İlham Əliyev separatizmə qarşı lider kimi - torpağı işğalda olanların gözü bizdə...

İlham Əliyev separatizmə qarşı lider kimi - torpağı işğalda olanların gözü bizdə... Azərbaycanın müzəffər ordusunun rəşadəti və Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi dünyada separatizmdən əziyyət çəkən ölkələrə bir nümunə göstərməkdədir. “Yeni Müsavat” xəbər verir ki, dünyada torpağı işğalda olan ölkələr, xüsusən dost Gürcüstan və Ukraynanın gözü Azərbaycandadır.

Abxaziya və Cənubi Osetiya kimi ərazilərindən məhrum olan, separatçı rejimlərlə qarşılaşan Gürcüstan, Donbas və Luqanskda separatçı qüvvələrlə bacarmayan Ukrayna Azərbaycanın Qarabağdakı terrorçu qüvvələrlə mübarizəsindən stimul almaqdadırlar. İ.Əliyev separatizm kimi bəlalı bir qlobal problemlə bağlı mübarizədə dünya üçün presedent yaratmaqdadır. Ona görə hamının gözü bizdədir. Ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində darmadağın edilən düşmən qüvvələri, qondarma Qarabağ respublikasının qorxaq, müti əsgərləri top-tüfəngini, silah-sursatını ataraq qaçırlar. Bu, Qarabağ ərazilərində separatizmin yerli-dibli məhv edilməsi üçün başladılan prosesdir. Ona görə də Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycana dəstəyini bildirərək ölkəsinin və Ukraynanın birmənalı yanımızda olduğunu açıqladı.

Gürcü siyasətçinin İrəvan Dövlət Universitetindəki fəxri doktor ünvanının geri alınmasına cavabı isə bu təltifi xatırlamaması oldu. Bəli, torpağı işğalda olanlar gördülər ki, separatizmə ağır zərbə vurmaq, bu cür xunta rejimlərini diz üstə çökdürmək mümkündür. Yetər ki, siyasi iradəsi olan qətiyyətli lider və fədakar, rəşadətli ordu öndə getsin - Azərbaycan Prezidenti və silahlı qüvvələri kimi... Bu mənada baş verən hadisələr işğaldan əziyyət çəkən dövlətlərə bir impulsdur. Sirr deyil ki, dünyada 50-dən çox separatizm bölgələri mövcuddur.

Biz qonşu Gürcüstanla dost Ukraynanın adlarını sadaladıq, lakin Moldovada Dnestryanı münaqişələr, İspaniyada Kataloniya problemi, Serbiya ilə Kosovo, erməni cəlladlarını açıq dəstəkləyən Fransanın özünün Korsika, Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya kimi münaqişə ocaqlarını qeyd etmək olar. Həmçinin Hindistanla Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas və s. arasındakı etnik münaqişələr uzun illərdir davam edir.

Amma İ.Əliyevin komandanlığı altında ordumuz separatizmin başına od ələyir, canına vəlvələ salıb, başlarını götürüb gizlənməyə deşik axtarırlar.

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin “Yeni Müsavat”a bildirdiyinə görə, Azərbaycanın Dağlıq Qarabağda antiterror əməliyyatları, erməni işğalçılarını qovması analoji problem yaşayan digər ölkələr üçün nümunə ola bilər. Deputat hesab edir ki, həmin dövlətlər də beynəlxalq təşkilatların qətnamələrinin icra olunmamasından, bir sıra böyük ölkələrin ikili standartlarla yanaşmasından narazıdırlar. R.Nurullayevin fikrincə, Azərbaycan Qarabağı terrorçu güclərdən təmizlədikdən sonra eyni əziyyəti çəkən ölkələrə stimul yaranacaq və separatizmə silahlı yolla son qoyulması dünya gündəmində yer alacaq. “Çünki diplomatiya, danışıqlar münaqişələrin sülh yolu ilə nəticələnməsinə gətirib çıxarmır. Gərək güc və hərb yolu ilə sülhə məcbur edəsən. Azərbaycan çox dedi, az eşitdilər və bu gün Ermənistanı sülhə məcbur etmək üçün uğurlu hərbi əməliyyatlar aparırıq. Hazırkı dünya düzənində sülhün bərqərar olması zorsuz mümkün deyil”, - deyə deputat vurğuladı.

Partiya sədri döyüş əməliyyatlarının sona qədər davam edəcəyini düşünür və hesab edir ki, heç bir xarici təzyiq yolumuzdan döndərə bilməz: “Paşinyan həyasızlıq edir və abırsız adamdır. Özünü alçaldır və bütün dünya liderlərini zəngləri ilə bezdirib. Putinin onunla danışmaqdan imtina etdiyini gördük. Şuşada yallı gedən, başından yekə tullanan Paşinyan indi aciz vəziyyətə düşüb. Bu halından utanmaq yerinə həyasızlığı davam etdirir. Düşünmürəm ki, bu halda hansısa beynəlxalq siyasi təzyiqlər bizim əməliyyatları dayandıra bilər. Prezidentin çıxışı bir yol xəritəsidir. Cənab İlham Əliyev Makrona dedi ki, separatçıların dərdini çəkirsinizsə onlara Marseldə yer verin, İspaniyada Kataloniyaya haqq verin, Fransada Korsikaya o hüquqları verin. Mənə belə gəlir ki, dünya öz-özünü təkzib etməyə başlayıb. Çox təəssüf ki, o ölkələrdən biri olan Kanada ədalətli yanaşa bilmir. Kanada Türkiyə ilə silah ixracatına qadağa qoyur, amma indiyə qədər Ermənistanı bir dəfə işğalçı adlandırmayıb. Bu, ikiüzlü siyasətdir. Artıq dünyada bir çox ölkələr və xalqlar riyakar siyasətdən yorulub, bu da BMT-nin, eləcə də digər beynəlxalq təşkilatların dağılmasına gətirib çıxaracaq. Çünki kimin sözü keçir, kimin gücü çoxdur, onun qarşısında quyruq bulayırlar”.

Qeyd edək ki, sentyabrın 27-dən Azərbaycan əks-hücum əməliyyatlarına başlayıb. Cəbrayıl rayonu və bir sıra kəndlərimiz, strateji yüksəkliklər azad edilib.
“Yeni Müsavat”
Geri qayıt