Azərbaycan ərazisində silahlı erməni qalmamalıdır... - Əks halda...

Azərbaycan ərazisində silahlı erməni qalmamalıdır... - Əks halda... Ermənistan 2021-ci ilə daha da ağırlaşan bir sürü köhnə problemlə girdi. Yenisi də var. Bu da erməni xalqı və onun simvolik dövlətinin 44 günlük müharibədə üzləşdiyi kapitulyasiyadan dərs götürməsi məsələsidir. Əslinə qalsa, problemlərin problemi, yəni açar problem elə budur. Çünki ölkənin ayaq üstə durub-durmayacağı bilavasitə məhz ibrət dərsinə bağlıdır.

Əksər siyasi-hərbi ekspertlər və iqtisadçılar, hətta bəzi ağlı yerində olan tanınmış erməni simaları kapitulyasiyanı erməni xalqının qurtuluşu üçün tarixi bir şans hesab edir, öncəliklə qonşu Azərbaycan və Türkiyə ilə əlaqələrin vaxt itirmədən bərpasını təklif edirlər. Lakin 10 noyabr 3 tərəfli bəyanatdan keçən iki aya yaxın müddət göstərir ki, Ermənistan dövlət və cəmiyyət olaraq, hələ də 44 günlük savaşdan doğru-dürüst ibrət dərsi götürülməyib. Ölkə rəsmilərinin Qarabağla bağlı davam edən köhnə və təxribatçı ritorikası buna şübhə yeri saxlamır.

*****

Məsələn, yeni il girər-girməz, hələ ki öz baş nazir kreslosunu qoruyub saxlayan Nikol Paşinyan savaşdakı məğlubiyyətin səbəbləri barədə böyük bir məqalə yazıb və onun sonunda sırtıqcasına belə bir nəticəyə gəlib ki, “artsax” problemi Minsk Qrupunun formatına qaytarılmalı və “problemin” həllində “öz müqəddəratını təyinetmə haqqı” əsas götürülməlidir.

Maraqlıdır ki, məqalədən cəmi bir gün sonra Paşinyanın ekzotik xarici işlər naziri Asar Ayvazyan və ardınca daha bir erməni naziri Xankəndinə gedərək, orada son anda rusun mərhəməti sayəsində ipdən alınmış quldurbaşı Araiklə və onun yeni “xin başçısı” David Babayanla görüşüb (onların hər ikisi haqda Azərbaycanın Baş Prokurorluğu cinayət işi açıb və hər ikisi beynəlxalq axtarışa verilib). Erməni mediası yazıb ki, çağırılmamış qonaq və “dqr rəhbərliyi” “iki respublika arasında əməkdaşlıqla bağlı razılıq əldə ediblər”.

“İki respublika”. Gülməlidir, deyilmi? Eyni zamanda ağlamalıdır. Ermənilər üçün əlbəttə. O səbəbə ki, bu dəqiqə Ermənistan adlı qondarma dövlətin özünün varlığı böyük sual altında ikən xəstə toplumun xəstə başbilənləri hələ də mifik “artsax”dan dəm vururlar...

*****

Rəsmi Bakı artıq bu olaya ilkin və yumşaq reaksiyasını bildirib. Azərbaycan XİN-in bəyanatında haqlı olaraq vurğulanır ki, belə “səfərlər” vəziyyəti yalnız qızışdırmağa xidmət edir və İrəvan rəsmilərini yeni reallıqları qəbul eləməlidir.

Edəcəklərmi? Hələlik bunun parlaq işartıları gözə dəymir. Aydındır ki, erməni tərəfin heç nə olmayıbmış kimi, bu qəbildən provokativ və qızışdırıcı addımları davam eləsə, Azərbaycan xalqının səbrini yenə sınağa çəkmək istəsə, o zaman artıq XİN-lik bir şey qalmayacaq və cavab da, reaksiya da Müdafiə Nazirliyimizdən, Xankəndinin qulağının dinində olan nizami ordumuzdan gələcək. Necəsini yaxşı bilirlər.

Onsuz da Dağlıq Qarabağda qalmış bir ovuc terrorçu-quldurun məsələsi sürətlə gündəmə gəlməkdədir və böyük ehtimalla, yaxın günlərdə Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında Moskvada müharibədən sonra ilk dəfə keçiriləcəyi deyilən üçtərəfli görüşün ən aktual mövzusu olacaq. Görüş olsa da, olmasa da bu məsələ mütləq gündəmə gələcək. Əsas da o səbəbə ki, əgər Rusiya da Dağlıq Qarabağı ölkəmizin ayrılmaz tərkib hissəsi sayırsa, o zaman suveren Azərbaycan ərazisində iki ordu ola bilməz!

Əslində de-fakto “ikinci ordu” yoxdur da. Söhbət, sadəcə, ərazimizdə qalmış və böyük sülhü, üçtərəfli anlaşmanı təhdid edən qanunsuz erməni hərbi birləşmələrindən, bandit-terrorçu dəstələrdən gedir.

*****

Rusiyalı analitik İqor Korotçenko da hesab edir ki, Moskva görüşündə əsas diqqət Dağlıq Qarabağdakı qanunsuz hərbi birləşmələrə yönəlməlidir. Bu barədə o, “Moskva-Bakı” portalına müsahibəsində bildirib. Sitat: “Ermənistan qüvvələri Azərbaycan ərazisindən tam çıxarılmalıdır. Bu, nəinki Ermənistan Silahlı Qüvvələrini, həmçinin de-fakto mövcud olmayan, ”dqr"in qanunsuz silahlı birləşmələrini də əhatə etməlidir. Onların tərk-silah olunması lazımdır. Azərbaycan ərazisində silahlı erməni qalmamalıdır. Yəni total silahsızlaşdırma keçirilməlidir. Bu, bölgədə sülh, rifah və çiçəklənmə üçün əsas şərtdir".

Öz növbəsində politoloq Qabil Hüseynli 2021-ci ilin Azərbaycan diplomatiyası üçün çox aktiv bir il olacağını düşünür. “Xüsusilə də 44 günlük müharibədən sonra bəzi məsələlərin masada həll edilməsi və aydınlaşdırılmasına ehtiyac var. Bu istiqamətdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin, hətta Türkiyənin də iştirakı ilə görüşlərin keçirilməsi vacibdir”, - deyə o Axar.az-a üç ölkə liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüş haqda yayılan informasiyalara münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Qarabağ ətrafında baş verən son proseslərin müzakirəyə və aydınlaşdırılmasına ehtiyac var: “Əvvəla, regionda fəaliyyət göstərən sülhməramlı kontingentin vəzifə və səlahiyyətləri ilə bağlı konkret danışıqlar lazımdır. Xüsusilə son günlər sülhməramlıların aktiv təlimlər keçirməsi, bu təlimlərə erməniləri də cəlb etməsi kimi bəzi neqativ xəbərlər yayılır. Düzdür, bu xəbərlər rəsmi olmasa da, gözardı edilməməli və araşdırılmalıdır. Sülhməramlıların konkret vəzifə və səlahiyyətləri təyin edilməli, səlahiyyətlərin aşılması hallarına qarşı cəza tədbirləri müəyyənləşməlidir”, - politoloq qeyd edib.

Ekspert ikinci məqam kimi, son günlər məqsədli surətdə region xəritələri üzərində dəyişikliklər edildiyini söyləyib: “Bu xəritələrdə Azərbaycanın nəzarətindəki bir sıra ərazilər sülhməramlıların nəzarətində imiş kimi göstərilməyə çalışılır. Bu, yolverilməzdir və məsələnin üzərinə düşmək lazımdır. Həmin xəritələr dezinformasiya olsa belə, sülhməramlılara olan inamı azaldır. Üçüncüsü, Azərbaycan heç bir halda nə ”dqr" adlı bir qurumu, nə də onun “prezidenti” Araik Arutyunyanı qəbul etmir. Əraziyə tez bir zamanda müvafiq general-qubernator və Bakının məsləhət bildiyi bir səlahiyyətli şəxs seçilməlidir. Ümumiyyətlə, görüşlər zamanı bu məsələ aktual olmalıdır. Araik Arutyunyan Azərbaycanın ərazi bütövlüyünə qəsddə ittiham edilib, təhvil verilməlidir.

Dördüncüsü, Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz tez bir zamanda açılmalıdır. Diqqət etsəniz, bu məsələ sanki erməni tərəfindən məqsədli şəkildə gizlədilir və dəyişdirilməsinə çalışılır. Bu məsələnin aktuallığının itirilməsinə yol vermək olmaz. Naxçıvanla Azərbaycanı birləşdirəcək dəhliz bizim üçün “qırmızı xətt” olmalıdır.

Beşincisi, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iştirakı ilə Moskvada keçiriləcək üçtərəfli görüşdən sonrakı görüşlərə Türkiyə də dəvət edilməlidir. Çünki Türkiyə də bu prosesin bir parçasıdır və bunu Rusiya da etiraf edir. Düşünürəm, bundan sonrakı danışıqların dalana dirənməməsi üçün rəsmi Ankaranın iştirakı vacibdir".

*****

Yəqin ki, belə də olacaq. Ona görə ki, qardaş ölkə bölgədə artıq mühüm söz sahibidir, vazkeçilməz oyunçudur. Ermənistanın isə heç bir səsi yoxdur. Ona görə də İrəvan saatını Moskvaya deyil, gec-tez “Bakı vaxtı”na qurmalı olacaq. Əks təqdirdə Ermənistan adlı formal dövlət də xəritədən silinə, yox ola bilər. Və bunu nə qədər tez eləsə, bir o qədər özü üçün yaxşı olar. Çünki zaman Ermənistana, erməni xalqına işləmir. Çoxdan işləmir.

Təbii ki, saat əqrəbləri deyərkən saat qurşağını nəzərdə tutmuruq. Azərbaycan və Ermənistan onsuz da eyni saat qurşağında yerləşir və Bakıda tutaq ki, saat 12-dirsə, İrəvanda da əqrəblər eyni vaxtı göstərir. Dönəmin, dövrün geosiyasi saatını deyirik... //musavat.com//
Geri qayıt