İslahatlara güc verəcək yeni istiqamət - TƏHLİL

İslahatlara güc verəcək yeni istiqamət - TƏHLİL Azərbaycan prezidenti İlham Əliyev fevral ayında Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı birinci vitse-prezident təyin etdikdə bunun bir neçə səbəblə əlaqəli olduğu proqnozlaşdırılırdı.
Birincisi, Mehriban Əliyeva Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkənin humanitar həyatında, sosial problemlərin həllində buna qədər də mühüm rol oynayırdı və onun bu statusunu rəsmiləşdirməyə ehtiyac var idi.
İkincisi, prezident öz ətrafındakı komandanı gücləndirməyə qərar verdi. Azərbaycanda islahatların sürətləndirilməsinə və yeni kadrların irəli sürülməsinə ehtiyac yaranıb. Məhz yeni kadrlar islahatların sürətini və istiqamətini müəyyənləşdirilməlidir.
Üçüncüsü, Azərbaycanda insanların sosial və səhiyyə problemlərinin həlli ən aktual məsələlərdəndir. Dövlət başçısı bu sahədə dönüş yaratmaq istəyir. Bu dönüşün yaranmasında birinci vitse-prezidentin üzərinə mühüm vəzifələr düşür.
Beləliklə, Mehriban Əliyeva dövlət idarəetməsində ikinci fiqura çevrilib. Növbəti mərhələdə Mehriban Əliyevanın komandasının formalaşması gəlir və artıq ilk təyinat həyata keçirilib. Birinci vitse-prezident Anar Ələkbərovu özünə köməkçi təyin edib. Anar Ələkbərov Heydər Əliyev Fondunun icraçı direktoru, Heydər Əliyev Mərkəzinin direktorudur. Bu vəzifədə Anar Ələkbərov uzun müddətdir Mehriban Əliyevanın rəhbərliyi altında çalışır.
Misal üçün Anar Ələkbərov Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyinin fəaliyyətini də koordinasiya edir. Təşkilatın əsas məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərməkdir. Təşkilat qarşısında böyük hədəflər qoyulub. Yaxın müddətdə İctimai Birliyin fəaliyyəti ölkənin bütün regionlarını əhatə edəcək, əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilib həlli istiqamətində tədbirlər görəcək. Əslində Anar Ələkbərovun koordinasiya etdiyi təşkilat da dolayısıyla dövlət başçısının və birinci vitse-prezidentin həyata keçirdiyi islahatların tərkib hissəsi sayıla bilər.
Anar Ələkbərov gənc olmasına baxmayaraq bu illərdə özünü peşəkar idarəedici kimi göstərib. O, verilən bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Eyni zamanda özü də təşəbbüskardır. Müxtəlif təşəbbüslərlə çıxış edərək onları yüksək səviyyədə reallaşdırmağa çalışır. Anar Ələkbərovun birinci vitse-prezidentin köməkçisi təyin olunması islahatların tərkib hissəsi sayıla bilər.

Mehriban Əliyevanın ətrafında gənc kadrların toplaşması prezidentə də xeyirlidir. Bununla İlham Əliyev iki məqsədinə çata bilər:

Birincisi, prezident Mehriban Əliyevanın yeni komandasının simasında bəlli sahələrdə islahatlara yeni impuls verə bilər.

İkincisi, Mehriban Əliyevanın kadrları prezident üçün “kadr bankı” rolunu oynaya bilər.

“Hesabat” Araşdırmalar Mərkəzi
Geri qayıt