Əflatun Amaşov: “Prezident İlham Əliyevin mətbuat konfransı mükəmməl mühazirə idi”

Əflatun Amaşov: “Prezident İlham Əliyevin mətbuat konfransı mükəmməl mühazirə idi” Prezident İlham Əliyev fevralın 26-da keçirdiyi mətbuat konfransında dünyanın nüfuzlu və aparıcı media qurumlarının diqqətinə bir daha Azərbaycan həqiqətlərini çatdırmaqla ölkəmiz haqqında qlobal informasiya məkanına obyektiv məlumatlar vermiş oldu”.

Bunu APA TV-yə açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib: “Əslində bu mətbuat konfransını Azərbaycanın daxili və xarici siyasəti, əsasən də 44 günlük müharibə, onun nəticəsi olaraq regionda yaranan yeni durumla bağlı mükəmməl mühazirə adlandırmaq olaraq. Konfransa ayrılan 4 saat vaxt, onun keçirilmə tarixi, Xocalı soyqırımını törədən erməni terrorçularının hələ də cinayət məsuliyyətinə cəlb olunmaması ilə bağlı faktlar dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Sualların əhatəli və hərtərəfli cavablandırılması, nitqin səlis və aydın olması əminəm ki, həmkarlarımın diqqətindən yayınmadı. Bir məqamı da unutmayaq. Fərqi yoxdur jurnalist hansı dilləri bilir-bilsin, ona o zaman xoş olur ki, sualını ünvanladığı dildə cavabını alsın. Jurnalist bu jesti həm özünə, həm də mənsub olduğu xalqa hörmət kimi dəyərləndirir. Mətbuat konfransında biz bunun əyani olaraq şahidi olduq”.
Əflatun Amaşov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə dövründə dünyanın ən nüfuzlu media qurumlarına 30-a yaxın müsahibəsi bir daha onu sübut etdi ki, o, media ilə işləyə bilən, onu qiymətləndirən və öz ölkəsinin gələcəyi naminə medianın imkanlarından geniş, səmərəli istifadə etməyi bacaran azsaylı dövlət başçılarındandır: “Mətbuat konfransı verilən mesajlarla da zəngin oldu. Bir daha Azərbaycanın mövqeyi vurğulandı ki, Dağlıq Qarabağ problemi həll olunub, terroristlərin sayıqladığı “Artsax” olmayıb, yoxdur və olmayacaq. Revanşizmin qarşısı qətiyyətlə alınacaq, heç bir muxtariyyətdən söhbət gedə bilməz, çıxış yolu Azərbaycana inteqrasiyadır. Ölkədə yeganə dövlət dili Azərbaycan dilidir. Zəngəzur koridorundan region dövlətləri öz rifahı naminə faydalana bilərlər. İşğaldan azad olunan ərazilər bərpa olunacaq, vətəndaşlarımız tezliklə doğma yurdlarına qayıdacaqlar. Ölkəmizdə Türkiyə ordusunun kiçik modeli yaradılacaq”.

Mətbuat Şurasının sədri vurğulayıb ki, Prezident İlham Əliyev mətbuat konfransında Ermənistana sonuncu xəbərdarlığını da edib. Əgər rəsmi İrəvan yenə də regional layihələrdən kənar qalmaq yolunu seçərsə, təklənəcək, itirən yalnız özü olacaq və bu dəfə artıq heç kim, hətta ən yaxın tərəfdaşları belə onu himayə etməyəcək, nəticə isə indikindən daha ağır olacaq.
Geri qayıt