"Rusiya Qarabağda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir” - GƏLİŞMƏ

"Rusiya Qarabağda Türkiyə ilə qarşı-qarşıya gəlmək istəmir” - GƏLİŞMƏ "Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın işğalçı Ermənistana qarşı mübarizədə Azərbaycana hər zaman dəstək verəcəyini açıqlaması Türkiyənin Azərbaycanın yanında olmasının qeyd-şərtsiz nümunəsidir. Bundan əlavə, Türkiyənin Yaxın Şərqdə də super gücə çevrilməsi və təcrübə qazanması səbəbindən Rusiya kənarda qalaraq Ermənistana dəstək vermədi və verməyəcəyini də bəyan etdi. Bu minvalla Türkiyəni özünə rəqib etməməsi üçün Rusiya geri çəkilməyə məcbur qaldı”.

Bunu AYNA-ya şərhində türkiyəli politoloq İsmail Təkpınar deyib. Bildirib ki, 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycanın işğal etdiyi torpaqlarını rəsmiləşdirmək üçün beynəlxalq hüquqa məhəl qoymadan gələni edib və müxtəlif təxribatlar törədib: “Təbii ki, Ermənistanın bu təxribatları, uşaq-yaşlı demədən mülki əhalini, xəstəxanaları, məktəbləri və bütün mülki obyektləri atəşə tutması qəbul edilə bilməz. Həmçinin, dünyanın buna göz yumması da doğru deyil”.

Təkpınar Türkiyədə siyasi partiyaların və siyasətçilərin böyük əksəriyyətinin Azərbaycana dəstək verməsinin sevindirici olduğunu əlavə edib: “Sadəcə, PKK terror təşkilatınının tərəfdarları Azərbaycana dəstək nümayiş etdirmədilər. Çünki Ermənistan PKK terror qruplaşmasının mənsublarını turist adı altında ölkəyə dəvət edib, təlimlərə cəlb edir. Putin və Ərdoğan telefonla danışanda da, istər Liviya və Suriyada, istərsə də Azərbaycanda münaqişənin davamlı həllini tapması üçün səylərin artırılmasının vacib olduğunu vurğuladılar. Bizim də arzumuz və istəyimiz odur ki, bu münaqişə böyük fəlakətə çevrilmədən işğalçı Ermənistan Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal geri çəkilsin. Çünki Qərbin əlaltısı olan Ermənistanın atəşkəsə belə, əməl etmədiyini bütün dünya gördü”.

Siyasi şərhçi Ermənistanın tarixi məğlubiyyətlərinə də nəzər salıb: “Tarixə nəzər salsaq, Kazım Karabəkir paşanın rəhbərlik etdiyi Osmanlı Ordusunun 1920-ci ilin 29 sentyabrında erməniləri məğlub edərək, Sarıqamışı ələ keçirdiyini görərik. Lakin məğlubiyyətə doymayan Ermənistan yenə də Azərbaycana qarşı təxribatlar törətməyə davam edir və layiqli cavabını da alır. Türkiyə isə hər şeyə rəğmən, Azərbaycana sona qədər dəstək olacaq. Çünki biz bir Millət, iki Dövlətik”.

“1992-ci ildə Azərbaycanın keçmiş Prezidenti mərhum Əbülfəz Elçibəy Türkiyənin ozamankı Prezidenti Süleyman Dəmirəldən pul və silah yardımı istəmiş, lakin təklifi rədd edilmişdi. Bununla yanaşı, Azərbaycanın yaxın qonşuları İran və Rusiya da Azərbaycana yardım əlini uzatmamışdı. Amma indi Azərbaycanın yanında güclü Türkiyə var və Azərbayacana Ermənistana qarşı istənilən dəstəyi verməyə hazırdır. Biz ermənilərin keçmişdə həyata keçirdikləri qətliam və işğalları heç vaxt unutmamışıq. Hər kəs Azərbaycanın tək olmadığını bilməlidir. Ermənistanın 2 milyon, Azərbaycaın 10 milyon əhalisi var. Türkiyəni isə vurğulamağa heç ehtiyac da yoxdur. Ona görə də Ermənistan bizimlə mübarizə aparmaq iqtidarında deyil”, - Təkpınar vurğulayıb.
Geri qayıt