Savaşa davam, yoxsa diplomatik şok-terapiya... - Qarabağ...

Savaşa davam, yoxsa diplomatik şok-terapiya... - Qarabağ... Bu günlər 2016-cı ildəki 4 günlük aprel müharibəsinin birinci ildönümünə təsadüf edəcək. Azərbaycan əsgəri və zabitlərinin mətanəti, şəhidlərimizin qanı hesabına əldə olunan, 2 min hektar ərazimizin azad olunmasına gətirən, habelə düşməni böyük canlı və maddi itkiyə məruz qoyan bu qələbə cəmiyyətdə “məğlubiyyət sindromu”nu aradan qaldırmaqla yanaşı, erməni işğalçı ordusunun da “məğlubedilməz” mifini darmadağın elədi.

Bundan əlavə, aprel zəfəri erməni toplumunda dərin məyusluq, onun özünə və kriminal Sərkisyan rejiminə inamsızlıq yaratdı, Ermənistanın daxili ictimai-siyasi tarazlığını pozdu - hansı ki hələ də bərpa ola bilməyib.

İşğalçının aprel hərbi fiaskosu sözsüz ki, ən əvvəl Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünün nəticəsi idi. Bu üstünlük ötən bir ildə də qorunub saxlanıb - baxmayaraq ki, Rusiya təcavüzkar tərəfə “İsgəndər” raket kompleksləri də daxil olmaqla, bəzi müasir silahlar ötürüb. İldönüm ərəfəsi Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın Azərbaycan ordusunun gücünü etiraf eləməsi buna başqa bir sübutdur.

Belə ki, İrəvanda rusiyalı jurnalistlərlə söhbətində o bildirib ki, Azərbaycan və Ermənistan qüvvələri arasındakı silahlanma balansı pozulub: “Ermənistan və Azərbaycan arasında silahlanma sahəsində balans pozuntusu var. Çünki Azərbaycan müxtəlif ölkələrdən silah almaqdan ötrü böyük xərc çəkir. Silahlanma balansını bərpa etmək üçün intensiv işləməyimiz vacibdir”.

***

Dünən isə bu münasibətlə - ordumuzun aprel uğurunun ildönümü ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev müdafiə naziri Zakir Həsənov daxil olmaqla, ordu rəhbərliyi və bir qrup hərbçimizlə görüş keçirib. AzərTAc-ın məlumatına görə, Prezident Administrasiyasında baş tutan görüş zamanı Ali Baş Komandan bildirib ki, aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.

“Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək. Aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”, - deyə perzident qeyd edib.

“Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı ki, onların güclü ordusu var və bu ordu böyük qələbə əldə edib. Aprel döyüşləri bu mifləri, bu əfsanələri darmadağın etdi və göstərdi ki, bu gün bölgədə güclü ordu varsa, o da - Azərbaycan ordusudur. Bu döyüşlər göstərdi ki, xarici yardım almadan Ermənistan işğal edilmiş torpaqları işğal altında saxlaya bilmir və bilməz. Onlar özləri də məcbur qalıb bunu etiraf etməyə başlamışlar” - bunu da ölkə rəhbəri görüşdə deyib.

“Aprel döyüşləri zamanı ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət ediblər ki, döyüşlər tezliklə dayandırılsın. Sonra isə onlar bəzi ölkələri ittiham etməyə başlayıblar ki, onların yardımına gəlməyiblər. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk Qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir. Heç bir beynəlxalq təşkilat, yaxud da ki, hansısa bir ölkə bizim daxili işimizə qarışa bilməz”, - deyə Ali Baş Komandan faktiki surətdə Ermənistanın havadarlarına da xəbərdarlıq edib.
Prezident daha sonra bildirib ki, Ermənistan rəhbərliyi aprel döyüşləri zamanı özünü tam şəkildə ifşa edib: “Onlar həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki onlar o dəstəyə çox arxalanırdılar, ona bel bağlayırdılar. O dəstəyi almadıqdan sonra həmişə olduğu kimi, müxtəlif ölkələri ittiham etməyə başladılar. Axırda məcbur olub aprel döyüşlərinin məğlubiyyətini etiraf etdilər. Gah deyirdilər ki, onlar torpaqları itirməyiblər. Gah deyirdilər ki, əhəmiyyətsiz torpaqlardır. Gah da deyirdilər ki, onlar o torpaqları geri qaytaracaqlar. Bütün bunlar hamısı yalandır. Ermənistan rəhbərliyi özünü o qədər biabırçı vəziyyətə saldı ki, onun acı nəticələrini Ermənistan bu gün də hiss edir”.

Ölkə başçısı həmçinin vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır: “Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir”.

Prezident habelə Ermənistan cəmiyyətinin hazırda sarsıntı içərisində olduğunu qeyd edib və Qarabağ münaqişəsinin Azərbaycan üçün prioritet məsələ olduğunu xatırladıb. Dövlət başçısı ATƏT-in Minsk Qrupunun həmsədrlərinin status-kvonun dəyişməsinin vacib olduğunu vurğulamalarını yada salıb: “Azərbaycan da status-kvonun dəyişməsini istəyir. Bütün bunlar isə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması sayəsində baş tuta bilər. Düzdür, Ermənistan çalışır ki, danışıqlardan boyun qaçırsın. Ancaq buna müvəffəq olmayacaq. Nə qədər çalışsa da, məcbur olub, danışıqlara qayıdacaq. Çünki danışıqlar aparılmasa, onlar yaxşı bilirlər ki, vəziyyət hansı istiqamətdə inkişaf edəcək. Əlbəttə ki, aprel döyüşlərindən sonra danışıqlar masasında bizim mövqeyimiz daha da möhkəmlənib və bunu bütün beynəlxalq aləm əyani şəkildə gördü”.

Ölkə başçısının sözlərinə görə, hər zaman mülki insanları hədəf alan Ermənistan aprel döyüşləri zamanı da eyni taktikadan çıxış edib: “Lakin onlar yanıldılar, heç kim öz evini tərk etmədi. Xalqımız mətin dayandı. Aprel döyüşlərində şəhid olanların xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Mən yaralı hərbçilərlə görüşü xatırlayıram. Onlar yaralı vəziyyətdə olmalarına baxmayaraq, yenə də sağalıb cəbhə xəttinə getmək arzusunda idilər. Xalqımız vahid amal ətrafında birləşib, bu da ərazi bütövlüyümüzün bərpasına əsaslanır. Qondarma ”Dağlıq Qarabağ" qurumunun heç bir gələcəyi yoxdur. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək".

Ali Baş Komandan ordu quruculuğunun davam edəcəyini də söyləyib. “Biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcək” deyən prezident vurğulayıb ki, indi maliyyə vəziyyətimizin əvvəlki illərdəki kimi olmamasına rəğmən, ordumuzun ehtiyaclarını ödəmək üçün hər hansı bir məhdudiyyət yoxdur: “Büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah, texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanıb və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilib. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə, Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxt gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var”.

***

Bu arada Qarabağ münaqişəsi zonasında “nə hərb, nə sülh” durumu yerli və xaric təhlilçilərin xüsusi diqqət mərkəzindədr. “Qarabağda ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlardan bir il sonra situasiya daha da təhlükəli xarakter alıb. Bu barədə Britaniyanın ”Chatam House" mərkəzinin saytında analitik Lourens Broers yazıb (virtualaz.org).

Analitik qeyd edir ki, aprel döyüşlərindən sonra keçən bir il Qarabağ münaqişəsinin nizamlanması prosesinin dalana dirəndiyini və “dayanıqlı şəkildə” bu vəziyyətdə qaldığını sübut edib. Onun fikrincə, beynəlxalq ictimaiyyət ya yeni və daha genişmiqyaslı müharibənin nə vaxt başlayacağını gözləməlidir, ya da diplomatik şok terapiyasını seçməlidir.

“Prezidentlərin Vyana görüşündən sonra irəliləyiş əldə edilmədi, təmas xətti boyu insidentlər intensiv şəkildə davam edir, sülh prosesi dayanıb və vəziyyət təhlükəli boşluqdan asılı qalıb” - ekspert qeyd edib. Müəllifə görə, indiki vəziyyət bir il əvvələ nisbətən daha təhlükəlidir.

Məqalədə deyilir ki, əgər ATƏT öz məsuliyyət zonasındakı ikinci ən iri və ən təhlükəli münaqişəni görməyə hazır deyilsə, təcili olaraq sülh strategiyası formalaşdırmaq üçün güclü beynəlxalq səylərə ehtiyac var. “Beynəlxalq ictimaiyyətin diqqətinin və resurslarının münaqişəyə yönəlməsi üçün mühüm impuls lazımdır. Bu dinamika yeni iri müharibə nəticəsində yarana bilər, ya da zorakılığı təşviq edən yox, onun qarşısını alan yeni çoxtərəfli təşəbbüsün nəticəsində yaranar”, - deyə analitik əlavə edib.

***

“Qarabağ nizamlanması mövzusu çox incə məsələdir. Ona görə də danışıqların detalları konfidensial xarakter daşıyır”. Bunu isə APA-ya son eksklüziv müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, bir çox aspektlər artıq razılaşdırılıb. “Yalnız bir neçə məsələ qalıb ki, onlar ən mürəkkəbidir. Həmin məsələlərlə bağlı konsensus hələlik əldə etmək mümkün olmayıb. Bununla belə, iş davam edir”, - deyə Rusiya baş diplomatı qeyd edib.

S.Lavrov “ən mürəkkəb məsələlər” deyərkən şübhəsiz ki, Dağlıq Qarabağın yekun statusunu və bu statusun hansı mexanizm və ardıcıllıqla reallaşmasını nəzərdə tutur. Ən önəmlisi də budur. Azərbaycanın bununla bağlı prinsipial mövqeyi məlumdur və tamamilə beynəlxalq hüquqdan qaynaqlanır: konflikt müstəsna olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində çözülməlidir. İşğalçı tərəf isə əksinə, faktiki surətdə işğal rejiminin əsas götürülməsini təklif edir və 7 rayon əvəzinə (“Laçın dəhlizi” istisna) separatçı qurumun müstəqilliyinin tanınması şərtini qoyur - hansı ki, Azərbaycan üçün heç cür qəbul edilən deyil...

Rusiya XİN başçısı bu xüsusda masa üzərindəki konkret həll variantı ilə bağlı necə vaxtdır səslənən fikirlərə də toxunub. Sitat: “Dəfələrlə açıq şəkildə bildirmişəm ki, heç bir ”Lavrov planı" mövcud deyil. Hazırda müzakirə olunan ideyaların əsasını Minsk Qrupunun üç həmsədr ölkəsi tərəfindən kollektiv şəkildə hazırlanmış təkliflər təşkil edir. Daha dəqiq desək, söhbət Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyanatlarında əksini tapmış məqamlardan gedir. Onlar yaxşı məlumdur. Tərəflər ümumən bu təməli inkar etməməklə yanaşı, onların həyata keçirilməsi ardıcıllığını fərqli görürlər".

***

Qeyd edək ki, az öncə amerikalı yeni həmsədr Riçard Hoqland da “Lavrov planı”nın mövcud olmadığını və guya danışıqların davam etdirildiyini bəyan eləmişdi. Lakin diplomat “detalları açmağa lüzum görmədiyini” də sözünə əlavə etmişdi.

Əksər siyasi müşahidəçilərə görə isə bu kimi sakitləşdrici açıqlamalar daha çox aprel döyüşlərinin ildönümü ərəfəsi tərəflər arasında gərginliyi, daha dəqiqi, müharibə riskini azaltmağa hesablanıb. Təsiri olacaqmı, risklər azalacaqmı?
Geri qayıt