Əliyev idarəçiliyi refreş edir - payızda növbədənkənar deputat seçkisi...

Əliyev idarəçiliyi refreş edir - payızda növbədənkənar deputat seçkisi... Milli Məclis refreş olunmağa məhkumdur. Hakimiyyəti də parlamentin indiki tərkibi qane etmir.
AnaXeber.Az yazır ki, əgər ölkədə böyük əfv gözlənilirsə və ciddi siyasi yumşalma olacaqsa, o zaman parlamentin fəaliyyəti də monotonluqdan çıxmalıdır.
Milli Məclisdə yetərincə biznes adamı olan, “ağzına su alıb” illərlə oturan, parlamentin iclaslarına vaxtaşırı gələn, ölkənin siyasi həyatında fəallıq göstərməyən deputatlar var. Onları hətta mətbuat da tanımır, müsahibələri, çıxışları olmur, hakimiyyətin mövqeyini lazımi yerdə müdafiə etmirlər, beynəlxalq tədbirlərə getmirlər.
Bu da parlamentin tərkibini yeniləməyi zəruri edir. Artıq köhnə əyyamlar deyil. Hökumətə intellektual, günün nəbzini tutan, çağdaş siyasətlə ayaqlaşan, texnoloji bilikləri olan parlamentarilər lazımdır. Məsələn, müxalifətdə olsa da Erkin Qədirli, Natiq Cəfərli kimi konstruktiv kadrları parlamentə buraxmaq faydalıdır.
Bu, iqtidarın deyil, bütövlükdə Azərbaycanın mövqeyinin Qərb təşkilatlarının iclaslarında ifadə etməyə labüddür.
Hər halda Əsabil Qasımov, Rüfət Quliyev, Hacı Salayev kimi passiv və kommersant mandat sahiblərindənsə, MM-də xarici dil bilən, aktiv deputatlar görünməlidir.
Misal üçün, Mehman Əliyev, Qubad İbadoğlu kimi kadrlar parlamentdə təsmil olunmağı haqq edirlər. Bütün bu sadalananların fonunda mütləq şəkildə növbədənkənar parlament seçkilərinin keçirilməsi gəlir.
Cəmiyyətdə müxtəlif fikir və təkliflər səslənir ki, 2019-da Milli Məclisə erkən seçkilər təyin olunacaq. Düzdür, bunun üçün xüsusi hüquqi və konstitusion zərurət olmadığını söyləyənlər var. Ancaq bəziləri hesab edir ki, növbədənkənar parlament seçkilərinin gələn il keçirilməsi nəticəsində bələdiyyə seçkiləri ilə eyni vaxta salınması nəzərdə tutulur.
Bununla həm də seçki prosesinə çəkilən xərclərin azaldılmasının hədəfləndiyi bildirilir. Yeni konstitusiyaya uyğun olaraq yeni parlament seçilməlidir.
Çünki indiki parlamentin fəaliyyəti ilə yeni konstitusiya arasında ziddiyyət var. Yəni Milli Məclis indi qeyri-qanuni fəaliyyət göstərir. ADP sədri Sərdar Cəlaloğlu belə deyib. İkincisi, hakimiyyət gələn il parlament seçkiləri təyin edərsə, çox rahat, heç vaxt olmadığı qədər asan seçki baş tutacaq. Eyni zamanda müəyyən demokratik seçki görüntüsü yaratmaq mümkündür.
Yəni, parlamentin yeni tərkibi daha çox biznesmenlərdən deyil, siyasilərdən təşəkkül tapa bilər. O halda cəmiyyətə açıq bir parlament görə bilərik.
Necə ki, Fazil Mustafa, Qənirə Paşayeva, Zahid Oruc, Əli Məsimli kimi sosial şəbəkələrdən istifadə edən, mətbuatdan qaçmayan millət vəkilləri var.
Növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalı olsa da, gözlənti yüksək deyil. Bunu daha çox apreldən sonra hiss eləmək olar.
Amma VİP sədri Əli Əliyev hesab edir ki, nəinki gələn il, payızda Milli Məclisə seçkilər təyin olunacağı gözləniləndir. Hərçənd, bu sürətlə bir ildə iki seçkiyə gediləcəyi ağlabatan deyil.
Digər tərəfdən, zaman və prosedur olaraq növbəti seçkini təşkil etmək çətindir. Beynəlxalq müşahidəçilərin seçkini izləməsi baxımdan problemlər meydana gələ bilər. Necə ki, aprel seçkisi ilə bağlı ATƏT çətinliklə üzləşib, ABŞ isə fikrini konkret açıqlamayıb. Belə şəraitdə müxalifət üçün də meydan daralır. Partiyalar özlərini toparlaya bilmirlər.
Hakimiyyətə isə növbədənkənar prezident seçkilərində 7 illik ilk prezident seçiləndən sonra yeni parlament də lazım olacaq. Hər şey yenilənməli, sıfırlanmalı, təzədən başlanmalıdır. Avropa və ABŞ-la razılaşdırıldığı görünən bu proseslər iqtidar tərəfindən amnistiya, müəyyən siyasi dialoq mühiti, repressiv siyasətə pauza öhdəliklərini yerinə yetirməklə müşahidə olunur. Hazırda isə Milli Məclisə erkən seçkiləri o qədər aktual deyil. Qarşıdakı 1 ay, 11 gün daha maraqlıdır.
25 il sonra, 2018-ci ilin prezident seçkilərinin növbədənkənar keçirilməsi cəmiyyətdə bir ajiotaja səbəb olub. Hakimiyyət kütləvi tədbirlərlə bunu izah edir, müxalifət iqtidar daxilində səbəblər axtarır, analitiklər isə xarici amillərlə əlaqələndirir.
Əslində, növbədənkənar seçkilərin olacağı öncədən hiss edilirdi. ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı martda seçkilərin keçiriləcəyini açıqlamışdı.
O zaman deputat Siyavuş Novruzov bunu təxribat adlandırmışdı. Ardınca iki ay qabaq deputat Zahid Oruc seçkilərin qabağa çəkilməsini təklif etmişdi.
Görünür ki, həm Z.Oruc, həm S.Osmanqızı informasiyalı olublar. Lakin hakim partiya namizədini açıqlamayana qədər seçkilərin erkən keçiriləcəyi gözlənilmirdi.
Naxçıvan qruplaşması tələm-tələsik seçkilər keçirilməsinin tərəfdarıydı. Çünki I vitse-prezidentin namizədliyi məsələsi gündəmdə idi və bu variant köhnə qvardiya üçün arzuolunmaz idi.
Mehriban Əliyevanın prezidentliyi köhnə kadrları komandadan təmizləməklə nəticələnəcəkdi. Ona görə YAP tez-tələsik İlham Əliyevin namizədliyini elan etdi və seçkilərin tarixi dəyişdirildi.
Amma belə demək olmaz ki, bu proses köhnə qruplaşmanın diktəsi ilə baş tutdu. Sadəcə, onların ürəyincə olan gedişatdır və daha 7 illik limit götürülür.
Bu limit isə Bakı qruplaşmasının heç də zəifləməsi ilə müşahidə olunmayacaq.

Anaxeber.Az
Geri qayıt