Dağlıq Qarabağ Bəyannaməsi: Diplomatik uğurmu, uğursuzluqmu? - TƏHLİL

Dağlıq Qarabağ Bəyannaməsi: Diplomatik uğurmu, uğursuzluqmu? - TƏHLİL Rusiyanın təşəbbüsü ilə Ermənistanla Azərbaycan arasında imzalanan bəyannamə barədə iki müxtəlif fikir var. Hər iki fikir maksimalist yanaşma ehtiva edir. Bəziləri bu bəyannaməni tam və qəti qələbə kimi qiymətləndirir, bəziləri isə döyüş meydanında qazandıqlarımızı diplomatik masada itirdiklərimizə düşünür.

Açığını desəm, hər iki yanaşmada həqiqət payı az deyil. Bizim ordumuzun Dağlıq Qarabağda sərgilədiyi qəhrəmanlıq aslan payı qoparmağımızı haqq edirdi. Ən azı ona görə ki, ermənilərin özü belə, xeyli ağır vəziyyətdə olduqlarını, ağır şərtlər altında qəbul olunan sülh razılığına gedilməsə, bütün Qarabağı itirəcəklərini etiraf edirlər. Amma bütün bu üstünlüklərimiz hərbi sahədə idi. I Dağlıq Qarabağ müharibəsində beynəlmilləlləşdirməyə məcbur olduğumuz bu problemin bir də diplomatik tərəfi var. Biz də istər-istəməz sözügedən amillərlə razılaşmalı və hərb siyasətimizi buna uyğun qurmalı idik.

Təsadüfi deyil ki, son münaqişənin başladığı ilk gündən son günə qədər Prezident İlham Əliyev də məhz bu amili nəzərə alaraq apardığımız müharibənin hədəflərini açıqlamışdı. Həmin hədəflər istər Madrid, istərsə də Kazan prinsiplərində ortaya qoyulan formulla əlaqədardı: ətraf rayonların mərhələli şəkildə qaytarılması, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi.

Faktiki olaraq, ayyarım müddət ərzində Dağlıq Qarabağda apardığımız mübarizənin məhz bu prinsiplərə əsasən həyata keçirildiyini görürük. Azərbaycan ordusu əsasən 5 rayonun və Şuşanın azad edilməsi istiqamətində irəliləyir, digər 2 rayonu ermənilərin kapitulyasiyası əsasında geri qaytarılmasına saxlayırdı. Şuşanın alınması ilə bu hədəfə son nidanın (İlham Əliyevin təbirincə desək) qoyulması hesablanmışdı.

Üstəlik, Dağlıq Qarabağın inzibati ərazilərinə daxil olan digər strateji ərazilər də düşməndən arındırılırdı. Müharibənin sonunda Azərbaycan Madrid prinsiplərində nəzərdə tutulan 5 rayondan artığını əldə etmiş və erməniləri ikinci mərhələyə başlamaq məcburiyyətində buraxmışdı. Hərbi cəhətdən tamamilə tükənən düşmənin 5-10-20 gün kimi qısa müddət ərzində digər rayonlardan çıxmağı qəbul etməsi də aparılan işin məqsəduyğun şəkildə yürüdüldüyünü göstərir. Digər tərəfdən, müharibənin sonunda Azərbaycanın qarşı tərəfə heç bir status verməməsini açıqlaması və status şərtinin bəyannamənin şərtləri arasına salınmaması da rəsmi Bakının ilkin hədəflərinin maksimum təmin olunması anlamına gəlirdi. Bu baxımdan, dünən Rusiyanın vasitəçiliyi ilə imzalanan sənədi Prezident İlham Əliyevin müharibə öncəsi irəli sürdüyü bütün tələblərə cavab verdiyini deyə bilərik.

Dünənki anlaşma mahiyyətli bəyannamədə ən uğurlu məqam sənədə yansımayan, amma ölkə rəhbəri tərəfindən açıq dilə gətirilən status məsələsiylə bağlıdır. Ölkə rəhbəri bəyannaməni imzaladıqdan sonra xalqa müraciətində bu barədə dedi: “Yəqin siz fikir vermisiniz ki, bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, “müstəqil dövlətdir”. Bunlar uzun illərdir “müstəqil dövlət” kimi yaşayır və onlar Azərbaycandan müstəqillik almalıdırlar. Bir kəmlə də yoxdur, Paşinyan. Nə oldu bəs? Bu nə oldu, Paşinyan? ”.

Prezidentin bu fikirləri Kreml tərəfindən də təsdiqlənib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”-yə açıqlamasında bildirib ki, “Qarabağla bağlı bəyanatda bu bölgənin statusu göstərilmir”. Bu isə çox mühüm amildir. İmzalanacağı gözlənilən sülh sazişinin əsas prinsiplərinin yer aldığı sənədin bu müddəası o deməkdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində heç bir muxtar və mədəni hüququ olmayan inzibati ərazi kimi qalacaq. Dolayısıyla oranın yerli hakimiyyət orqanları, hüquq mühafizə, məhkəmə sistemi rəsmi Bakı tərəfindən müəyyənləşdiriləcək. Bu da Dağlıq Qarabağda yaşamaq haqqı tanıdığımız ermənilərin bir daha separatçı xəyallara düşməsinin tamamilə qarşısını alacaq. Ən əsası isə həmin bölgələrə Dağlıq Qarabağ köçkünlərinin yerləşdirilməsi ərazinin demoqrafik xarakterini tənzimləyəcək və zamanla azərbaycanlıların üstünlüyünü təmin edəcək. Nədən ki, on illərlə umduğu “müstəqilliyi” ala bilməyən bir çox erməninin həmin ərazilərdə qalması indiki şərtlər daxilində mümkün görünmür.

Bəyannamədə bizi qane etməyən ən önəmli məsələ Rusiya ordusunun sülhməramlı qismində bölgəyə yerləşdirilməsidir. Rəsmi Moskvanın bu zamanadək ermənilərin yanında yer alması bizim əndişələrimizin əsas səbəblərindəndir. Amma gəlin, razılaşaq ki, biz hətta bütün erməniləri bir nəfər kimi Dağlıq Qarabağdan qovsaydıq belə, beynəlxalq ictimaiyyətin basqılarıyla yenidən onların 200 ildən bəri məskunlaşdıqları yerlərə qaytarılması basqılarıyla üzləşəcək və sonunda bununla razılaşacaqdıq. Beynəlxalq birliyin bizdən əsas tələblərindən biri də ermənilərə bəzi muxtar hüquqların, ən azı yerli hakimiyyətlərinin özləri tərəfindən müəyyənləşdirilməsi haqqı verilməsi ola bilərdi. Bunun reallaşacağı təqdirdə, növbəti tələb ermənilərə tanıdığımız bu haqqın və ümumiyyətlə onların təhlükəsizliyinin qarantı kimi beynəlxalq sülhməramlıların bölgəyə yerləşdirilməsi olacaqdı. Azərbaycanın beynəlxalq sülhməramlıları qəbul etməsi daha ciddi problemlərə yol açacaqdı. Çünki həmin missiyanın daxilində ruslardan başqa fransızlar, amerikanlılar və s. kimi qüvvələr yer alacaqdı. Xüsusilə ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsini Trampdan təhvil almasından sonra beynəlxalq münasibətlər tamamilə əleyhimizə çevrilə bilərdi. Bu mənada Azərbaycan zamana qarşı yarışırdı və regionda marağı olan digər alternativlərlə anlaşmaya getməliydi.

Ən əsası isə vasitəçilərin nə qədər çox olması onlarla anlaşmanı da bir o qədər imkansız hala gətirə bilərdi. Hər kəs zəif nöqtəmizdən yapışıb bizdən nəsə qoparmağa çalışacaqdı. Bəzən birinin tələbini yerinə yetirmək digərinin mənafeyinə zidd olduğundan görə biləcəyimiz bütün işlər axsayacaqdı. Belə vəziyyətlərdə bir tərəflə anlaşmaq bölgənin idarə olunmasını daha da asanlaşdıra bilər və Azərbaycanın maraqlarına daha uyğundur. Üstəlik, bizimkilərin ruslarla dil tapması daha rahatdır, nəinki digərləriylə. Axı, biz sözün bütün mənalarında rusun dilini bilirik.

Sözsüz ki, sülhməramlılar arasında türklərin yer alması rəsmi Bakının maraqlarına daha çox cavab verir. Qeyd edək ki, dünən qəbul olunan bəyannamədə açıq ifadə edilməsə də, əslində razılaşmada bu da nəzərdə tutulur. Hər halda İlham Əliyevin dünənki açıqlamasında atəşkəsə nəzarət üzrə yaradılması nəzərdə tutulan sülhməramlı mərkəzdə Türkiyə hərbçilərinin də yer alacağı aydın şəkildə bildirilmişdi. Bu da indiki şərtlər daxilində şansımızı artıran əsas amillərdən biridir.

Digər tərəfdən, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi əbədi deyil. Bəyannamənin şərtinə əsasən, onlar 5 il müddətinə orda olacaqlar. 5 ildən sonra bəyannamə tərəflərindən birinin istəməməsi rus hərbçilərinin Dağlıq Qarabağdan çıxması üçün əsas sayılacaq. Sözsüz ki, Azərbaycan öz maraqlarına cavab verməyəcəyi təqdirdə, ruslara qapının ardını göstərə biləcək. Ermənilərin isə bu şansı da yoxdur. Ən azı o səbəbdən ki, Dağlıq Qarabağ Azərbaycan ərazisidir, kimin orda sülhməramlı missiyası həyata keçirməsinə qərar vermək bizim müstəsna hüququmuza aiddir. Erməni silahlılarının rahatlıqla bölgədən çıxması üçün hazırda bu hüququmuzu onlarla paylaşmağımız isə sırf taktiki xarakter daşıyır. Onları perspektivə inandırmadan bu kimi geri çəkilmələrinə razı sala bilməzdik. Sonrakı mərhələlərdə Dağlıq Qarabağın itkisinə alışdırdığımız qarşı tərəfə bu cür “güzəştlər” verməyə ehtiyac qalmayacaq.

Onu da unutmayaq ki, beynəlxalq ictimaiyyətə Türkiyəni sülhməramlı tərəf kimi qəbul etdirmək də asan deyil. Qardaş ölkə münaqişənin ilk günündən bizi bizdən daha çox müdafiə etdiyi üçün müharibə tərəflərindən birinə çevrilmişdi. İstənilən hər hansı tərəf münaqişənin vasitəçisi ola bilməz. Rusiya üçün isə belə bir problem yoxdur. Uzun illər boyu ermənipərəst mövqeyi ilə seçilən Moskva son zamanlar bitərəf mövqe tutmuş kimi görünür və Paşinyan hakimiyyətinin dəfələrlə müraciətinə həqiqətən də obyektiv mövqeyi ilə yadda qalmışdı.

Yeri gəlmişkən qeyd edək ki, müasir anlaşmalarda davamlılığı və səmərəliyi artırmaq üçün “qazan-qazan” prinsipindən istifadə olunur. Hətta kapitulyasiya sazişinə imza atan tərəfi belə, mənən sındırmamaq üçün onlara özlərini əsaslandırmağa ayaq yeri qoymalısan. Əks halda, tərəf-müqabilin öz xalqı qarşısında niyə bu anlaşmaya getdiyini əsaslandıra bilməz və üsyanlar nəticəsində devrilər, yenidən hakimiyyətə müharibə tərəfdarı qüvvələr gələr. Nəticədə bir tərəfin itkiləriylə nəticələnsə belə, müharibələrin ardı-arası kəsilməz.

Təsadüfi deyil ki, Paşinyanla əldə edilən son razılaşmada bu qədər “güzəşt”lərə getməyimizə baxmayaraq, İrəvanda qiyamların qarşısını almaq mümkün deyil və böyük ehtimalla mövcud hakimiyyət devriləcək. Onun yerinə hakimiyyətə gələn yeni iqtidar da razılaşma mətnindəki “ayaq yerləri”ndən yapışıb öz mövqeyini möhkəmlədə bilər. Biz də əldə edilən razılaşmanın davamlılığı üçün onlara həmin “ayaq yerlərini” çox görməməliyik.

Təbii ki, bütün bunlar əldə edilən razılaşmanın mətnindən doğan analizlərdir. Onların nə dərəcədə həyata keçib-keçməməsi rəsmi Bakının fərasətindən asılı olacaq. Hakimiyyət fərasətli siyasət yürüdərsə, Dağlıq Qarabağ problemini tamamilə öz xeyrimizə çevirə bilər.

Bununla belə, rus “sülhməramlı”larının Azərbaycan ərazisində yerləşməsi yaxamızı onların əlinə verməyimizi də bərabərində gətirir və bunu inkar etmək mümkün deyil. Moskva bu anlaşmayla özünün Cənubi Qafqazdakı mövqeyini ən azı 5 il uzada bildi. Status-kvonun nə qədər sürəcəyi isə beynəlxalq münasibətlərdəki dəyişikliklərdən asılı olacaq. Sirr deyil ki, Qərb ölkələrin, xüsusilə ABŞ-ın basqıları ilə Rusiya mərkəzə doğru itələnir. Nə qədər ki, əlimizdə imkan var, biz də fürsətdən yararlanıb Dağlıq Qarabağda öz mövqelərimizi möhkəmləndirməliyik.

Ovqat.com
Geri qayıt