Prezidentdən komandaya xəbərdarlıq: -“Heç bir keçmiş xidmət nəzərə alınmadan...”

Prezidentdən komandaya xəbərdarlıq: -“Heç bir keçmiş xidmət nəzərə alınmadan...” 11 aprel prezident seçkilərindən sonra hökumətdə ciddi dəyişikliklərin olacağı ilə bağlı mütəxəssislərin və sahə ekspertlərinin proqnozları, deyəsən, özünü doğrultmaqdadır. Hər halda, Azərbacan prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışı və çox kəskin mesajları, xəbərdarlıqları bunu deməyə əsas yaradır.

Hökumət üzvlərinin iştirakı ilə keçirilən toplantıda dövlət başçısının dedikləri əslində seçkiyə sayılı saatlar qalmış, başa çatmaqda olan növbəti dönəmdə onun siyasətinə, təqdim etdiyi "Yol Xəritəsi"nə zidd addımlar atan, faktiki olaraq sabotaja yol verən məmurlara, səlahiyyətli şəxslərə ünvanlanmışdı. Bu mənada güman olunur ki, ölkənin birinci şəxsinin dedikləri heç bir halda təsirsiz qalmayacaq və seçkidən sonra xəbərdarlıqların ciddi nəticələrinin şahidi olacağıq. Bu tənqidlər dövlətimizə əlavə vəsait qazandıran turizm sektorunda tormozlayıcı rol oynayan şəxslərin görəvdən alınacağı və prezidentin siyasətinə dəstək verən kadrların iş başına gətiriləcəyinə şübhə yeri qoymur. Belə demək mümkünsə, artıq həmin şəxslərin seçkinin favoriti olan birinci şəxsin komandasında yer almayacağı şübhəsizdir.

“Turizmin inkişafı Azərbaycanda sürətlə gedir. Biz bundan sonra bu sahəyə daha sistemli şəkildə baxmalıyıq və oturub gözləməməliyik ki, kimsə bizə qonaq gələcək. Biz özümüz turistləri cəlb etməliyik” - dövlət başçısı deyib. Prezident bildirib ki, bu sahədə də təkmilləşmə işləri aparılacaq. Ardınca dövlət başçısı bunları əlavə edib: “Çünki əfsuslar olsun ki, bu sahədə çox böyük pozuntular olmuşdur. Biz vizaları ləğv etdik. Çünki aeroportlarda gələn turistlərə əziyyət verirdilər, əsassız pul tələb edirdilər. Bu biabırçılığı yığışdırmışıq. Bu biabırçılığı, bu pozuntuları, bu cinayəti törədənlər də cinayət məsuliyyətinə cəlb olunub. Hamı bilsin ki, bu cinayətlər cəzasız qalmayacaq. Ancaq biz elə bir sistem yaratmalıyıq ki, turistləri daha çox cəlb edək. İndi aeroportlarda yeni sistem yaradılır və gələn aydan başlayaraq tətbiq ediləcək. Bizim bütün sərhəd-keçid məntəqələrimizdə qonaqlar üçün maksimum rahat şərait yaradılmalıdır. Çünki bəzi hallarda gələnləri incidirlər, yolda saxlayırlar, onlardan əsassız rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin”.

“Bəzən hüquq-mühafizə orqanlarının işçiləri hotellərə gəlib əsassız müdaxilə edirlər, qonaqları incidirlər, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır”, deyə dövlət başçısı vurğulayıb (APA). Prezident qeyd edib ki, turizm potensialına malik olan hər bir ölkə çalışır ki, turistləri cəlb etsin, onlar üçün şərait yaratsın: “Biz son vaxtlara qədər oturub gözləyirdik ki, kimsə gəlib qapımızı döysün. Vətəndaş vizanı almaq üçün bizim səfirliklərə gedirdi, orada da onları incidirdilər, onların qarşısına müxtəlif əsassız tələblər qoyurdular. Bu vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşları gəlib vizanı aeroportda alırlar. Xarici həmkarlarımdan biri mənə deyir ki, Siz ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur. Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəklin yoxdur, gəl pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı! Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, necə deyim, söz tapa bilmirəm, belə biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə bu pozuntular olarsa və ümumiyyətlə, rüşvətxorluqla bağlı əgər bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar”.

Göründüyü kimi, dövlət başçısı hətta xarici mənbələrə istinadən daxildə onun siyasətinə zidd gedənlərə xəbərdarlıq edib. Özü də “heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslərin” cəzalandırılacağını bəyan edib.

İqtisadçı alim Əli Əlirzayev “Yeni Müsavat”a prezidentin xəbərdarlığının yerində olduğunu bildirdi: “Söhbət ondan gedir ki, biz turizmi inkişaf etdirmək üçün nə etməliyik? Ümumiyyətlə, təkcə turizmdən söhbət getmir, ixracat potensialını artırmalı, bazarları genişləndirməliyik. Bunun qarşısını alan süni maneələr var. Bir var ki, resurslar çatışmır, yaxud idarəetmədə səhvlər, əngəllər var. Bir də var süni yollar, korrupsiya, rüşvətxorluq mövcuddur. Bu məsələlərlə bağlı da prezident hər zaman xəbərdarlıq edir. Bilmək lazımdır ki, xaricdən ölkəmizə gələn turistlər çox həssas olurlar. Mən özüm də xaricə gedəndən sonra soruşurlar ki, gömrükdən keçəndə hansı münasibətlə üzləşdin, yaxud yolda münasibət necə oldu, polis necə davrandı? Hər bir ölkədə müxtəlif insanlar var. Bizdə də neqativ hadisələrin kütləvi hal almaması üçün təbii ki, inzibati yollarla, qayda-qanunlara əməl etməyə çalışmaq lazımdır. Belə hallar milli inkişafın səviyyəsinin aşağı olmasından, yaxud tamahdan meydana gəlir. Ona görə də prezidentin xəbərdarlığından nəticə çıxartmaq lazımdır”. Ə.Əlirzayev dedi ki, Azərbaycanın turizm potensialı çox yüksəkdir: “Bir var təbii resurslar, bir də var əlavə resurslar. Turizmin ÜDM-də payını artırmaq əsas hədəfdir, bunu etməliyik.

Yaxud turizm sferasına ayrılan vəsait əsas faktorlardandır. Əsas biz istəyiriksə ki, təbii amilləri, coğrafi amilləri götürək, bunlar var. Bu da maya dəyərinə təsir edir, turistlərə çəkilən xərclər azalır və nəticədə turistlər daha çox gəlir. Ona görə də mən Azərbaycanın turizm potensialını iki dəfə artırmağın mümkün olduğunu düşünürəm. Təbii ki, bir gündə olan məsələ deyil, çünki investisiya qoyulmalıdır. Hotel də ola bilər, yollar da çəkilə bilər. Amma ümumi şəkildə turizm axını üçün digər amillər də çox önəmlidir. Çünki turistlər canlı insanlardır, turistlər gəlib Nabranda ağcaqanad, ya milçək görsələr, ikinci dəfə bura gəlməyəcəklər, nəinki rüşvət, korrupsiya. Gərək şəraiti yaxşılaşdırasan, əks təqdirdə, onlar ölkəmizə gəlməyəcək. Türkiyə bazarı niyə ruslar, yaxud digər ölkə turistləri üçün cəlbedicidir? Çünki orada yemək-içmək, spirtli içkilər verirlər, yüksək keyfiyyət var. Həmçinin turizm sektorunda rəqabət mühiti olmalıdır. Rəqabət olan yerdə sahibkarlar daha yaxşı nəticəyə nail ola bilər. İndi turistlər daha çox möcüzələr axtarışındadır. O gün eşitmişəm ki, Biləsuvar rayonunda quşlara, təbiətə baxmaq, yaxud şəlalələri, dağları görmək üçün gəlirlər. Ona görə də bu məsələləri də unutmaq olmaz”.

İqtisadçı alim qeyd etdi ki, təkcə öz komandasına yox, hər kəsə xəbərdarlıq etmiş oldu: “Burada sahibkarlar da özləri üçün nəticə çıxartmalıdırlar. Prezidentin xəbərdarlığından sonra bu cür hərəkətlərə heç kəs getməməlidir. Hamılıqla çalışmalıyıq ki, ölkəmizin nüfuzuna xələl gətirməyək. Ümumiyyətlə, bir vəzifədə 20-25 il qalmaq istər-istəməz müəyyən neqativ izlər buraxacaq. Ona görə də yaxşı olar ki, bunların vəzifəsi dəyişsin, bu sahədən başqasına keçirilsin. Prezidentin göstərdiyi yol tamamilə doğrudur və xəbərdarlıqlardan dərs götürmək lazımdır”.
Geri qayıt