Qazanılan uğurların təməlində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır

Qazanılan uğurların təməlində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır 15 iyun Azərbaycan xalqının tarixində xüsusi əhəmiyyət kəsb edir. Məhz Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərini təsvir etmək üçün mütləq mənada Onun hakimiyyətinin birinci dövrünə nəzər yetirmək lazımdır.
Məlum olduğu kimi, 1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Respublikamızın inkişafı üçün əhəmiyyətli resurs və potensial mövcud olsa da, onlardan səmərəli surətdə istifadə edilməməsi tənəzzül meyillərinin əsasında dayanan başlıca faktor idi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması ölkəmizin Sovet dövrü tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.
Məlum olduğu kimi, həmin dövrə qədər Azərbaycan SSRİ miqyasında xammal mənbəyi qismində çıxış edən aqrar respublika kimi tanınırdı. Odur ki, ölkəmizin yalnız xammal mənbəyi kimi çıxış etməsi ənənəsini aradan qaldırmaq və davamlı, sürətli inkişafı təmin etmək üçün kompleks səciyyəli strateji islahatlar aparmaq, genişmiqyaslı tədbirlər görmək zəruri idi. Bunun üçünsə ilk növbədə sosial-iqtisadi islahatlar həyata keçirməklə, milli inkişafın maddi bazasını formalaşdırmaq lazım idi. Ulu öndər Heydər Əliyev də məhz bu istiqamətdə fundamental strateji tədbirlər görməklə, davamlı və nizamlı inkişafı təmin etməyi bacardı. Sürətli sənayeləşmə kursu seçildi və qısa zaman kəsiyində sənaye sahəsinin inkişafında mühüm irəliləyişlər qeydə alındı. Ardıcıl surətdə sənaye müəssisələri tikilib istifadəyə verildi ki, bu da davamlı inkişaf konsepsiyasının həyata keçirilməsini təmin edən əsaslardan biri oldu. Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Artıq 1982-ci ildə kənd təsərrüfatı məhsullarının istehsal həcmi ilk dövrlərlə müqayisədə 6 dəfə artırılmışdı ki, bu da aqrar sektorun inkişafı yönündə həyata keçirilən siyasətin səmərəliliyindən xəbər verirdi. Eyni zamanda, Ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə neft sənayesində də tənəzzül meyilləri aradan qaldırıldı və bəhs edilən sahədə ehtiyatlardan səmərəli istifadə etməklə davamlı və nizamlı inkişafın əsası qoyuldu. Nəticə etibarilə, neft hasilatı xeyli artırıldı.
Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər nəticəsində milli ruhun yüksəlişi təmin edilmiş, milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün mühüm zəmin yaranmışdır. Bu baxımdan ümummilli liderin ölkə rəhbərliyinə gəlişindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Görülən tədbirlərin fonunda tənəzzül meyillərinə son qoyuldu və respublikamızın sosial-iqtisadi inkişafına, dirçəlişinə start verildi. Sosial-iqtisadi inkişafın təmin edilməsi mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə də görülən fundamental strateji tədbirlərin uğurluluğunu şərtləndirdi ki, bu da Azərbaycanın keçmiş SSRİ səviyyəsində ən yüksək inkişaf tempinə malik olan respublikaya çevrilməsinin təminatçısı qismində çıxış etdi.
Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Bütün bunların qanunauyğun nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinin nəticələrinə müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli lider Heydər Əliyev qısa bir zamanda Özünün ümummilli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə milli həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Həmin dövrün hadisələri yaddaşlarda olsa da onların daim təkrarlanmasına, gələcək nəsillərə çatdırılmasına böyük ehtiyac var.
Bu da səbəbsiz deyil. Ulu öndər Heydər Əliyev daim çıxışlarında bildirirdi ki, indiki nəsil Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən xəbərsizdir. Onlara həmin dövrün reallıqlarını çatdırmaq, bugünkü inkişafa nail olmaq üçün hansı çətinliklərdən keçildiyini aşılamaq lazımdır. Qazanılan uğurların təməlində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, ondan sonrakı dövrlərdə həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasət dayanır.
Cənab Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu həmin xətti uğurla davam etdirməklə Azərbaycanı ən yüksək zirvələrə yüksəldir. Uğurlarımızın bir-birini əvəzləməsinə baxmayaraq, dövlət başçısı bildirir ki, biz daim irəliyə baxmalıyıq. Azərbaycanın artan iqtisad imkanları, siyasi mövqeyi, beynəlxalq aləmdə nüfuzu daha mühüm uğurlara yol açır.
Bir sözlə, Ulu öndər Heydər Əliyevin “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə sədaqət, Vətən yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” tezisi harda yaşamasından, hansı vəzifədə çalışmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının fəaliyyətinin əsas prinsipinə çevrilməlidir. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, gündən-günə güclənən Azərbaycan qürur mənbəyimizdir.

Tahir Süleymanov

Milli Məclisin sabiq deputatı
Geri qayıt