Kreml köhnə “mahnısını oxuyur”: “Torpaqlarımızda avtoritetlik...” - GƏLİŞMƏ

Kreml köhnə “mahnısını oxuyur”: “Torpaqlarımızda avtoritetlik...” - GƏLİŞMƏ Müxtəlif iddialara görə, Rusiyadan Ermənistana “tikinti materialları” daşınmaqda davam edir. Məgər, İrəvanda imarət tikirlər?! Ona görə “imarət” deyirəm ki, bu qədər malın, həqiqətən, tikinti materialı olduğuna inansaq, deməli, daxma tikmək fikirləri yoxdur. Amma məsələnin heç də tikinti, inşaat olmadığı məlumdur.

“Tikinti materialları” adı altında Moskvadan İrəvana roketlərin, pulemyotların, “Kalaşnikov”ların daşındığı kimsəyə sirr deyil. Bu, nə Allahdan gizlidir, nə də bəndədən...Yaxşı, bəs niyə? Özünü “süddən çıxmış ağ qaşıq” kimi göstərən Kreml, həqiqətən, növbəti müharibənin başlanmasında maraqlıdırmı?

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında şimal qonşumuzun savaş istəmədiyini faktlarla izah etdi:

“Bu, Rusiyanın regionla bağlı planlarına ziddir. 10 noyabr razılaşmasının şərtlərinin pozulması Kremlin beynəlxalq imicinə zərbə olacaq. Üstəgəl, Rusiyanın dünyadakı nüfuzunun qorunmasında Azərbaycanın da şərait yaratdığı məlumdur.

Prezident İlham Əliyev özü bu barədə deyib. Hər halda Ermənistanın Kremlə necə zərbə vurduğu hər kəsə məlumdur.

Onu da deyim ki, bölgənin iqtisadi imkanlarının artırılmasında Azərbaycan, Türkiyə və İran kimi, Rusiya da maraqlıdır. Çünki şimalla cənubu, Rusiya ilə Ermənistanı, həmçinin İranı birləşdirən ən yaxın nəqliyyat dəhlizinin Zəngəzurdan keçdiyi məlumdur. Rəsmi Moskvanın həmin dövlətlərlə iqtisadi rentabilliyinə mane olan isə Gürcüstanla münasibətlərdir. Yəni Zəngəzur dəhlizinin açılmasını şimal qonşumuz da istəyir”.

Ə.Əlibəyli ən prioritet məqama da toxundu:

“Belə ajiotaj yaradan məsələlərin kökündə Rusiyanın Qarabağda söz sahibi olmaq iddiası dayanır. Başqa sözlə desək, Kreml bizim torpaqlarımızda avtoritetlik etmək istəyir.

Ona görə də təzyiq vasitələrini artırır. Lakin, məncə, elə də ciddi məsələlər deyil və tədricən gündəmdən düşəcək. Dövlət başçısının fevralın 24-də keçirdiyi brifinqdə də dediyi kimi, proseslər anbaan izlənir və biz lazımi anda adekvat cavab vermək iqtidarındayıq.

Əsas məsələ Zəngəzur dəhlizinin açılması olmalıdır”.
Geri qayıt