“Qarabağ problemi siyasi yolla tənzimlənməlidir” - Həsən Ruhani

“Qarabağ problemi siyasi yolla tənzimlənməlidir” - Həsən Ruhani “Bu gün imzalanan rəsmi sənədlər xoş məram, etimad, qarşılıqlı ehtiram, müştərək mənafe və mehriban qonşuluq əlaqələri sayəsində gerçəkləşibdir. İllər boyu əməkdaşlıq üçün potensial və imkanlar mövcud olmuşdur. Bu imkanlar hər iki xalqın mənafeyinə xidmət etmişdir. İki ölkə arasındakı qarşılıqlı etimad indi daha da artmışdır. İki ölkə arasında müştərək işlər çoxalıb. İki xalq və iki dövlət şahid olublar ki, əməkdaşlıq nə qədər faydalı və bəhrəlidir. Bu gün belə qərara gəlmişik ki, bu əməkdaşlıq tellərini daha da möhkəmləndirək. Bu əməkdaşlıq bu gün və sabah üçün deyil, bəlkə də iki ölkənin tarixi üçün yadda qalacaq əməkdaşlıq olacaqdır”.

Bunu dünən İran prezidenti Həsən Ruhani Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə birgə mətbuata bəyanatla çıxışında deyib.

“Möhtərəm Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, bu gün imzalanan sənədlər də tarixi sənədlərdir. İki xalqın mənafeyinə, bütün bölgənin və eləcə də bütün dünyanın xeyrinə ola biləcək sənədlərdir. Tranzit məsələsinə gəldikdə isə, Şimal–Cənub dəhlizi İranın cənub bölgəsinin sularını, Fars körfəzini, Oman dənizini və Hind okeanını, həmçinin avtomobil yolu və dəmir yolu vasitəsilə Qafqaz, Mərkəzi Asiya və Rusiya ilə birləşdirir, eləcə də Şimali və Şərqi Avropanı. Bu, onu göstərir ki, Şimal-Cənub nəqliyyat dəhlizi nə qədər böyük əhəmiyyət daşıyır. İki ölkənin Rəşt-Astara dəmir yolu barəsində qərarı dövlətlərimizin bu layihəyə nə qədər böyük əhəmiyyət verdiyinin göstəricisidir. Xəzər dənizində bizim çoxlu birgə mənafelərimiz vardır. Biz gərək elmi, iqtisadi, ticari, gəmiçilik, balıqçılıq, turizm sahələrində əməkdaşlıq etməklə maksimum səmərə əldə edək. Bu gün Xəzər dənizinin mənbələrindən və yataqlarından qarşılıqlı istifadədə əməkdaşlığımız xalqlarımızın mənafeyinə geniş xidmət etmiş olar”.

H.Ruhani deyib ki, iki dövlətin qarşılıqlı sərmayə qoyuluşu barədə qərarları, həm Astara-Astara layihəsinə, həm də sabah açılışı olacaq avtomobil istehsalı müəssisəsinə sərmayə qoyuluşu göstərir ki, ölkələrimizin geniş əməkdaşlıq üçün güclü iradəsi var: “Gələcəkdə dərman istehsalı, səhiyyə və enerji mübadiləsi sahələrində əməkdaşlığımızı genişləndirə bilərik. Enerji, turizm sahələrinə və digər sahələrə kapital qoyuluşu ilə əlaqədar əməkdaşlıq edə bilərik. Bu, onu göstərir ki, qarşılıqlı mənafe və ortaq proqramların icrası müstəvisində birgə addımlar ata bilək. İki prezidentin və iki dövlətin bu gün qəbul etdiyi qərarların icrası üçün ciddi səylər göstərilməlidir. Banklar arasında əməkdaşlıq qarşımızda duran əsas məsələlərdən biridir. İki ölkənin müştərək komissiyası çalışmalıdırlar ki, bu sahədə əməkdaşlıq yaxşılaşsın. Biz iqtisadiyyat, həmçinin maliyyə və pul mübadiləsi sahələrində əlaqələrimizi genişləndirə bilərik. İkinci məsələ yaxşı ticari əlaqələrin qurulmasıdır. Yəni, azad ticarətin bərqərar olması üçün belə qərara gəlindi ki, müştərək komissiya fəaliyyətini gücləndirsin. Bununla da iqtisadiyyat və ticarət sahələrində əlaqələrimizi genişləndirə bilək. Turizm sahəsində yaxşı addımlar atılmışdır. İndi onun şahidiyik ki, hər iki tərəfdən yüz minlərlə insan bir-birinin ölkələrinə səfər edir. Bu da göstərir ki, bölgədə böyük və tarixi olan iki ölkə arasında yaxın əlaqələr var. Regional və siyasi müstəvidəki məsələlər, həmçinin elm, texnologiya sahəsində əməkdaşlıq üçün hər iki ölkənin iradəsi mövcuddur”.

İran prezidenti qeyd edib ki, bölgədəki məsələlər siyasi yolla həllini tapmalıdır: “Biz bu qənaətdəyik ki, Yəməndəki problem siyasi yolla tənzimlənməlidir və hərbi yolla həll olunmamalıdır. Belə düşünürük ki, Suriya məsələsi də siyasi vasitələrlə həll yollarını tapmalıdır. Bununla əlaqədar bölgədəki ölkələrin göstərdiyi səylərlə bağlı Azərbaycanın və İranın baxışları eynidir. Biz belə düşünürük ki, Qarabağ problemi də siyasi yolla tənzimlənməlidir. Azərbaycan və Ermənistan dövlətlərinin səyi ilə biz bölgədə möhkəm sabitliyin bərqərar olmasının şahidi olmaq istəyirik. Biz şadıq ki, bu müstəvidə diplomatik səylər göstərilir. Bizim üçün əhəmiyyətlidir ki, ölkələrin ərazi bütövlüyü və bölgənin coğrafiyası dəyişməməlidir. Dünya ictimaiyyətinin hörmətlə yanaşdığı beynəlxalq prinsiplər məsələnin həlli üçün alətə çevrilməlidir. Bizim bugünkü iclasdakı və gələcək üçün istəyimiz müştərək mənafelərimizin, dövlətlərimiz və dünya üçün Azərbaycan və İran xalqları arasındakı əlaqələrin və iki dost dövlət arasındakı səmimi münasibətlərin gücləndirilməsidir”.
Geri qayıt