"Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur” - Malik Həsənov

"Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur” - Malik Həsənov "44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycanın siyasi Qələbəsi dövlətimizin xarici siyasətində önəm verdiyi prinsiplərə bir daha işıq saldı: Beynəlxalq hüququn norma və prinsipləri əsasdır, bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur, Azərbaycan heç bir dövlətin diktəsi ilə oturub durmur, siyasətində müstəqildir və dövlət maraqları öndə dayanır. MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında da möhtərəm Prezidentimiz İlham Əliyev Ermənistanın işğalçı dövlət olduğunu, danışıqların davam etdiyi 28 ildə dünya birliyini aldatdığını, işğal olunmuş ərazilərimizdə qeyri-qanuni məskunlaşdırma həyata keçirdiyini, ATƏT-in Minsk qrupunun isə danışıqlar prosesinə yeni heç bir töhfə verməyə qadir olmadığını əsaslı çəkildə diqqətə çatdırdı. Vətən müharibəsi dövründə münaqişənin mahiyyətinin bəzi xarici media orqanları tərəfindən qeyri-obyektiv, qərəzli şəkildə təhlilinə baxmayaraq Azərbaycanın tarixə, beynəlxalq hüquqa əsaslanan təbliğatı nəticəsində həmin mənzərə tamamilə dəyişdi.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, İşğalçı tərəf ötən müddət ərzində status-kvonu qoruyub saxlamaq, beynəlxalq ictimaiyyəti davamlı aldatmaq nəticəsində bugünkü aqibətini müəyyənləşdirdi: “Azərbaycan üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçı müharibə olub. Reallıq budur ki, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycanda yaranmış xaos, hərc-mərclik və hakimiyyətsizlik şəraitindən istifadə edərək təcavüz aktı törətdi, nəticədə Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin təqribən 20 faizi işğal edildi, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bu, tarixdir.”Rəsmi Bakı dünyanın nüfuzlu təşkilatlarının tribunasından daim Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında bəyan edib: “ Azərbaycan o cümlədən postsovet ölkələri ilə əlaqələrin genişlənməsində əhəmiyyətli rol oynayan Müstəqil Dövlətlər Birliyi çərçivəsində iqtisadi əməkdaşlıqla yanaşı, üzv ölkələrin ərazi bütövlüyü məsələsini daim gündəmdə saxlayaraq əlaqələrin genişlənməsində işğal faktorunun aradan qaldırılmasının xüsusi rola malik olduğuna, bir üzv ölkənin digərlərinin ərazisini işğal etməsinin yolverilməzliyinə çağırışlar edib. İşğalçı Ermənistan bu kimi bəyanatlara, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirdi. “
“Azərbaycan illərdir topladığı gücü, qüdrəti, həyata keçirdiyi müstəqil siyasəti, bəyan etdiyi dəyişməz mövqeyi sayəsində reallıqları tam şəkildə dəyişdi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra etdi. Qalib Azərbaycan şərtlərini diktə edir. Məğlub Ermənistan yaranmış yeni reallıqları heç bir halda dəyişə bilməyəcək. Hazırda Dağlıq Qarabağ münaqişəsi haqqında danışarkən keçmişi nəzərdə tuta bilərik. Bu, artıq tarixdir. Regionun gələcəyi çox cəhətdən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından asılı olacaq. Azərbaycan bu gün postmüharibə dövrünün prioritetlərini müəyyən edir, bölgədə yeni əməkdaşlıq formatlarını müəyyənləşdirir. Həmin formatlarda məğlub Ermənistanın iştirak edib-etməyəcəyi bu ölkəyə rəhbərlik edənlərin siyasi iradəsindən asılıdır”,- deyə millət vəkili bildirib.
Eyni zamanda, 10 noyabr Bəyanatından sonra bəzi Avropa ölkələrinin, eləcə də Niderland parlamentinin ardıcıl şəkildə qəbul etdiyi qərəzli qətnamələrə də münasibət bildirib: “Müharibənin başa çatmasından sonrakı ilk günlərdə Niderland parlamentinin Nümayəndələr Palatasında Azərbaycan və Türkiyə əleyhinə bir sıra qətnamə təşəbbüsləri irəli sürülüb. Qardaş Türkiyə və Azərbaycana qarşı sanksiyaların tətbiq olunması, qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması və sair kimi əsassız iddiaların müəllifləri faşist ideologiyasının təbliğatçıları və ermənipərəst qüvvələrin əlaltılarıdır. Niderland parlamentinin Nümayəndələr Palatası oktyabrın 7-dən başlayaraq 11, eləcə də dekabrın 17-də “Dağlıq Qarabağa humanitar yardımın göstərilməsi ilə bağlı” qətnamə qəbul edərək açıq-aşkar münaqişəni alovlandırmaq niyyətini ortaya qoyur. Düşünürük ki, Niderland, o cümlədən əksər Avropa ölkələri Azərbaycan üçün kağız parçasından başqa bir şey olmayan belə qətnamələrə vaxt sərf etməkdənsə, ölkəmizin bölgədə yaratdığı yeni reallıqlarla barışıb yeni əməkdaşlıq formatlarına dəstək verməklə sülhün uzunmüddətli və davamlı olmasına öz töhfələrini versinlər. Məlumdur ki, noyabrın 18-də möhtərəm Prezidentimiz İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən Niderland parlamentinin bu təxribatçı qərarlarına kəskin münasibətini onun diqqətinə çatdıraraq ümumilikdə belə ədalətsiz qərarların ölkələrimiz arasında yaxın əlaqələrin qurulmasına kömək etməyəcəyini xüsusilə vurğulamışdır.”
Geri qayıt