Bakı zirvəsi İrəvanı qorxutdu - 4 səbəb, biri müharibə

Bakı zirvəsi İrəvanı qorxutdu - 4 səbəb, biri müharibə Qoşulmama Hərəkatının ötən həftəsonu Bakıda keçirilmiş, BMT Baş Assambleyası prezidentinin də qatıldığı XVIII Zirvə Görüşündə qəbul edilən yekun bəyannamə, gözlənildiyi kimi, İrəvanda şok effekti və isterika yaradıb. Ermənistan XİN-in ali toplantı ilə bağlı yaydığı xüsusi bəyanat buna sübutdur.

“Yeni Müsavat”ın erməni mediasına istinadən verdiyi məlumatına görə, bəyanatda öncə təşkilata rəhbərliyə başlamış Azərbaycan qurum üzvü kimi “növbəti dəfə öz səlahiyyətlərindən sui-istifadə”də suçlanır və Bakı yekun sənədə “Qarabağla bağlı gerçəyi təhrif edən və olduqca subyektiv tezisləri salmaqda” ittiham olunur. Ardınca təşkilat üzvləri Ermənistana qarşı “xoş olmayan məram sərgiləmək”də günahlandırılır.

“Ermənistan təəssüf edir ki, Dağlıq Qarabağla bağlı yekun bəyannamədə yer alan ifadələr Qoşulmama Hərəkatının təməlində duran prinsiplərə ziddir. Onlar (üzv ölkələr - ”YM") həmçinin ATƏT-in Minsk Qrupunun - problemin həlli üçün yeganə mandatı olan bir qurumun himayəsi altında aparılan dinc nizamlama prosesinə sadiq olmadıqlarını nümayiş etdirdilər. Ermənistan “Arsax xalqı”nın (dırnaqlar bizimdir - “YM”) öz siyasi statusunu sərbəst şəkildə müəyyən eləmək hüququnu qətiyyətlə müdafiə edir və Qoşulmama Hərəkatına üzv dövlətləri danışıqlara qarşı hörmət və məsuliyyət göstərməyə çağırır. Ermənistan “Arsax”ın təhlükəsizlik təminatçısıdır", - deyə XİN-in açıqlamasında qeyd olunur.

*****

Bəyanatdan göründüyü kimi, rəsmi İrəvan qurumun Bakı toplantısı və bu toplantı çərçivəsində qəbul olunan, Qarabağ məsələsi ilə də bağlı olduqca obyektiv, sırf beynəlxalq hüquqa əsaslanan bəndlərin yer aldığı, ələlxüsus, Ermənistanın işğalçı kimi tanındığı və işğal altındakı ərazidə yaradılan qanunsuz qurumun heç vaxt heç bir üzv ölkə tərəfindən tanınmayacağı, güc yolu ilə sərhədləri dəyişməyin yolverilməzliyinin, Azərbaycanın ərazi bütövlüyünə birmənalı dəstəyin əks olunduğu sənəddən bərk narahatdır. Bu da məntiqlidir.

Əvvəla, ona görə ki, dünya əhalisinin 55%-ni əhatə edən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyanın 2-ci ən böyük təşkilatıdır və sıralarında 120-yə yaxın dövləti birləşdirir (dünyada 223 dövlət var). Bu, o deməkdir ki, BMT-də Qarabağla bağlı səsvermələr zamanı da böyük əksəriyyət daim Azərbaycanın haqq işini müdafiə edəcək. Bundan əlavə, Hərəkata qoşulmamış bir çox dövlətlər də ölkəmizin suverenliyi və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir.

İkincisi, Bakı Bəyannaməsinə səs verənlər arasında işğalçı ölkənin özünə yeganə “nəfəslik” və simsar saydığı qonşu İran da var ki, bu da İrəvanı təlaşlandırmaya bilməz. Hər necə olmasa, Tehran səs verdiyi sənədlərə sayğılı olmaq zorundadır. Ümumiyyətlə, İranın yüksək çinli rəsmiləri və ali rütbəli hərbçilərinin (xarici işlər naziri, Baş Qərargah rəisi) son bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunması təqdir olunmaya bilməz.

Üçüncü bir tərəfdən, düşmən tərəfi rahatsız edən təbii ki, həm də Azərbaycanın qarşıdakı 3 ildə (2019-2022) quruma sədrlik eləməsi ilə bağlıdır. Aydındır ki, bu illər Qarabağ ixtilafının dinc, yoxsa müharibə yolu ilə həlli baxımından kritik dövr olacaq və Bakı heç şübhəsiz, bu yöndə öz sədrliyindən maksimum yararlanacaq.

Nəhayət, İrəvanı isterikaya salan odur ki, Qoşulmama Hərəkatının Qarabağla bağlı rəsmi mövqeyi işğalçı ölkənin Minsk Qrupu prosesi çərçivəsində öz xeyrinə manipulyasiya imkanlarını daraldır. Sirr deyil ki, mövcud olduğu 25 il ərzində bu vasitəçilik institutu özünü doğrultmayıb. Minsk Qrupu üçlüyü konfliktin ədalətli həllində real heç bir real iş görməyib. Bu, azmış kimi faktiki, işğalçıya gizli rəğbət bəsləyir, ən yaxşı halda “ikili standart” yanaşması sərgiləyir. Bu üzdən danışıqlar formatının dəyişdirilməsi istisna edilmir. Minsk prosesi isə İrəvana tamamilə əl verir. Heç bir cəza, sanksiya görməyən Ermənistan işğal rejimini və status-kvonu onun vasitəsilə uzada bilir.

*****

Yazı hazırlanarkən məlum oldu ki, Azərbaycan XİN-i də bəyanat yayıb. Bəyanatda deyilir: “Bakıda keçirilən Qoşulmama Hərəkatının Zirvə görüşünün Yekun Sənədi və bu yüksək səviyyəli tədbirdə iştirak edən 159 nümayəndə heyəti birmənalı şəkildə Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan qəti mövqeyini təsdiq etdi. Belə ki, bu mövqe bundan öncə də Qoşulmama Hərəkatının münaqişə ilə bağlı mövcud olan çağırışını təkrar edərək, bu məsələdə daha irəli addım atıldı və ”güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyi vurğulanır və təsdiq edilir ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq və bu ərazilərdə iqtisadi fəaliyyət də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcəklər" müddəası yekdilliklə qəbul edildi.

BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum dörd qətnamələrində Azərbaycan ərazilərinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması ilə bağlı əks olunan mövqe, beynəlxalq təşkilatların bu xüsusda qəbul etdikləri digər çoxsaylı qərar və qətnamələrə əlavə olaraq, Ermənistanın siyasətinin işğalçı mahiyyəti növbəti dəfə və dünya ictimaiyyətinin üçdə ikisini təşkil edən Qoşulmama Hərəkatı tərəfindən tanındı.

Beynəlxalq hüququn norma və prinsiplərini, eləcə də Qoşulmama Hərəkatının təməl prinsiplərini kobudcasına pozaraq Azərbaycana qarşı qanunsuz zor tətbiq edən və ölkənin ərazi bütövlüyünü pozan, hazırda Azərbaycanın ərazilərinin 1/5-ni hərbi işğal altında saxlayaraq bu ərazilərinin yerli azərbaycanlı əhalisinə qarşı qanlı etnik təmizləmə həyata keçirən, Xocalı soyqırımı kimi mülki əhaliyə qarşı qətliamı törədən və hazırda öz destruktiv mövqeyi və anneksiya siyasəti ilə münaqişənin danışıqlar yolu ilə həllinə maneə törədən Ermənistanın nə beynəlxalq hüquqdan, nə də sülh prosesi öhdəliyindən danışmağa haqqı var.

Digər beynəlxalq təşkilatlarda olduğu kimi, Qoşulmama Hərəkatının da mövqeyi məhz beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, ATƏT-in Helsinki Yekun Aktına, Hərəkatın təməlini təşkil edən Bandunq prinsiplərinə əsaslanır. Belə ki, bütün hallarda qanunsuz güc tətbiqi, ölkələrinin beynəlxalq tanınmış sərhədlərinin və ərazi bütövlüyünün pozulması qəti şəkildə pislənilir. Təcavüzkar siyasəti ilə bölgədə sülh və təhlükəsizliyə təhdid törədən Ermənistanın iddia etdiyi kimi, “təhlükəsizlik təminatçısı” qismində çıxış etməsi üçün ilk növbədə ərazi iddialarına son verməsi və mövcud təhlükəsizlik mühitini dərk etməsi gərəkdir. Yalnız Azərbaycan hökuməti və ölkənin konstitusiyası dövlətin ərazisində yaşayan bütün əhalinin, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin əhalisinin təhlükəsizlik təminatçısıdır və bundan sonra da belə olacaqdır".

Əlavə edək ki, bunu elə rəsmi Bakının İrəvana operativ cavabı da saymaq olar.
“Yeni Müsavat”
Geri qayıt