“Rusiya Azərbaycana təzyiqləri artırıb” - “Əli Həsənov buna işarə etdi...”

“Rusiya Azərbaycana təzyiqləri artırıb” - “Əli Həsənov buna işarə etdi...” Bir neçə gün əvvəl prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistlərlə görüşündə sensasion açıqlamalar verdi. Açıqlamalarında Ə. Həsənov Azərbacana və Azərbaycan prezidentinə təzyiqlərin olduğunu açıq-aşkar bildirdi.
"Hədəf sadəcə Prezident və onun ailə üzvləri, komandası, o komanda üzvlərindən biri olan mən - Əli Həsənov deyil. Məqsəd Şərq mentalitetinin incəliyinə hesablanıb – hədəf birinci şəxsin və komandasının müsbət imicini zədələməklə, onlara qarşı kütləvi narazılıq ovqatı formalaşdırmaqla, komandadaxili qarşıdurma yaratmaqla ölkədəki mövcud sabitliyi pozmağa nail olmaqdır” deyən prezidentin köməkçisi Avropada Azərbaycanı söyən qüvvələrin də kimlər tərəfindən maliyyələşdirildiyinə işarə vurdu. O, 2013-cü ildə yaradılmış "Milyarderlər İttifaqı”nın indi də "yatmadığını” bildirdi: "Erməni lobbisi Bakını Beyruta, Azərbaycanı Livana çevirmək istəyirdi və bunu gizlətmirdi. Belələri 2013-cü ildə yeni bir məkrli plan quraraq, xarici dairələrin köməyi ilə "Milyarderlər İttifaqı” yaratdı hakimiyyəti ələ keçirməyə cəhd etdilər. Bu gün də onlar yatmayıb, sadəcə olaraq qəfil yaxalandıqları üçün hazırlıqsızdırlar. Odur ki, güman qalıb onların daimi bacardıqları işə - xəyanətə, hiyləyə və bir də söyüşə”.
Onun bu çıxışında "Milyarderlər İttifaqı”nı hədəf göstərməsi isə bəzi media qurumları tərəfindən təzyiqlərin Azərbaycana Rusiya tərəfindən gəldiyi kimi təqdim olunub. Hətta bəziləri bir qədər də irəli gedərək prezident seçkilərinin də irəli çəkilməsinin məhz bu səbəbdən olduğunu deyir.

Bəs həqiqətənmi, Rusiya Azərbaycana qarşı təzyiqlər göstərir?

BakuPost-un əməkdaşı məsələ ilə bağlı politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib. Politoloq Rusiyadan Azərbaycana təzyiqlərin hər zaman olduğunu xatırladıb: "Əli Həsənov, görünür elə Rusiyanı işarə edib. Çünki Avropadan Azərbaycana elə bir təzyiq yoxdur. Avropa bizim daxili işlərimizə qarışmır. Amma Rusiyadan müəyyən təsirlər var. Dünən də xəbər çıxdı ki, Rusiya Azərbaycana səfir təyin edir. Xeyli müddətdir, səfir postu boş qalıb. Niyə məhz indi səfir təyin olunur? Çünki Prezident seçkilərinə az vaxt qalıb. Görünür, onu da diqqətdə saxlamaq istəyirlər.
Bir də 2013-cü ili yadımıza salaq. "Milyarderlər İttifaqı” da Moskvada yaranmışdı. Abbas Abbasov da onun üzvü idi. Alınmadı planları. Putin özü avqust ayında Bakıya gəldi, ondan sonra təzyiqlər azaldı. Amma görürük ki, Rusiyada müəyyən qüvvələr Azərbaycanın daxili işlərinə qarışmaqdadır. Abbas Abbasov Azərbaycanın əleyhinə işləyir. Baxmayaraq ki, baş nazirin birinci müavini olub. Amma indi Rusiyada qərar tutub. Biznesi də Rusiyadakı müəyyən şübhəli dairələrlə əlaqəlidir. Mən Abbas Abbasovun son proseslərdə müəyyən rolu ola biləcəyini istisna etmirəm”.
E. Şahinoğlu daha bir maraqlı məqama toxunub. O, Rusiyanın hərbi dəniz donanması vasitəsilə də Azərbaycana təzyiq etmək istədiyini deyib: "Rusiya hərbi dəniz donanmasını Həştərxandan Dağıstana köçürüb. Bunun özü də Azərbaycana təzyiq vasitəsidir. Əgər Xəzər sülh bölgəsidirsə, Rusiya hərbi dəniz donanması birincisi niyə güclənir, ikincisi onu Azərbaycanla sərhədə yaxınlaşdırır? Bütün bunlar ondan xəbər verir ki, Rusiyada bəzi siyasi dairələr hələ də Azərbaycana təzyiq və təsir etmək siyasətindən əl çəkmir”.
Geri qayıt