Ukrayna prezidentinin Azərbaycan səfəri İrəvanda niyə narahatlıq doğurub? - TƏHLİL

Ukrayna prezidentinin Azərbaycan səfəri İrəvanda niyə narahatlıq doğurub? - TƏHLİL Ukrayna prezidenti Vladimir Zelenskinin Bakıya ilk rəsmi səfəri başa çatdı. İki ənənəvi dost-müttəfiq ölkə arasında münasibətlərin inkişafına bu səfərlə daha bir töhfə, təkan verildi. Xüsusi diqqət çəkən məqam isə Azərbaycan və Ukraynanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində bir-birinin ərazi bütövlüyü və suverenliyini müdafiə eləməsi oldu.

Bununla bağlı “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd edilir ki, Zelenski Bakıda Ukraynanın Qarabağla bağlı mövqeyini dəqiq ifadə edib. “Bakıda hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyi, separatizmi pislədiyi vurğulandı. Ukrayna prezidentinin Bakıda dediyi ”söhbət beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün bərpasından gedir" cümləsi çox şeydən xəbər verir. Bu cümlə Dağlıq Qarabağ münaqişəsində Ukraynanın birmənalı olaraq Azərbaycanın yanında yer aldığını bir daha təsdiq edir. Bu, Zelenskinin Ermənistana da gərəkli mesajı idi", - deyə şərhdə bildirilir.

Təhlildə ikinci önəmli məqam kimi V.Zelenskinin Azərbaycan investisiyalarının artırılmasında marağı göstərilib: “Zelenski Azərbaycanın Ukraynaya investisiyalarını artırmasını istəyir. Kiyev Azərbaycan şirkətlərini Ukraynaya dəvət edir. Ukrayna investisiyaya ac ölkədir və dost Azərbaycana qapılarını açmağa hazırdır. Zelenski geniş özəlləşdirmə proqramını həyata keçirməyə çalışır. Bu bazarda biz də yer tuta bilərik. Kiyev həmçinin Cənub Qaz Dəhlizi layihəsinə də maraq göstərir. Bütövlükdə Zelenskinin Azərbaycana səfərini uğurlu adlandırmaq olar. Ən önəmlisi odur ki, Zelenski keçmiş SSRİ respublikalarından, o cümlədən Gürcüstan və Ermənistandan əvvəl Azərbaycana səfər etdi. Bu, o deməkdir ki, Ukrayna prezidenti postsovet ölkələri ilə əməkdaşlıqda Azərbaycana üstünlük verir. Bu üstünlük iki ölkə arasındakı əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa imkan verir”.

Əlavə edək ki, Ukrayna prezidenti Bakıdan sonra nə Tiflisə, nə də İrəvana getmədi. Bundan qabaq isə qardaş Türkiyədə rəsmi səfərdə olmuşdu. Bu xüsusda səfər Bakı-Ankara ittifaqına və əməkdaşlığına marağın təzahürü də sayıla bilər. Bu da təbiidir. Çünki üç ölkənin bir-biri ilə əməkdaşlığı müstəsna olaraq, beynəlxalq hüquqa və qarşılıqlı maraqlara əsaslanır.

*****

Məlumdur ki, Azərbaycan Ukraynanın tərkib hissəsi saydığı Krımla siyasi-diplomatik əlaqələrə malik deyil. Rəsmi Bakı bu məsələdə Ukraynanın, beynəlxalq birliyin yanındadır. Ermənistan isə öz işğalçılıq siyasətinə sadiq qalaraq, həmişəki kimi beynəlxalq ictimaiyyətin iradəsinə qarşı getməkdədir. Maraqlıdır ki, V.Zelenskinin Bakıda olduğu vaxt İrəvanla Krım arasında birbaşa aviareys açılması haqda xəbər yayılıb. Halbuki 2014-cü ildən sonra yarımadaya üçüncü ölkədən təyyarələr uçmur - Ukraynanın ərazi bütövlüyünə hörmət olaraq.

Yəqin ki, bu qərar Bakı və Kiyevin Dağlıq Qarabağ da daxil, ərazi konfliktləri ilə bağlı yekdil mövqe sərgiləməsinə İrəvanın cavabıdır. Ermənistan narahatdır ki, Qarabağ məsələsində getdikcə daha çox ölkə gerçəyə uyğun ədalətli mövqe tutmaqdadır. Buradaca 2019-cu ilin oktyabrında Qoşulmamaq Hərəkatına üzv dövlətlərin və hökumət başçılarının Bakıda keçirilmiş zirvə toplantısını yada salmaq yerinə düşər.

Həmin toplantıda 120-yə yaxın dövlət (bu, BMT üzvlərinin yarıdan çoxudur) ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən bəyannamə qəbul etdi. Ermənistan birmənalı şəkildə işğalçı kimi damğalandı, habelə Dağlıq Qarabağdakı separatçı rejimlə hər hansı əlaqənin yolverilməzliyi bəyan edildi. Beynəlxalq hüquqa əsaslanan bu sənəd o qədər prinsipial xarakter daşıyır ki, rəsmi İrəvan dərhal narahat olub reaksiya verdi, hətta həyasızcasına 120 dövləti “problemi bilməməkdə”, “danışıqlar prosesinə zərbə vurmaqda” suçladı.

*****

İşğalçı tərəfin təlaşı bununla bitmir. İrəvan həm də ABŞ-ın təzyiqlərinə rəğmən, Türkiyə-Rusiya əlaqələrinin yüksələn xətlə inkişafda olmasından ciddi şəkildə əndişə keçirir. Ermənistanı ilk növbədə rahatsız edən isə günün birində Ankara və Moskvanın Qarabağ məsələsinə də ortaq müdaxilə edə biləcəyi, daha dəqiqi, münaqişəni Azərbaycanın xeyrinə yoluna qoyacağı ilə bağlıdır.

Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda indi az qala, panik səviyyəyə çatıb. Hətta mətbuatda və sosial şəbəkələrdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” hansısa gizli planının olmasından yazılır. Ermənistanın “Aravot” qəzetinin dünənki buraxılışında bu mövzuya geniş yer ayrılıb (axar.az).

Belə ki, qəzet Ermənistan hakim dairələrində olan etibarlı mənbələrinə istinadən bildirir ki, Moskva-Ankara münasibətləri pik nöqtəyə yaxınlaşır: “Artıq buna nə ABŞ, nə də digər Qərb ölkələri mane ola bilir. S-400 məsələsində Ərdoğan öz prinsipiallığını hamıya göstərməyi bacardı. Amma S-400 aysberqin görünən hissəsidir. Əslində ən böyük razılaşmalar hələ su altında qalır. Bura yaxın vaxtlarda Ankaranın Rusiya istehsalı olan müasir Su-35 və Su-57 təyyarələrini əldə etməsini, Kremlin köməkliyi ilə türk kosmik proqramının başlamasını və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini də əlavə etmək olar”.

“Aravot”a müsahibə verən erməni ekspert Ayk Qabrelyan bununla bağlı danışarkən deyib ki, Türkiyə ABŞ tərəfindən böyük basqıya baxmayaraq, Rusiyanın maraqları çərçivəsində hərəkətini davam etdirir. “Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacağıq. Əlbəttə, bu, Türkiyə və Rusiyaya əlavə sanksiyalar ilə nəticələnəcək. Amma elə görünür ki, bu, Ankara və Moskvanı çox da narahat etmir”, - deyə Qabrelyan qeyd edib.

*****

Əslində İrəvanın ən qorxulu röyası Bakı-Moskva-Ankara geosiyasi üçbucağının formalaşa bilməsindən yanadır. Artıq “üçbucağın” tərəfləri hazırdır. Bu prosesə isə Azərbaycan Moskva və Ankaranı bir-birinə daha da yaxınlaşdırmaqla məxsusi töhfə verməkdədir. Eyni zamanda Azərbaycan-Rusiya münasibətləri heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İki qonşu ölkə birgə iqtisadi, nəqliyyat-logistika layihələrini uğurla davam etdirir.

Təkcə bir fakt: cari il ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 26% artıb ki, bu da heç bir postsovet ölkəsi ilə münasibətlərdə qeydə alınmayıb. Ermənistan isə Rusiyanın forpostu olsa da, onunla quru əlaqədən və dünya okeanına çıxışdan məhrum olması və blokada rejimində qalması səbəbilə “izqoy ölkə” taleyini yaşamaqdadır. Həm bu reallıq, həm də Azərbaycanın Rusiyadan ötrü artan strateji önəmi fonunda sözsüz ki, Qarabağ məsələsində Bakının Moskva yanında söz sahibliyi güclənməkdədir. Ankaranın Moskvaya artan təsir imkanlarını da ciddiyə alsaq, işğalçı tərəfin əndişəsi daha anlaşıqlı görünər...
“Yeni Müsavat”
Geri qayıt