Paşinyandan Bakıya təklif və acı etiraf: - “Münaqişə çözülmədən...”

Paşinyandan Bakıya təklif və acı etiraf: - “Münaqişə çözülmədən...” Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ probleminin münaqişəsinin bütün tərəfləri üçün məqbul olan variant üzərində işə başlamağı təklif edib. Bu barədə o, Rusiya mediasına müsahibəsində bildirib. O, konfliktin həllinin Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritet olduğunu söyləyib.

Paşinyanın sözlərinə görə, onun Qarabağ məsələsinə yanaşması Ermənistanın əvvəlki prezidentlərinin mövqelərindən fərqlənir. “Əgər bir həll yolundan danışırıqsa, davamlı sülh və sabitlik istəyiriksə, üç xalq üçün məqbul bir həll tapmalıyıq. Əgər Azərbaycan prezidenti eyni bəyanatı versə, bu, danışıqlar prosesində həqiqi bir irəliləyiş əldə etmək şansımızın olacağını göstərir”, - deyə o Rusiya KİV-ə bildirib və ardınca Azərbaycan tərəfini “üç tərəf” üçün məqbul bir həll variantı üzərində işləməyə dəvət edib. Onun fikrincə, indiyədək hamı üçün məqbul olan variantlar olmayıb.

*****

Əslində Paşinyan bu yerdə blef edir. Çünki 1998-ci ildə, Paşinyanın vaxtilə komandasında olduğu eks-prezident Levon Ter-Petrosyanın dönəmində hər iki münaqişə tərəfi üçün məqbul olan mərhələli həll variantı, demək olar, İrəvan və Bakı arasında razılaşdırılmışdı (plana əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun statusu sonraya saxlanılır, ətraf rayonlar boşaldılır, sərhədlər və kommunikasiyalara açılır). O vaxt Ter-Petrosyan özünün aşağıdakı məşhur ifadəsini işlətmişdi: “Əgər bu gün bizə təklif ediləni götürməsək, sabah yalvaracağıq, çünki Azərbaycan güclənəcək”.

Lakin o vaxt problemin hər hansı şəkildə çözümündə maraqlı olmayan Moskvanın əli ilə Ter-Petrosyan iqtidardan devrildi və Robert Köçəryan başda olmaqla, “Qarabağ klanı”nı hakimiyyəti ələ keçirdi. Bununla da anlaşma pozuldu. Odur ki, yaxşı olar, Nikol öncə öz yaddaşını bir azca silkələsin və müəllimi Ter-Petrosyanın Qarabağla bağlı, Ermənistan üçün hələ ki yeganə məqbul həll modelini yada salsın. Necə deyərlər, “Köhnə bazara təzə nırx” qoymağa cəhd eləməsin.

Bunu onun sələfləri - “səhra komandirləri” Serj Sərkisyan və Robert Köçəryan 20 ildə bacarmayıbsa, Azərbaycanı təslimçi sülhə sürükləmək mümkün olmayıbsa, Paşinyan heç bacarmaz. “Dağlıq Qarabağ xalqı” absurdunu da Paşinyan nə qədər tez unutsa, bir o qədər öz xalqı üçün yaxşı olar. Azərbaycan prezidenti İlham Əliyevin “Valday” forumunda dediyi kimi, “Dağlıq Qarabağ xalqı” anlayışı yoxdur: “Dağlıq Qarabağın əhalisi anlayışı var - hansı ki, konfliktədək eyni hüquqlara malik azərbaycanlı və erməni kəsimlərindən ibarət olub”.

Azərbaycan üçün məqbul həll variantına gəlincə, İlham Əliyev çıxışında bildirmişdi ki, bu variant Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkünlərin doğma yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmasından ibarətdir: “Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”.

*****

Bu da Paşinyanın dediyi kimi, həll variantı “Azərbaycanı da qane etməlidir” tezisinə rəsmi Bakının cavabı. Bura Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə ən yüksək səviyyədə muxtariyyət və özünü idarəetmə vədini də əlavə eləsək, Paşinyanın təklifinə Bakının susqunluğu barədə iddiasına yer qalmır.

O ki qaldı konfliktin həllinin Ermənistanın təhlükəsizliyi və ölkənin gələcəyini təmin etmək baxımından prioritet olduğu barədə inqilabçı baş nazirin söylədiyinə, bu həqiqətın də belədir: gerçəkdən də Qarabağ ixtilafı həll olunmadan Ermənistanın gələcəyi yoxdur. Azərbaycanın isə var. Çünki işğalçı ölkədən fərqli olaraq, o, zəngin və böyük ölkədir, uğurlu coğrafi mövqeyə, dünya okeanına çıxışa malikdir və blokada rejimində deyil. Ermənistanın isə 4 qonşudan iki əsası ilə - Türkiyə və Azərbaycanla sərhədi bağlıdır.

Son məqamı əslində Paşinyanın acı etirafı da saymaq olar. Pozitiv haldır ki, artıq o da əmin olmağa başlayıb ki, Qarabağ məsələsində real irəliləyiş olmadan, Azərbaycan və Türkiyə ilə əlaqələr normala salınmadan Ermənistanda köklü islahatlar da xülya olaraq qalacaq. “Dağlıq Qarabağ Ermənistanındır” tipli xülyalar kimi...

*****

Maraqlıdır ki, erməni baş nazirin Bakıya Qarabağ təklifi etdiyi gündə Azərbaycan işğal olunmuş ərazilərə səyahət etmək istəyən xarici ölkə vətəndaşlarına xəbərdarlıq edib. Xəbərdarlıqda qeyd olunur ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın hərbi birləşmələri tərəfindən işğal olunub. Bu hərbi təcavüz nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayon işğal altında saxlanılır.

“Azərbaycan dövləti Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərə səfər etmək istəyən bütün xarici ölkə vətəndaşlarına xatırladır ki, Ermənistanın hərbi birləşmələri tərəfindən davam edən işğal səbəbindən həmin ərazilər müvəqqəti olaraq Azərbaycanın nəzarəti xaricindədir. Azərbaycan Respublikasının razılığı olmadan beynəlxalq səviyyədə Azərbaycanın tərkib hissəsi kimi tanınan yuxarıda qeyd edilmiş ərazilərə hər hansı səfər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün, milli qanunvericiliyin, həmçinin beynəlxalq norma və prinsiplərin pozulması hesab edilir. Azərbaycan dövləti bütün xarici ölkə vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərinə səfərdən çəkinməyə çağırır. Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək istəyən xarici vətəndaşlar, o cümlədən jurnalistlər Azərbaycan XİN-ə müraciət etməlidirlər. Azərbaycan dövlətinin icazəsi olmadan işğal olunmuş ərazilərə səyahət edən şəxslər arzuolunmaz şəxslər siyahısına daxil ediləcək və Azərbaycan Respublikası ərazisinə buraxılmayacaqlar”, - deyə xəbərdarlıqda bildirilir.

Rəsmi Bakının bu xəbərdarlığını Paşinyanın Qarabağla bağlı son təklifinə diplomatik cavabla yanaşı, İrəvana da xəbərdarlıq mesajı saymaq lazım gəlir. Azərbaycanın işğalla heç vaxt barışmayacağı haqda mesaj...
“Yeni Müsavat”
Geri qayıt