təmin edilməsinə yönəldilən infrastruktur layihələrinin tərtibi, sənaye və kənd təsərrüfatı müəssisələrinin, sosial təyinatlı obyektlərin inşası, habelə əhalinin mənzil-məişət məsələlərinin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır və artıq bir sıra yaşayış məntəqələrində bu sahələrdə zəruri işlərin həyata keçirilməsinə başlanılmışdır. Səfər zamanı Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun təməli qoyuldu. Bu yol başlanğıcını Zəfər yolundan götürür. Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yoluna birləşir. Bu avtomobil yolunun inşası azad edilmiş ərazilərin bərpası üçün böyük əhəmiyyət daşıyır.
Füzulidən Şuşaya Zəfər yolu çəkilir. Eyni zamanda, Bərdə-Ağdam yolunun çəkilişi yaxın gələcəkdə icra ediləcək. Horadizdən Zəngilana qədər yol çəkiləcək. Bir sözlə, quruculuq işlərinə start verilib və uğurla icra edilir.
Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası üçün bütün planlar hazırlanır. Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanları başlanan hər bir işi uğurlu sonluqla başa vurmağa geniş imkanlar yaradır. Yoxsul, kasıb, dilənçi ölkənin işğal edilmiş rayonlarımıza qeyri-qanuni yolla yerləşdirdiyi ermənilərin Kəlbəcər, Laçın və Ağdam rayonlarını tərk edən zaman söküb apardıqlarını yada salanda bir daha onların nə qədər vəhşi, insanlıqdan uzaq olduqlarını görür, nifrət edirsən.
Diqqəti ermənilərin dini abidələrimizi, məscidləri dağıtmasına, burada donuz saxlamalarına yönəldən cənab İlham Əliyev bildirmişdir ki, ermənilər necə ki, bizim məscidlərimizi təhqir ediblər, qədim Alban məbədini də təhqir etmişlər. Amma bərpa edəcəyik. Onlar qədim torpaqlarımızda özləri üçün saxta tarix yaradıblar. Amma buna nail ola bilməyiblər. Statistikaya diqqət yetirək. Azad edilmiş torpaqlarda 67 məscid var idi. Cəmi ikisi yarıdağılmış vəziyyətdə qalıb. Dövlətimizin başçısı dünyaya bu mesajı ünvanladı: “Əgər kimsə bundan sonra bizə qarşı hansısa əsassız ittiham irəli sürmək istəsə, o, cavabını alacaq, necə ki, bu günə qədər alıb.”
44 günlük Vətən müharibəsi bir daha bu reallığa işıq saldı ki, cənab İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir və istər danışıqlar masasında, istərsə də hərb meydanında bütün addımlarını ən xırda detalınadək hesablayaraq atır. Düşmənə layiq olduğu yeri məhz dəmir yumruğumuzla göstərdik. Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, bu yumruq yalnız düşmənin başına vurulan zərbə deyil, birliyimiz, həmrəyliyimizdir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan Ordusu və Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi
Geri qayıt