Makedoniya prezidenti Azərbaycana gələcək

Makedoniya prezidenti Azərbaycana gələcək Makedoniya prezidenti George İvanov mart ayında Azərbaycana səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, səfərin məqsədi martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak etməkdir.

G.İvanovun forum çərçivəsində Çinin siyasətinə həsr olunan panel müzakirələrdə çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Albaniya Respublikasının prezidenti Ilir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Moldova prezidenti İqor Dodon, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyə Respublikasının baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcək.

Forumun işində ümumilikdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla, 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

Tədbir çərçivəsində Yaxın Şərq regionunda sülh və təhlükəsizlik məsələləri, Balkan regionunda mövcud geosiyasi vəziyyət, müasir dövrdə ictimai və siyasi həyatda gənclərin artan rolu kimi mövzular barədə müzakirələr aparılacaq.
Geri qayıt