"Bizi daha da yaxşı günlər gözləyir" - Əli Həsənov

"Bizi daha da yaxşı günlər gözləyir" - Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası” mövzusunda elmi-praktik konfrans keçirilib.
Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaş üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. A.Quliyev qeyd edib ki, Heydər Əliyevin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin xatirində daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir: "Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir. Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi və Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi. Ümummilli liderimiz Heydər Əliyev başladığı böyük dövlət quruculuğunu İlham Əliyev kimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi".
Konfransda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək Heydər Əliyevin ölkənin müstəqilliyi uğrunda rolundan danışıb: "Heydər Əliyev xatirəsi hər bir sağlam ruhlu azərbaycanlının qəlbindədir. 1993-cü ildə Heydər Əliyevin xilaskarlıq missiyası başlanıb. Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan xilas etdi. Ona görə də xalq bu xidməti yüksək qiymətləndirir. O dövrdə vətəndaş müharibəsi başlamışdı, bunun başında avantürist insanlar dayanırdı. O, 1993-cü azərbaycanlıların birləşdirilməsinə nail olmasaydı, dövlətin gələcəyindən danışmaq olmazdı. Ümummilli lider ölkədə milli birliyə əsaslanan sabitliyi təmin etdi. O, hələ Naxçıvanda olarkən ziyalılara çağırış edirdi. Ulu öndər qeyd edirdi ki, xalq birləşməlidir. O dövrdə ermənilər torpaqları işğal etməyə başlamışdı, xalq "olum və ölüm" arasındaydı. Heydər Əliyevin Azərbaycan üçün xidmətləri böyükdür, o, xalq birliyə nail olub, ölkənin inkişafına töhfələr verib".

Prezidentin köməkçisi xatırladıb ki, 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələrkən Azərbaycan Xalq Cümhuriyyətinin ideyalarını əsas götürüb:

"1995-ci ildə Konstitusiya Aktı qəbul edildi. Çoxpartiyalı sistemlə parlament seçkiləri keçirildi. O, ölkənin idarə olunmasında başqa model də seçə bilərdi, amma dövlətin demokratik inkişafını seçdi. Onun zamanında bütün sahələrdə inkişaf başladı, ölkədə bazar iqtisadiyyatının Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev həmişə deyərdi ki, iqtisadiyyatın təməli sağlam qoyulmalıdır, hər bir vətəndaş özünü orada görməlidir. Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə Prezident İlham Əliyev davam etdirir. Hazırda Azərbaycan regionun aparıcı dövlətidir. Ölkədə rəqabətə davamlılıq, inklüziv inkişafla bağlı indekslərdə aparıcı yer tutur. Bizi bundan sonra daha da yaxşı günlər gözləyir".

Sonra Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin və mahnının təqdimatı olub.
Geri qayıt