Siyasi konsensusun yeni mərhələsi

Siyasi konsensusun yeni mərhələsi Mart ayının 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayı yeniliklər və struktur dəyişiklikləri, yeni dövrdə partiyanı daha da möhkəmləndirək məsələləri ilə tarixə düşdü. Qurultayda YAP sədri cənab İlham Əliyevin çıxışı sözün əsl mənasında tarixi hadisəyə çevrilməklə yanaşı, son günlərin siyasi gündəminin əsas mövzusunu təşkil etmişdir. Qurultay ona görə tarixi hadisə hesab olunur ki, burada qəbul olunan qərarlar cənab Prezident tərəfindən idaərəetmədə və siyasi münasibətlərdə həyata keçirilən islahatlar silsiləsinin uğurlu davamıdır.
Partiyada baş vermiş yeniliklər və struktur dəyişikliyi Vətən müharibəsində əldə edilən tarixi Zəfər Qələbəsinin nəticələrini, ictimai-siyasi sabitliyi və milli birliyi sona qədər qorumaq və torpaqlarımızı işğaldan azad etdikdən sonra yaranmış yeni dövrdə bu üstünlükləri daha da möhkəmləndirmək zərurətindən qaynaqlanır. Yeni dövrün əsas göstəriciləri sırasında digər faktorlarla yanaşı siyasi dialoqun və siyasi institutlar arasında sivil münasibətlərin ön plana çıxması Azərbaycanın milli maraqlarının etibarlı şəkildə qorunması və strateji hədəflərinə çatması üçün dövlət başçısının bundan sonra ölkə daxilində həyata keçirəcəyi siyasətin yeni konturları kimi qiymətləndirilməlidi.
Prezident İlham Əliyevin siyasətində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, sosial-iqtisadi sahədə genişmiqyaslı islahatlar, əhalinin rifah halının daha da yüksəldilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin daha da gücləndirilməsi və s. amillər mühüm yer tutur. Artıq bu istiqamətdə böyük nailiyyətlər əldə olunub. Ən əsası 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Dövlətimizin başçısı, YAP sədri İlham Əliyev söylədiyi kimi, Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsinin əsas səbəbi ölkədə və regionda yaranmış yeni reallıqlardır. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların da fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyanın VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Müharibəsinin nəticələri ölkəmizin yeni dövrə qədəm qoyması baxımından yeni imkanlar açıb. Eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və bütün dinlərdən, mədəniyyətlərdən olan millətlərin nümayəndələri ölkəmizdə dinc, mehriban yanaşı formada yaşayırlar. Azərbaycanda milli həmrəyliyin möhkəmlənməsi, dostluq, mehriban münasibət mühitinin qorunub saxlanması istiqamətində işlərin daha da gücləndirilməsinə töhfə verilmək üçün siyasi təşkilat olaraq Yeni Azərbaycan Partiyası bu məsələlərdə də öz fəaliyyət istiqamətlərini zamanın tələblərinə uyğun müəyyənləşdirməlidir.
Bu gün ölkədəki siyasi dialoqun üstünlüyü və unikallığı ondadır ki, bu dialoqun müəllifi Azərbaycan Prezidentidir, onu dəsətkləyən isə antimilli şurada toplanan bir qrup qaraguruhçuları nəzərə almasaq ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalardır. Azərbaycan tarixində belə bir siyasi dialoqun ilk dəfə baş tutmasının səbəbi həm də odur ki, bu proses heç bir kənar müdaxilə olmadan, xarici ölkələrin və ya beynəlxalq qurumların ssenarisi olmadan həyata keçirilir, sosial sifariş kimi hamı tərəfindən qəbul olunur. Məhz bu yanaşma öllkəmizdə demokratiyanın inkişafına, iqtisadi azadlıqların daha da genişlənməsinə nail olmaq və qarşımızda duran milli vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hakimiyyətə əlavə güc və stimul verir. Nəticədə biz milli həmrəyliyin və siyasi konsensusun yeni mərhələsinin şahidi oluruq, 6 siyasi partiya gələcək siyasi hədəfləri ilə hakim partiyanın siyasi hədəfləri arasında heç bir fərq görmədiyinə görə YAP-a birləşir, QHT sektorunda, siyasi-ictimai və mədəni mühitdə formalaşmış şəxslər YAP-ın İdarə Heyətində yer alır, Azərbaycanın ən nüfuzlu və qocaman hüquq müdafiəçiləri Şöhrət ordeni ilə təltif olunur.
Bütün bunlar ölkəni vaxtilə dağılmaqdan və məhv olmaqdan xilas edən Ulu Öndər Heydər Əliyevin dövlətçilik məfkurəsinin layiqli davamçısı olan cənab İlham Əliyevin müasirləşdirdiyi, inkişaf etdirdiyi və bütövləşdirdiyi Azərbaycanda qurmaq istədiyi yeni siyasi münasibətlər sisteminin önəmindən və prinsipial xarakter daşımağından xəbər verir.
Əminik ki, bütün bunlar Azərbaycanın daha güclü olması və beynəlxalq aləmdə daha çox nüfuza və etimada sahib olması üçün yeni imkanlar yaradacaqdır.


Metin Hüseynov - politoloq
Geri qayıt