Məmmədyarov İlham Əliyevlə Sarkisyanın mümkün görüşü barədə

Məmmədyarov İlham Əliyevlə Sarkisyanın mümkün görüşü barədə Rəsmi Bakı hər iki ölkədə prezident seçkilərindən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşün keçiriləcəyini istisna etmir.

“RİA Novosti”yə istinadən xəbər veririk ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyanat səsləndirib.

Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. Ermənistanda isə seçkilər martdadır.

“Biz sonuncu dəfə həmsədrlərlə söhbət aparan zaman Azərbaycan və Ermənistandakı seçkiqabağı əhval-ruhiyyəni nəzərə almışdıq və seçkilərlə bağlı emosional fon başa çatan kimi müzakirələrin davam etdirilməsi üçün danışıqlara qayıtmaqla bağlı razılığa gəlmişdik.

Krakovda, ona qədər isə Vyanada nazirlər səviyyəsində keçirilən görüşdə müzakirə olunmuş maraqlı ideyalar var. Ona görə də əhval-ruhiyyə yüksəkdir, danışıqlar prosesini aktiv şəkildə davam etdirmək istəyi var, həmsədrlər danışıqların intensivləşdirilməsi dedikdə bizi məhz buna çağırır”, - deyə nazir Cenevrədə BMT İnsan Haqları Şurasının 37-ci sessiyası çərçivəsində verdiyi açıqlamada bildirib.

Məmmədyarov bildirib ki, rəsmi Bakı üçün hal-hazırda Dağlıq Qarabağ probleminin siyasi həlli yoluna alternativ yoxdur.

“Hələlik diplomatlar yorulmayıblar, bu prosesi daha da intensivləşdirmək lazımdır, çünki hamı hərbçilərin kazarmalara qayıtması, insanların öz evlərinə geri dönməsi və sülhün bərqərar olması üçün hansı yolla getmək lazım olduğunu yaxşı bilir.

Biz bütün problemlərin əməkdaşlıq yolu ilə həllinə nail olmağa çalışırıq, beləcə, bu xoşagəlməz prosesi yerindən tərpədə bilərik”.
Geri qayıt