Gürcüstanın səfiri Azərbaycanı tərk edir

Gürcüstanın səfiri Azərbaycanı tərk edir Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidzeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-dən verilən məlumata görə, görüşdə tərəflər qonşu olan Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş başlıca uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

T. Şaraşenidze diplomatik fəaliyyət illəri ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirib, bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən ən xoş və səmimi təəssüratlarla ayrıldığını vurğulayıb.

E. Məmmədyarov fəaliyyəti müddətində T. Şaraşenidzenin dövlətlər arasında strateji xarakter daşıyan münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Geri qayıt