"Oktyabr inqilabı” Aİ ilə sazişi və Əliyevin islahatlarını tormozladı? - Maydan presedenti...

"Oktyabr inqilabı” Aİ ilə sazişi və Əliyevin islahatlarını tormozladı? - Maydan presedenti... Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç Avropa Birliyinə kredit üçün müraciət edəndə qurum bu maliyyəni ayırmaqdan imtina etmişdi.
O zaman rusiyalı həmkarı Vladimir Putin 1 milyard yardım dəstək verəndə Qərb Kiyevin mərkəzində “Maydan” təşkil elədi.
Ölkənin liberalları, qlobalistləri, anti-Putinçiləri Avropa Birliyinin və Avropa İttifaqının bayraqları ilə Kiyevin buzlu-şaxtalı, qarlı meydanlarına çıxmışdılar, Ruslanadan tutmuş Kliçkoya qədər hərəkata qoşulanlar varıydı, məşhur senator Con Makkeyn etirazçılara hamburqer paylayırdı.
Bu, Ukraynanın azadlığı uğrunda mübarizə deyildi, Yanukoviçin geostrateji seçimi ilə bağlı beynəlxalq güclərin “pullu inqilabıydı”.
Nə baş verdi? - Yanukoviçə kredit ayırmayan, onu Putinə möhtac qoyan Qərb qanuni seçilmiş prezidenti devirməyə nail oldu, Moskvaya sığınmağa vadar elədi, əvəzində ölkə parçalandı, müharibələr, separatizm alovlandı, Krımın ilhaqına qədər böhran dərinləşdi.
Bu gün də Ukraynada siyasi sabitlik yoxdur; torpaqlar itirilib, Qərb və ABŞ isə hələ də ölkəyə lazımi maliyyə dəstəyi ayırmır, “tortun yağlı yeri”, yəni Krım Rusiyadadır, nə üçün - Yanukoviçin strateji seçiminə görə...
Dost ölkədəki bu siyasi dərslik və arxi-aktual hadisələr günümüz üçün çox əhəmiyyətlidir. Nədən ki, siyasi şərhçilər də həyəcanla bağırırdılar, Azərbaycan gec-tez strateji seçimini etməli olacaq. Xüsusi ilə ekspert Sülhəddin Əkbərin təhlilləri düşünməyə çağrırdı. Ya - Avropa İttifaqı ilə assosiativ saziş imzalanmalıdır, hansı ki mayda gözləntilər gerçəkləşmədi, ya da Avrasiya İttifaqına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmalıyıq.
Hökumət rəsmiləri isə belə bir dilemma qarşısında olmadığımıza ictimaiyyəti inandırmağa çalışırdılar. Buyurun, vaxt-vədə yetişib!
Anaxeber.info yazır ki, oktyabrın 19-da, Bakının mərkəzində baş verənlər, qarşıdurma və toqquşmalar iqtidar-müxalifət, xalq-hakimiyyət mübarizəsindən daha çox, ölkənin strateji seçim etməsi müstəvisində döyüş poliqonuydu.
Bu eyforiya, ajiotaj, isterik və idarə olunan nümayişlərdə bir cinahın marağı varıydı - payızda gözlənilən Aİ ilə assosiativ sazişin imzalanması növbəti dəfə ertələnsin.
İlin sonuna qədər bu sənədin imzalanacağı bəyan edilmişdi. Təxminən, 2 aydan bir az çox vaxt qalırdı və ölkənin Avroatlantik məkana inteqrasiyası, real siyasi-iqtisadi islahatların həyata keçirilməsi üçün açar rolunu oynayan bu sənədin imzalanması məhz Yanukoviç kimi Azərbaycandakı anti-Qərb dairələrin maraqları nəticəsində yubanacaq.
Ölkədə anti-demokratik bir mənzərə yaradılması, etirazların zorla yatırılması, həbslər, polis bölmələrindən işgəncə xəbərlərinin gəlməsi Avropa İttifaqını bəyanat yaymağa təhrik elədi.
Avropa İttifaqının hakimiyyəti sərbəst toplaşma azadlığını təmin etməyə, tutulanları buraxmağa çağırışı Moskvanın “5-ci kolon”un ehtimal ssenarilərindən və proyektlərindən biriydi.
Beləliklə, Avropa İttifaqı ilə sazişin imzalanması bir müddət gecikəcək. Bu da iqtidar daxilindəki ruspərəstlərin, anti-islahatçı qrupların çörəyin yağ çəkdi. Əslində, baş verənlər Kremlin Azərbaycandakı qvardiyasının prezidentə qarşı təxribatıydı.
Mitinqdən bir neçə gün qabaq keçirdiyi müşavirədə dövlət başçısının açıq şəkildə hakimiyyət daxilində islahatlara qarşı gedənlərin olduğunu söyləməsi, hətta həmin qüvvələrin nəzarətindəki mətbuatın əli ilə yeni təyin edilən nazirlər əleyhinə kampaniya apardıldığını bəyan eləməsi havadan asılı qalan ismarışlar deyildi.
Ardınca “kürkünə birə düşən” həmin güclərin 19 oktyabr mitinqindəki mənzərəyə nail olması Bakı ilə Qərb arasında əlaqələrə ağır bir zərbə vurmuş oldu.
Xüsusən də Milli Şura üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin diplomatlarla olan səsini yaymaq ciddi siyasi xətaydı.
Belə bir skandalı ört-basdır etmək üçün audio səsin KİV-dən yığışdırılması məsələnin yoluna qoyulması kimi dəyərləndirilə bilməz. Çünki biabırçı bir siyasi səhviydi. Axı ABŞ səfirliyinin rəsmisinin və Aİ komissarının adi telefon danışığını necə yaymaq olar? Hansı qüvvələr supergüclərə əlcək atırdı? Prezidentə qarşı bu prvokasiyanın təşkili kimin ağlına gəlmişdi?
Faktiki olaraq, prezidentin Qərblə əlaqələrinə kölgə salmaq, Aİ ilə sazişin bağlanmasına mane olmaq, prosesləri islahatların intensivləşməsinə, kadr dəyişikliklərinin tormozlanmasına gətirib çıxarmaq birbaşa İlham Əliyevə olan xəyanət idi.
Heç bir ehtiyac olmadığı halda AXCP sədri Əli Kərimlinin başını əyərək, qolunu buraraq polis maşınına mindirmək, döymək, sonra başına 6 tikiş qoymaq, metro və yolları bağlamaq, mitinq olan ərazidə interneti kəsmək, şəhərdə az qalan fövqəladə vəziyyət yaratmaq, iqtidar üçün bir o qədər təhlükəli olmayan aksiyada kütləvi həbslərə getmək məhz ölkəni Rusiyanın orbitində görmək istəyənlərin maraqlarına xidmət elədi.
O baxımdan 19 oktyabr hadisəsi və diplomatlarla olan söhbətin səs yazısının yayılması Ukraynada olduğu kimi, Azərbaycanda da geostrateji seçimlə bağlı panoramanı açmış oldu: bir yandan guya ABŞ buranı qarışdırmaq istəyir, bir tərəfdən Aİ hakimiyyət əleyhinə sərt bəyanatla çıxış edərək münasibətlər gərginləşir, ən mühüm detal isə prezidentin apardığı gerçək islahatların qarşısını almağa cəhd edilir.
Bu qüvvələr kimlərdir? - hər şey göz qarşısındadır, onlar bir-bir vəzifələrdən azad olunurlar, dayaqları zəifləyir, prezident qocalarla işləmək istəmir. Bu güclər isə son akkordlarını da vurmağa çalışırlar.
Geri qayıt