Paşinyanın sonu çatır - baş nazirin yeni planı

Paşinyanın sonu çatır - baş nazirin yeni planı Rəy sorğularına görə, hökumətin reytinqi düşməkdə davam edir; Paşinyan hakimiyyətinin ömrünü uzatmaq üçün yarım-prezidentli idarəçiliyə qayıda bilər - Sərkisyan fəndinə qayıdış?..
Ermənistan rəhbəri Nikol Paşinyan indi də ümidlərini yeni, 2020-ci ilə bağlayıb. İşğalçı ölkədən gələn son xəbərlərdən belə qənaət hasil olur ki, “məxməri” baş nazir gələn il də ermənilər öz populist vədləri və bəyanatları ilə darıxmağa qoymayacaq.

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, bu günlərdə o, bəyan edib ki, təzə ilin ilk günündən ticarət fəaliyyətinin dövriyyəsindən asılı olmayaraq, ölkənin nəzarət-kassa aparatlarında çek vurmayanlar bağışlanmayacaq. Onun sözlərinə görə, çekin vurulmaması əsgərdən oğurluq kimi qiymətləndiriləcək və münasibət də buna adekvat olacaq.

Anlaşılandır. Xaricdən ölkə iqtisadiyyatı üçün böyük sərmayələr cəlb edə bilməyən baş nazir korrupsiya ilə, vergidən yayınma ilə mübarizə adı altında bu cür yollarla dəlmə-deşik büdcəni doldurmağa ümid edir. Buna deyərlər, “iynə ilə gor qazmaq”.

*****

Paşinyan eyni zamanda, Yeni il günlərində ermənilərin yaxşı şənlənməsinin və problemləri heç olmasa, bir müddət unutmasının da qayğısına qalmaq fikirindədir. Belə ki, özünün facebook səhifəsində “2020 - Ermənistan sakinləri üçün müstəsna il olacaq” yazan baş nazir hamını 31 dekabrda Respublika meydanına, şənlənməyə çağırıb.

Onun Yeni il tədbirlərinin təmtəraqla keçirilməsi barədə verdiyi qərar isə ölkədə narazılığa səbəb olub. Belə ki, Paşinyan İrəvanda Yeni il tədbirlərinin təşkili üçün kasad büdcədən 270 milyon dram (562 min dollar) ayırıb. Bu isə Ermənistan KİV və sosial şəbəkələrdə tənqid hədəfi olub. Öz növbəsində Paşinyan külli miqdarda pulun ayrılmasını Yeni ili xaricdə keçirən erməniləri və turistləri ölkəyə cəlb etmək məqsədi ilə əsaslandırmağa çalşıb.

Bu da hamısı deyil. Baş nazir bildirib ki, Yeni il mahnısı yazmağı tapşırıb və həmin mahnı “Jingle bells” kimi populyarlaşana qədər bu proses davam edəcək. “Mənə dedilər ki, artıq bir yeni il mahnısı bəstələnib” - deyən baş nazirin tədbirlər planı çərçivəsində verdiyi bu tapşırıq da birmənalı qarşılanmayıb. Onun ölkə üçün önəmli tədbirləri görməkdənsə, vaxtını bu cür işlərə sərf etməsi qəbuledilməz hal kimi dəyərləndirilib.

Yəni yenə quru vədlər, əhalinin başını qatmaq üçün şou xarakterli gedişlər. Amma ermənilərı tamaşa yox, çörək lazımdır...

Qeyd edək ki, bu, Nikol Paşinyanın baş nazir qismində 2-ci Yeni ili olacaq. Ola bilsin, bu postda həm də sonuncu. Çünki onun iqtidarda olduğu 1 il 7 ayda Ermənistan iqtisadi sferada sanballı nəticəyə nail olmayıb. Ölkədə hələ də yoxsulluğun səviyyəsi yüksək olaraq qalır, iş yerləri çatmır, xaricə kütləvi köç davam edir, iri xarici sərmayələri ölkəyə cəlb eləmək mümkün olmayıb. Qarabağ münaqişəsi, blokada rejimi də ki, öz yerində.

*****

Bu arada Nikol Paşinyan və komandasının reytinqi azalmaqda davam edir. Belə ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda keçirdiyi növbəti rəy sorğusunun nəticələrinə əsasən, Ermənistanda əsas narazılıq yeni iş yerlərinin yaradılmaması və sosial-iqtisadi problemlərin həll edilməməsin ilə bağlıdır. Bu mövqedə olanların sayının artdığı qeyd olunub. Həmçinin hökumətin pis idarəçiliyindən şikayətlənənlərin sayı çoxalıb.

Seçki mövzusunda da respondentlərdən soruşulub. Məlum olub ki, parlamentdə N.Paşinyana bağlı “Mənim addımım” Blokunun səs faizlərində 4% geriləmə var. Bloku dəstəkləyənlər indi əhalinin 55%-ni təşkil edir. Respondentlərin 59%-i Respublikaçılar Partiyasına (devrilmiş Serj Sərksiyanın partiyası), 17% -i isə Daşnaksütyun Partiyasına heç vaxt səs verməyəcəyini söyləyib. Sorğuda respondentlərin 19% -i “Çiçəklənən Ermənistan”, 6% -i Lusavor Hayastan (“Maariflənən Ermənistan”) partiyalarına üstünlük verdiklərini qeyd ediblər.

Bundan əlavə, baş nazirin ofisinin fəaliyyətinin ötən aylarla müqayisədə hiss olunacaq səviyyədə aşağı düşdüyü bildirilib.

*****

Təbii ki, ictimai rəydəki bu enmələr inqilabçı baş naziri narahat etməyə bilməz. Məlumatlara görə, o, hətta hakimiyyətinin ömrünü uzatmaq üçün gələcəyə planlar qurur. Məsələn, “Yeni Müsavat”ın “Past” erməni nəşrinə istinadən verdiyi məlumata görə, 2020-ci ildə hökumət konstitusiya dəyişiklikləri üçün komissiya yaratmaq niyyətindədir.

Qəzet yazır: “Gələn ilin fevralında hökumətin konstitusiya dəyişiklikləri il bağlı komissiya yaratmaq və müvafiq referendum keçirmək niyyəti haqda son vaxtlar çox danışılır. Bunu hökumətdəki mənbələr də təsdiqləyir”.

Nəşr bununla bağlı təfərrüatı da yazıb. “Xəbərlərə görə, hakimiyyət yaradılacaq komissiyanın tərkibinə konstitusiya hüququ üzrə müstəsna olaraq, özünə sadiq hüquqşünasları və mütəxəssisləri cəlb edəcək. Məlumat var ki, hökumət yeni konstitusiya ilə yarım-prezidentli idarəçilik modelinə qayıtmaq fikrindədir” - qəzet yazır.

Bəs niyə yarım-prezidentli idarə? Nəşr bunu belə izah edir: “Məsələ ondadır ki, Nikol Paşinyan anlayır ki, parlamentdəki indiki üstünlüyə çox arxayın ola bilməz (baş naziri məhz parlament seçir, prezidenti isə xalq - ”YM")".

Yəni heç kim zəmanət verə bilməz ki, günün birində parlament Paşinyanı geri çağırıb başqasını baş nazir etməyəcək. Ancaq nəşrin qaynağının iddiasına görə, konstitusiya dəyişiklikləri ilə bağlı referendum tezliklə keçirilməyəcək: “Hazırlıq işləri uzanacaq, referendum isə Nikol Paşinyanın idarəçilik müddətinin sonuna yaxın olacaq”.

*****

İstənilən halda, belə çıxır ki, Paşinyan kütlənin təzyiqi altında hakimiyyətdən devirdiyi Serj Sərkisyanın vaxtilə yararlandığı fəndə qayıtmaq niyyətindədir - hansı ki, məhz prezidentlikdən baş nazirliyə keçidi reallaşdırandan sonra hakimiyyətini itirmişdi. İndi isə geriyə - prezidentli idarəçiliyə qayıdış nəzərdə tutulur, amma hədəf yenə eynidir - hakimiyyətin ömrünü uzatmaq. Alınacaqmı?

Heç şübhəsiz, fevrala kimi reytinqi daha da azalacaq Nikol Paşinyanın bu addımı cəmiyyətdə qıcığı və etirazı bir az da artıracaq. Ən əvvəl də o səbəbə ki, sosial-iqtisadi problemlər ona qədər də ağır olacaq qalacaq. Azərbaycan isə fevralda seçki zolağından tam çıxacaq və Qarabağ məsələsində hərbi variant da daxil, daha sərbəst manevr imkanları əldə edəcək...
Geri qayıt