Azərbaycanda payız gözləntiləri: Referendum və 18 il əvvələ qayıdış

Azərbaycanda payız gözləntiləri: Referendum və 18 il əvvələ qayıdış Qarışıq seçki sisteminin bərpası və çoxpartiyalı parlament formalaşdırılması ehtimalları reallaşacaqmı?..
Uzun müddətdir ki, Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı təkliflər səsləndirilir. Əsasən də Milli Məclisdən kənarda qalan siyasi təşkilatlar hazırkı majoritar seçki sistemi ilə parlamentdə mandat əldə etməyin çətin olduğunu qeyd edirlər. Partiyaların əsas təkliflərindən biri də qarışıq seçki sisteminin olmasıdır – yarı majoritar, yarı proporsional.

Xüsusən də bu il keçirilən növbədənkənar parlament seçkilərindən əvvəl marafona qoşulan və qoşulmayan siyasi qüvvələrin tələblərindən biri seçki mühitinin yaxşılaşması, seçki komissiyalarının tərkibinin dəyişdirilməsi idisə, digəri məhz proporsional və ya qarışıq seçki sisteminin barpası ilə bağlı idi. Partiyalar hesab edirlər ki, bu sistem bərpa olunarsa, deputat yeri qazanmaq şansları çoxalar.

Qeyd edək ki, dünya təcrübəsində seçki sisteminin iki əsas tipi – majoritar və proporsional seçki sistemləri mövcuddur. Bunlardan əlavə, bir sıra ölkələrdə hər iki sistemin ayrı-ayrı ünsürlərini özündə əks etdirən qarışıq seçki sistemi adlanan forma da tətbiq edilir. Azərbaycanda da 2002-ci ilə qədər qarışıq seçki sistemi mövcud olub. Belə ki, 125 deputatın 25-i proporsional, 100-ü majoritar sistem üzrə seçilib. 2002-ci ilin 29 avqustunda keçirilən referendumda qarışıq seçki sistemi ləğv edilib və sırf majoritar sistemə keçilib. Bu sistem hələ də qalmaqdadır.

Görünən odur ki, hökumət yenidən ölkəmizdə qarışıq seçki sisteminə keçməkdə xoş niyyət göstərir. Milli Məclisə bu ilin 9 fevralında keçirilən növbədənkənar seçkilərdən sonra, parlamentdə vəzifələr bölünərkən, azsaylı partiya funksionerləri və müstəqil namizədlər də görəvləndirildilər. Məsələn, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) deputat seçilən Fəzail İbrahimliyə vitse-spiker postu həvalə edildi. Və yaxud da digər siyasi partiya təmsilçilərindən komitə sədrinin müavini olanlar var.

Başqa bir ehtimal da payızda referendum keçiriləcəyi ilə bağlı fikirlərdir. Ehtimallar da ondan qaynaqlanır ki, Prezident İlham Əliyev 6-cı çağırış Milli Məclisin ilk iclasında nitqi zamanı ölkədə olan bütün sağlam siyasi partiyalarla hakimiyyətin əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Bundan sonra Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbəri Ədalət Vəliyev səviyyəsində parlamentdə təmsil olunan və olunmayan partiyaların rəhbərləri ilə görüşlər keçirildi. Siyasi dialoq mühitinin yaranmasına hakimiyyətin maraqlı olması, referendum ehtimallarını bir qədər də gücləndirir.

Maraqlı məqamlardan biri də Milli Məclisin dünən keçirilən iclasında “Parlament müxalifəti” haqqında ayrıca qanunun qəbul edilməsi təklifi oldu. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qeyd etdi ki, bu gün qanunverici orqanın rəhbərliyində ayrı-ayrı siyasi partiyaların nümayəndələri təmsil olunurlar: “Prezident İlham Əliyev bunu yeni siyasi arxitektura kimi təqdim edib. Həqiqətən də bu, digər siyasi qüvvələrin məsuliyyətini artırır, onlara inkişaf etməyə, strukturlaşmağa, parlamentin həyatında daha aktiv iştiraka imkan verir. Sadaladıqlarımı nəzərə alaraq, hesab edirəm ki, “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul edilsə, yaxşı olardı. Orada müxalif parlament üzvlərinin növbədənkənar söz hüququ, hökumətin siyasətinə alternativ qanun layihələri irəli sürmələrinə dair müddəalar yer ala bilər. Xarici ölkələrin təcrübələrində buna rast gəlinir”.

Siyasi müşahidəçilərin qənaətincə, Z.Orucun bu cür açıqlaması da hökumətin digər siyasi qüvvələrlə əməkdaşlıqda, onların parlamentdə daha çox mandat almasında maraqlı olmasına işarədir. Təbii ki, suallar ola bilər, əcaba hökumət bunda maraqlı idisə, o zaman növbədənkənar seçkilərdə müxalifət niya heç olmasa, 30 mandat qazana bilmədi? Bir çox analitiklərin bu suala iki cavabı var: birincisi, ölkədəki müxalifət partiyalarının heç biri nəinki 30, heç 10 deputat ola biləcək namizəd ortaya qoya bilmədi, ikincisi, yenə də qeyd edək ki, ehtimala görə, hazırkı parlament tərkibi keçid üçündür – qarşıda referendum olacaq.

Ekspertlərin, partiya səlahiyyətlilərinin isə məsələyə yanaşması bir qədər fərqlidir. Məsələn, siyasi icmalçı Azər Rəşidoğlu AYNA-ya şərhində Zahid Orucun təklifini anlamadığını deyib. Onun fikrincə, parlament müxalifətinin olması üçün proporsional seçki sisteminin bərpası lazımdır.

“Seçkidə çox səs toplayan partiya hökuməti formalaşdırır. Azlıqda qalan siyasi qüvvə də parlament müxalifəti olur və qanunların qəbulunda fəal iştirak edir. Bizdə hazırda majoritar seçki sistemidir. Həm də problem ondadır ki, real müxalifəti təmsil edən bir nəfər də parlamentdə təmsil olunmayıb. Bu baxımdan, hörmətli Zahid Orucun hansı müxalif qüvvədən söz açdığını anlaya bilmirəm”, - deyən Rəşidoğlu, bununla belə hesab edir ki, bu cür açıqlamalar proporsional seçki sisteminin bərpası istiqamətində mesaj xarakteri daşıya bilər.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə AYNA-ya deyib ki, proporsional seçki sisteminə qayıdış illərdir, səsləndirilsə də, hökumətin bunu bərpa etmək niyyəti görünmür: “Bu sistem müxalifətin Milli Məclisə düşmək şansını artırır. Tək proporsional yox, qarışıq seçki sistemi olsun. Tək majoritar sistem çoxpartiyalılığa ziddir”.

“Parlament müxalifəti” qanunu məsələsinə gəldikdə, VHP funksioneri qeyd edib ki, bunun üçün müxalifətin parlament və ölkə həyatında fəallığı lazımdır: “Bu, ölkə üçün də, müxalifət üçün də, elə iqtidar üçün də vacibdir. Bunun üçün ayrıca “Parlament müxalifəti” qanununa ehtiyac yoxdur. Çünki, qanunlar müxalifətə və ya fərdlərə görə deyil, ümumən dövlət və vətəndaşlar üçün qəbul edilir. Müxalifət ayrı zümrə deyil ki, onun üçün ayrıca qanun olsun. Sadəcə müxalifətin fikirlərinə hörmət etmək, tənqiddən nəticə çıxarıb, əməl etmək kifayətdir. Bunun üçün xüsusi qanun niyə olmalıdır? Parlament hansısa qrupun, bir partiyanın deyil, xalqın, vətəndaşındır”.
Geri qayıt