Deputatlığa namizədlərin qeydə alınması prosesi yanvarın 24-də bitəcək

Deputatlığa namizədlərin qeydə alınması prosesi yanvarın 24-də bitəcək Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin dəqiq sayı yanvarın 24-dək məlum olacaq.

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi müddəti 10 yanvar saat 18:00-da başa çatıb. Seçki Məcəlləsinin 59, 60, 148.1-148.3 maddələrinə əsasən, dairə seçki komissiyaları ( DSK) imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında sənədlər qəbul edildikdən sonra 7 gün müddətində qərar verməlidir. Beləliklə, DSK imza vərəqələrinin və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında ən geci yanvarın 16-dək qərar verməlidir. Əgər şəxsin namizədliyi qeydə alınmayıbsa, o, ən geci 2 gün ərzində yəni, yanvarın 18-dək Mərkəzi Seçki Komissiyasına müraciət etməlidir. MSK 2 gün ərzində, ən geci yanvarın 20-dək müvafiq qərar verməlidir. Şəxs MSK-nın qərarından narazı qalarsa, 2 gün ərzində yəni, ən geci yanvarın 22-dək məhkəməyə müraciət etməlidir. Məhkəmə isə, 2 gün ərzində yəni ən geci yanvarın 24-dək müvafiq qərar qəbul etməlidir. Bu proses başa çatdıqdan sonra isə, seçki bülletenlərinin hazırlanması mərhələsinə start verilir. Başqa sözlə, Seçki Məcəlləsinin 99.4-cü maddəsinə görə, seçki bülletenlərinin hazırlanması Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək təmin edilməlidir.

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar bu müddət 2020-ci il yanvarın 30-dək olan dövrü əhatə edir.
Geri qayıt