Sosial siyasətdəki prioritetlər humanistliyin və insansevərliyin göstəricisidir - Ülvi Quliyev

Sosial siyasətdəki prioritetlər humanistliyin və insansevərliyin göstəricisidir - Ülvi Quliyev Dünya yeni, mürəkkəb bir mərhələyə qədəm qoyub. Elə bir mərhələyə ki, irqindən, dinindən, milliyyətindən, sosial statusundan və coğrafi məkanından asılı olmayaraq, dünya insanı yeni şərtlər altında yaşamağa məhkum olub. Bir tərəfdən Covid-19 pandemiyasının diqtə etdiyi yeni yaşayış qaydaları: karantin məhdudiyyətləri, qoruyucu və dezinfeksiyaedici məmulatlardan istifadəyə məcburiyyət, sosial məsafənin gözlənilməsi tələbi və s. Hətta əl tutub bir-birimizlə görüşmək kimi yüzillər boyu formalaşmış davranış adətimizdən də imtinaya məhkum olmuşuq.

Digər tərəfdən, pandemiya gündəlik fəaliyyətimizdə, iş və yaşam rejimində alışmadığımız məhdudiyyətləri diqtə edir. Yeni qayda və şərtlərin dünya iqtisadiyyatına təsiri də şəksizdir. Dünyanın bir parçası olduğumuzdan bu təsirlər ölkəmizdən də yan keçmir. İqtisadiyyatımızın üzləşdiyi əlavə bir çətinlik isə dünya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması ilə bağlıdır.Bütün bunlarla yanaşı,dünya dövlətlərinin böyük əksəriyyətindən fərqli vəziyyətimiz ondadır ki,ərazilərimizin 20%-i işğal altında qalmaqdadır, faktiki müharibə vəziyyətində yaşamaqdayıq. İşğalçı Ermənistan isə nəinki işğal siyasətindən əl çəkmir,ə ksinə növbəti hərbi təxribatlara imza atır. Tovuz rayonu istiqamətindəki düşmən təxribatı da bu qəbildəndir. Onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması da iqtisadi resurslarımızdan əlavə istifadəni zəruri edir.

İqtisadi geriləmə istisnasız olaraq bütün ölkələri, ən qabaqcıl dünya dövlətlərini belə ciddi sınaqlar qarşısında qoyub. Rəsmən elan edildiyi kimi, ölkəmizdə bu göstərici 2,7 %, bəzi dövlətlərdə 5-9% həddindədir. Elə ölkələr də var ki, iqtisadi geriləmə ilə bağlı proqnoz 10-20% civarındadır. Bütün bu çətinliklərin fonunda diqqəti xüsusi çəkən fakt ondan ibarətdir ki, ölkəmizdə nəzərdə tutulan sosial layihələrdən heç biri bu müddət ərzində təxirə salınmayıb, onların maliyyələşdirilməsi yalnız daxili imkanlar hesabına təmin olunur.

O cümlədən, məcburi köçkün və şəhid ailələri, müharibə əlilləri ilə bağlı dəyəri yüzmilyonlarla ölçülən sosial layihələrdən də imtina olunmayıb, bugünün özündə də icra edilməkdədir. Tovuz rayonunda ermənilərin yaşayış məntəqələrimizə və mülki əhaliyə vurduqları ziyanın aradan qaldırılması üçün ilkin olaraq büdcədən bir milyon manat vəsait ayrılıb.

Sözsüz ki, yuxarıda qeyd etdiyim insanlarımız sosial müdafiəyə,dövlət qayğısına xüsusi ehtiyacı olan təbəqədir. Obyektiv iqtisadi çətinliklər fonunda sosial layihələrin, güzəştlərin davam etdirilməsi hakimiyyətin, ilk növbədə dövlət başçımızın siyasi iradəsi hesabına ərsəyə gəlməkdədir. Cəmiyətimizdə dövlət qayğısına xüsusi ehtiyacı olan, daha həssas başqa bir təbəqə də mövcuddur.Bura əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar aiddir.Onların reabilitasiyası da ciddi maliyyə məsrəfləri tələb edir. Bu sahədə 14 müəssisə fəaliyyət göstərir. Prezident cənab İlham Əliyevin xüsusi tapşırıqları əsasında həmin infrastrukturun müasir tələblərə uyğun olaraq yenidənqurulması və reabilitasiya şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi məqsədi ilə nəzərdə tutulmuş layihələrdən də heç biri təxirə salınmayıb. 2019-cu ildə Yevlax və Naftalan Reabilitasiya Mərkəzləri, Mərdəkan Reabilitasiya Pansionatı, Protez-Ortopedik İstehsalat Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Bu müəssisələrdə yüksək standartlara cavab verən bərpa-müalicə şəraiti yaradılıb.”Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında “2019-cu il 2 dekabr tarixli Prezident Sərəncamı bu istiqamətdə işlərin davam etdirilməsinin dövlətin sosial siyasətində prioritet sahələrdən biri olduğunun açıq ifadəsidir.Bu məqsədlə büdcədən 20 milyon nanatdan artıq vəsait ayrılıb.2020-ci ildə 8 reabilitasiya müəssisəsinin,o cümlədən 6 mərkəzin əsaslı təmir və yenidənqurulması,iki Uşaq Reabilitasiya Mərkəzinin isə inşa olunması nəzərdə tutulur.Avqust ayında Lənkəran və Şəki Reaibilitasiya Mərkəzləri əsaslı təmir və müasir standartlara uyğun yenidənqurma işlərindən sonra istifadəyə verildi.Bu,xüsusi qayğıya ehtiyacı olan neçə-neçə insanın arzusunun,həyatda qala bilməsi imkanının gerçəkləşdirilməsi deməkdir.

Hazırda sağlamlıq imkanları məhdud olan 18 yaşadək uşaqlar üşün 2 reabilitasiya müəssisəsi fəaliyyətdədir. Həmin mərkəzlərdə il ərzində 3500-dən çox uşağa 15 növdə ən yüksək reabilitasiya xidmətləri göstərilir. Bu sahədə görülmüş genişmiqyaslı bərpa və yenidənqurma işləri humanizm və insanpərvərlik nümünəsidir və bilavasitə Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin nəticəsidir. Məhz onun təşəbbüsü ilə Suraxanı rayonunda yaradılmış Xüsusu Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsində ən yüksək tələblərə uyğun reabilitasiya imkanları yaradılmışdır. Bu ilin sonunadək Şəmkir və Qəbələ rayonlarında uşaqlar üçün yeni bərpa mərkəzlərinin açılması da nəzərdə tutulur. 2020-ci ildə bu sahədə görüləcək işlər imkan verəcək ki, 28 min insan professional reabilitasiya xidməti ilə təmin olunsun.

Sağlamlıq imkanları məhdud olan insanlarda, xüsusən uşaqlarda həyat eşqinin sönməsinə imkan verilməməsi, həyatda qala bilmələri üçün apardıqları mücadilədə tək olmadıqlarını onlara hiss etdirmək hər bir dövlətin humanist mahiyyətinin göstəricisidir, dinimizdə isə savab sayılan əməllərdən biridir.

Ülvi Quliyev

Milli Məclisin deputatı
Geri qayıt