Ermənistanda antirus isteriyasının yeni dalğası başlayıb - TƏHLİL

Ermənistanda antirus isteriyasının yeni dalğası başlayıb - TƏHLİL Rusiya ilə forpost Ermənistan arasında münasibətlərdə gizli-açıq gərginlik davam edir. Məsələ ondadır ki, müstəsna olaraq Moskvanın sayəsində dünya siyasi xəritəsində öz mövcudluğunu saxlayan Ermənistan vaxtaşırı “şadlığına şitlik” edir. Xüsusən də Nikol Paşinyan “məxməri inqilab”la hakimiyyətə gələndən sonra Kremlə qarşı İrəvanın təzə iddiaları peyda olub. Bu da əsasən suverenlik oyunu ilə bağlıdır. Guya Ermənistan gerçək müstəqilliyə can atır, Rusiya isə buna imkan vermir.

Əslində isə Paşinyan, sadəcə, Qərbin timsalında işğalçı ölkəyə həm təzə ağa tapmağa çalışır, həm də Rusiyanı Qərblə şantaj edib ondan əlavə siyasi və maddi dividentlər qoparmaq istəyir. Yəni klassik “İki stul” siyasəti. Son vaxtlar işğalçı ölkədə anti-Rusiya ovqatının təzədən güclənməsi ən əvvəl bu məramdan qaynaqlanır. Ermənistan ərazisində Rusiya telekanallarının yayımını, faktiki, mümkünsüz edən yeni qanun layihəsinin hazırlanması da eyni hədəfə xidmət edir.

*****

Bu yerdə yada salaq ki, üzvləri əsasən “Amerika (Soros) uşaqları”ndan təşkil olunan Paşinyan komandası iqtidara gələr-gəlməz, ölkədə Rusiyaya bağlı mədəni-siyasi dəyərlər sıxışdırılmağa başlayıb. Rus dilinin işlənmə arealı kiçildilib, rus məktəblərinin sayı azaldılıb, İrəvandakı Rus Dram Teatrı bağlanıb. Yerli KİV-lərdə, o cümlədən yeni hakimiyyətə yaxın mediada Rusiya əleyhinə materiallar artıb. Üstəgəl, Rusiyanın İrəvandakı səfirliyi qarşısında vaxtaşırı etiraz aksiyaları keçirilir, onlardan birində prezident Vladimir Putinin ünvanına təhqiramiz şüarlar səsləndirilib. Hətta Rusiya “işğalçı” adlandırılıb. Halbuki təkrar edirik, Ermənistan adlı formal dövlətin varlığına görə nankor ermənilər ilk növbədə ruslara minnətdar olmalıdır.

Bütün bunlar təbii ki, Moskvanın nəzər-diqqətindən yayınmaya bilməz(di). Özü də rəsmi Kreml proseslərin belə inkişafında inqilabçı baş nazir, “gizli qərbçi” sayılan Nikol Paşinyanın aparıcı rol oynadığına əmindir. Kremlə yaxın KİV-lərdə axır vaxtlar Paşinyan iqtidarı əleyhinə tənqidi yazıların artması qənaətimizi gücləndirir.

Bu fonda diqqətçəkici olaylardan biri də Rusiyanın İrəvandakı səfirliyinin Rusiya telekanallarının ölkədə yayımını əngəlləməyi nəzərdə tutan yeni qanun layihəsi ilə bağlı bugünlərdə yaydığı, narahatlıq ifadə edən bəyanatıdır. Ən önəmlisi, bəyanatda incə şəkildə rəsmi İrəvana xəbərdarlıq yer alır, adekvat addımlar sırasında Rusiyada çalışan erməni əmək miqrantlarına işarə vurulur.

Əlbəttə ki, Moskvanın Ermənistan iqtidarına təzyiq rıçaqları təkcə erməni əmək miqrantlarından ibarət deyil. Elə təkcə işğalçı ölkəyə satılan təbii qazın qiymətini bir azca qaldırmaq yetər. Yeri gəlmişkən, bu ayın 19-dan qiymətin həqiqətən qaldırılacağı anons edilib. İstisna deyil ki, Moskva bununla həm də Rusiya telekanallarının yayımı ilə bağlı Ermənistan hökumətinə yüngülcə “göz ağartmaq” istəyib, ona “əndazəni aşmağın” ağır fəsadları barədə xəbərdarlıq edib.

*****

“Rusiya siyasi dairələri son bir neçə ayda Ermənistanda antirus ovqatının artmasından olduqca narahatdır, xüsusən də təkcə iqtidaryönlü dairələrin deyil, müxtəlif hökumət nümayəndələrinin və deputatların da bu işlə məşğul olmasından əndişə keçirir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə İrəvanda nəşr olunan “Past” qəzeti yazıb.

Nəşrin istinad elədiyi mənbə bildirir ki, Ermənistan hakimiyyətinin ən yüksək dairələrinə bu narahatlıq barədə sual etdikdə, onlar bunu Ermənistandaxili siyasi problem kimi qələmə verərək, “çiyinlərini çəkirlər”.

Qəzetin məlumatlarına görə, Rusiya dairələrindəki yeni narahatlıq dalğası yalnızca sosial şəbəkələrin erməni bölümündə deyil, həm də hökumətyönlü mediada açıq antirusiya təbliğatından ibarət müxtəlif materialların dərci ilə əlaqədardır.

“Rusiyanın Ermənistandakı səfirliyi bununla bağlı artıq bir neçə ”kifayət qədər əhatəli analitik material"ı Moskvaya yollayıb. Belə söz-söhbət gəzir ki, yaxın günlərdə Rusiya əleyhinə yeni kampaniya başlayacaq. Eyni mənbələrə görə, narahatlıq eyni zamanda Rusiya televiziya kanallarının bağlanmasını nəzərdə tutan “Audiovizual media haqqında” qanuna görə daha da artıb - nə barədə ki, Rusiya səfirliyi artıq sərt bəyanatla çıxış edib", - deyə qəzet əlavə edib.

*****
Bunu da yada salaq ki, az öncə İrəvanda rusiyalı səfir Sergey Kopırkin öz iqamətgahında Paşinyana müxalifətdə olan siyasi qüvvələrin nümayəndələri, o sırada müxalif deputatlarla görüş keçirmişdi. Onların arasında daşnaklar da var idi. Son hadisələr fonunda isə baş nazir Paşinyan iyunun 24-də Moskvadakı hərbi parada getməkdən imtina elədi. O Paşinyan ki, iqtidarda olduğu iki ildə Moskvaya rəsmi səfər dəvəti almadı, ardınca isə pandemiya bu səfəri qeyri-müəyyən müddətə mümkünsüz elədi.

Beləliklə, ehtimal böyükdür ki, Paşinyan hökumətinin “müstəqilik-müstəqillik” oyunu ona baha başa gələcək. Odur ki, Ermənistanla müharibə vəziyyətində olan ölkə kimi Azərbaycan da hazır olmalıdır...

“Yeni Müsavat
Geri qayıt