AŞPA-nın Bakıya qarşı rüşvət kampaniyasının – Pərdəarxası

AŞPA-nın Bakıya qarşı rüşvət kampaniyasının – Pərdəarxası Avropa Şurası Parlament Assambleyası dövlətlərin üzərində nəzarət həyata keçirə biləcək bir qurum deyil və bu qurumun qəbul etdiyi qərarlar beynəlxalq sənəd sayılmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, rüşvət məsələsi bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayılır:

“Cinayət əməlinə isə yalnız hüquqi müstəvidə qiymət verilə bilər. İndiki halda əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş vermişdisə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməliydi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar”.

Analitik vurğulayıb ki, hesabatda rüşvətlə bağlı irəli sürülən bütün ittihamlar şayiə və ehtimallar üzərində qurulub:

“Əslində hesabata diqqət yetirsək, bu siyasi motivli iddiaların nə üçün irəli sürüldüyünü müəyyənləşdirmək olar. Məsələn, hesabatda qeyd olunur ki, “Azərbaycan hakimiyyəti işi o səviyyəyə gətirmişdi ki, hətta parlamentin iclasında az-az iştirak edənlər Azərbaycanla bağlı məsələ olduqda iclasa qatılırdı və Azərbaycanın lehinə səs verirdi”. Bu, Azərbaycanın lobbiçilik fəaliyyətini yaxşı qurduğunun etirafıdır. Sual olunur, Azərbaycanın lobbiçilik fəaliyyəti nəyə xidmət edirdi? Şübhəsiz ki, işğalçı Ermənistanın öz adı ilə çağırılmasına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ifşa olunmasına, aqressiv separatizm və terrorizmin qətiyyətlə pislənilməsinə, münaqişələrin həllinin tezləşdirilməsinə və s. Yəni Azərbaycanın lobbiçilik fəaliyyəti beynəlxalq hüququn prinsiplərinin AŞ PA müstəvisində dəstəklənməsinə, Avropa Şurası məkanında təhlükəsizliyə təhdid yaradan amillərin aradan qaldırılmasına xidmət edirdi. Bu fəaliyyət isə beynəlxalq hüququn prinsiplərinin qorunmasında, terorizmə, separatizmə qarşı mübarizədə maraqlı olan bütün dövlətlərin mənafeyinə uyğun olmalıdır - əlbəttə, Ermənistan və onu himayə edən dairələr istisna olunmaqla”.

Ekspertin sözlərinə görə, əgər Azərbaycanın lobbiçilik fəaliyyəti kimlərisə narahat edirsə, bu o deməkdir ki, onlar Ermənistan və bu işğalçı ölkə vasitəsilə Cənubi Qafqazda hərbi-siyasi mövcudluğunu qorumağa çalışan, terrorizmə və aqressiv separatizmə dəstək verən dairələr tərəfindən satın alınıblar:

“Seçki hesabatına xüsusi diqqət yetirilməsində məqsəd Azərbaycana qarşı payızda gerçəkləşməsi planlaşdırılan təxribat kampaniyalarının seçkilərin ertələnməsi səbəbindən fiaskoya uğraması və Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqla ölkəmizi özündən asılı salmağa çalışan qüvvələrin öz arzularına çatmamasıdır. Digər tərəfdən, bu hesabatın Ermənistanda hakimiyyət boşluğu yarandığı bir dövrdə qəbul edilməsi də maraq doğurur. Əslində, Ermənistanda baş verən hadisələrin mahiyyətinə diqqət yetirilərsə, Sərkisyan və komandasının iflasa uğraması bu ölkədə sonuncu parlament seçkilərinin nəticələrinin total şəkildə saxtalaşdırılmasının sübutudur. Əgər seçkilərdə rəsmi olaraq 7,78 faiz səs toplayan fraksiyanın sadəcə 1 təmsilçisi seçkilərdə 57 faiz səs toplayan hakim koalisiyanın təmsilçisini istefaya göndərə bilirsə, bütövlükdə Respublika Partiyasının hakimiyyətdən getməsi üçün bütün xalq ayağa qalxırsa, bu o deməkdir ki, həmin xalq Respublika Partiyasına səs verməyib”.

Analitik qeyd edib ki, AŞPA isə göz önündə olan bu fakta diqqət yetirmir və Ermənistandakı seçkini “demokratik” adlandırır:

“AŞPA-nın nüfuzu çoxdan zədələnib. Bu qurum artıq xeyli müddətdir ki, qlobal və regional proseslərdə geosiyasi təzyiq aləti funksiyasını yerinə yetirir. Bu qurumun sonuncu hesabatı isə şantaj xarakterlidir və Azərbaycanın leqal lobbiçilik fəaliyyətinin qarşısının alınmasına yönəldilib. Hesabatı hazırlayanlar və qəbul etdirənlər rəsmi Bakı ilə əməkdaşlıq edən, erməni işğalını pisləyən, aqressiv separatizmə və terrorizmə qarşı açıq mübarizə aparan, azərbaycanlılara qarşı soyqırım həyata keçirildiyini etiraf edən bütün beynəlxalq təşkilatları, ölkələri və parlamentariləri şantaj edirlər”.
Geri qayıt