Əli Həsənov anons verdi: - ermənilərin Bakıya qisas planı

Əli Həsənov anons verdi: - ermənilərin Bakıya qisas planı Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov haqlı olaraq növbəti dalğaların olacağı ilə bağlı anons verdi. Növbəti dalğaların məqsədi Ermənistanda baş verən siyasi proseslərin üstünü örtməkdir. Onlar Azərbaycanı diqqət mərkəzində saxlamaqla bu əməllərinə davam edəcəklər.

Bu sözləri açıqlamasında hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov Əli Həsənovun anti-Azərbaycan qüvvələrin AŞPA-dakı “korrupsiya hesabatından” sonra yenidən “siyasi məhbus” məsələsində qisasa və revanşa hazırlaşdıqları ilə bağlı fikrinə münasibət bildirərkən deyib. O vurğulayıb ki, Azərbaycanın öz maraqlarını müdafiə etməsi, bununla bağlı beynəlxalq qurumları özünə dost tutmasının qarşısını almaq üçün bəzi qüvvələr, o cümlədən Ermənistan həmişə “korrupsiya mövzusu” ilə manipulyasiya edib:

“Heç bir mənbəyə söykənməyən kampaniya aparmaqla, əslində, Azərbaycanı beynəlxalq aləmdə müdafiə edən dostları neytrallaşdırırlar və çəkindirirlər. Ermənistan bütün dünyada lobbi siyasətini korrupsiya formasında həyata keçirir. Məsələn, kürü diplomatiyası adlanan termin, əslində, Ermənistana aiddir. Çünki dünya bazarında kürü monopoliyasının 95%-i ermənilərin əlindədir. Onlar bundan hər zaman öz maraqları üçün istifadə ediblər. Bundan başqa, “konyak diplomatiyası” adı altında ermənilərin lobbi siyasətləri var. Ümumiyyətlə, erməni lobbisi qədər beynəlxalq qurumları, ayrı-ayrı parlamentlərin əsas tərkibini ələ alan, öz maraqları üçün pul xərcləyən ikinci qruplaşma yoxdur. Amma Ermənistanın daxilindən hər hansı bir erməninin bununla bağlı sərt çıxışını, bu məsələni qabartmasını görməmişik. Lakin Azərbaycanın daxilində və Avropada yaradılan, erməni şəbəkəsinə xidmət edən qrup özümüzə qarşı bundan geniş şəkildə istifadə edir. Bu da müəyyən effekt verir. Bu şərləmələrin nəticəsində Azərbaycanı müdafiə edən bəzi şəxslər bundan çəkinir. Fikir verirsinizsə, AŞPA-nın son sessiyasında zalda yalnız anti-Azərbaycan qətnaməsini qəbul etməyə səs verənlər var idi. Azərbaycana dost olanlar isə Azərbaycanın lehinə açıq çıxış etməkdən çəkinirdilər və zalda iştirak etmirdilər. Azərbaycana qarşı bütün çirkli kampaniyaları ermənilər azərbaycanlıların əli ilə edirlər. Bura müxtəlif “araşdırmalar”, kampaniyalar daxildir və maraqlıdır ki, bunların heç bir sübutu da yoxdur”.

S.Məmmədov bildirib ki, hətta lobbi fəaliyyəti zamanı Azərbaycan hansısa vasitələrdən istifadə edibsə, bunu təbii və normal qarşılamaq beynəlxalq təşkilatların borcudur:

“Çünki bütün dövlətlər öz maraqlarını qorumaq üçün vəsait xərcləyir. ABŞ bütün dünyanı öz vəsaiti hesabına əlində saxlayır, bunun üçün müxtəlif strukturlar yaradır, o cümlədən, ayrı-ayrı adamları ələ alaraq, agent şəbəkəsi, lobbi qrupları formalaşdırır və bu işə yüz milyardlarla vəsait xərcləyir. Azərbaycan da beynəlxalq hüququn bir subyektidir və bu işi görməlidir. Əksinə, lobbiçilik etmədiyi, ölkəmizin maraqlarını qorumadığı, milli maraqlarımız naminə pul xərcləmədiyi üçün hakimiyyəti tənqid etməliyik. Görün hansı vəziyyətdir ki, AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr qəbul etdirdiyi üçün Azərbaycan hakimiyyətinin lobbi fəaliyyəti göstərməsini, bu istiqamətdə vəsait xərcləməsini tənqid edənlər tapılır. Bu nə yanaşmadır?”

S.Məmmədov bildirib ki, Ə.Həsənovun anonsunu etdiyi və erməni şəbəkəsinin növbəti “siyasi məhbus” kampaniyasının bir neçə məqsəd var:

“Birinci məqsəd biznesdir. Müxtəlif QHT-lər var ki, Azərbaycan üzərindən siyasi məhbusların müdafiəsi adı altında milyonlarla pul əldə edirlər. Məsələn, NED təşkilatı Azərbaycana ildə 1 milyondan çox pul ayırır və bunların çoxu siyasi məhbus ailələrinə yardım adı altında ölkəyə gətirilir. Amma Azərbaycanda siyasi məhbus adlandırılan adamların ailələri arasında sorğular zamanı bu puldan onların yardım almadığı məlum olub”.

S.Məmmədovun sözlərinə görə, anti-Azərbaycan qüvvələri siyasi məhbus məsələsini süni surətdə şişirtməklə, Azərbaycan əleyhinə təzyiq, beynəlxalq aləmdə nüfuzun sarsıldılması üçün vasitə kimi istifadə edirlər:

“Bütün bunlar da Dağlıq Qarabağ məsələsində Ermənistanın koalisiyasını artırır. Onlar Azərbaycan barədə mənfi imic yaratmaqla ölkəmizin mövqelərini sarsıdırlar. Bu işdə də ən qabağa çıxarılan adamlar vaxtilə müxtəlif kəşfiyyat orqanları, ermənilərin özünün kəşfiyyatı tərəfindən təsir dairəsinə salınan adamlardır. Bu adamlar öz məqsədləri barədə suallara cavab verə bilmirlər. Çünki onların məqsədi Ermənistanın maraqları - Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin zəiflədilməsidir”.

S.Məmmədovun fikrincə, anti-Azərbaycan qətnaməsinin AŞPA-da qəbul olunmasında öz içimizdən olanların da rolu var:

“Onların hesabata saldığı müddəalar çirkinlikdir, acizlikdir, iyrənclikdir. Çünki onların faktları yoxdur. Ona görə də bu, çirkli kampaniyadır. Onlar metro partladıb terror törətmiş, radikal dini qruplaşmalara qoşulub, terror törətmək istəyən və buna görə ifşa olunaraq tutulan şəxslərin adlarını “siyasi məhbus” siyahısına yazıblar. Amma bunu ciddi təftiş edən olsa, orada uzağı 5-6 nəfər ictimai fəaliyyəti olan şəxs tapa bilər. Avropada radikal dindarları sıxışdırırlar və bunu terrorizmə qarşı mübarizə adlandırırlar, Azərbaycanda isə buna “siyasi məhbus” adı geyindirirlər? Bu, çox böyük absurddur”.
Geri qayıt