Ermənistanın rəsmi şəxsləri Azərbaycana gəlir

Ermənistanın rəsmi şəxsləri Azərbaycana gəlir Ermənistanın Baş Naziri Nikol Paşinyanın göstərişi ilə bu ölkənin rəsmi şəxslərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Unikal.org aysor.am-a istinadən xəbər verir ki, Ermənistan nümayəndə heyəti dekabrın 6-da Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak edəcəklər.

Nümayəndə heyətinin tərkibinə Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin şöbə müdiri Arman Karapetyan və Ermənistan Xarici İşlər Nazirliyinin əməkdaşı Artem Aznauryan daxildirlər.

Qeyd edək ki, TRACECA – MDB-yə göstərilən texniki yardım (TASIS) çərçivəsində xüsusi bir layihədir. O, Avropa İttifaqının dəstəyi ilə həyata keçirilir. Layihə 1993-cü ilin may ayında Brüsseldə keçirilən konfransda 8 ölkənin (5 Mərkəzi Asiya, Qazaxıstan və 3 Cənubi Qafqaz respublikası) iştirakı ilə qəbul edilib.
Geri qayıt