Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi

Qarabağ məsələsi üçün yeni mərhələ - Bakının düşmənə “yubiley” sürprizi Sabah - fevralın 20-də Azərbaycanın Dağlıq Qarabağ vilayətində erməni separatçı hərəkatın başlanmasının 30-cu ildönümü tamamlanır. 30 il öncə - 1988-ci il fevralın 20-də keçmiş DQMV-nin Xalq Deputatları Soveti bölgənin Azərbaycan SSR-in tərkibindən çıxaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqda anti konstitusion bir qərar qəbul edərək, Bakı və İrəvana bu qanunsuz sərhəd dəyişikliyi ilə bağlı müraciət göndərmişdi.

Sonrası bəllidir. Ermənistanın ərazi iddiasından doğan və Moskvanın bilavasitə körüklədiyi, müstəsna olaraq Rusiyanın imperiya maraqlarına cavab verən bu böyük avantüranın iki qonşu xalqa hansı müsibətlər gətirdiyini xatırlatmağa yəqin ki, lüzum yoxdur. Ələlxüsus ermənilər hələ də sonu görünməyən bu münaqişəyə görə ilbəil daha ağır bədəlini ödəməkdədirlər.

*****

Bu, əlbəttə ki, regional və super güclərin əlində maşa olmağa adət eləmiş bədxah qonşularımızın böyük aldanış günü idi. 2047-ci ilədək Rusiyaya faktiki, icarəyə verilən Ermənistan adlı kvazi-dövlətin hazırkı acınacaqlı durumu özlüyündə hər şeyi deyir: işğal naminə Rusiyaya peşkəş olunan müstəqillik və suverenlik, Kremlin ucqar əyaləti və forpostu statusuna razı olub da “izqoy” (“tullantı”) ölkəyə çevrilmək, Azərbaycan və Türkiyə tərəfindən sərt blokada rejimi, ölkədən ildən-ilə güclənən kütləvi köç, yerdə qalan əhalinin isə səfil həyat tərzi, dərinləşən iqtisadi böhran, nəhayət, 30 ildə Dağlıq Qarabağın heç bir ölkə, hətta heç Ermənistanın özü tərəfindən tanınmayan “müstəqilliyi” və... fiasko olan “miatsum” ideyası.

Sadalananlara rəğmən, bu avantüradan və onun nəticələrindən bu günədək lazımi dərs götürməyən qalstuklu erməni hərbi canilər - Ermənistan iqtidarında 20 ildir kök salmış “Qarabağ klanı” abırsızcasına fevral hadisələrinin 30 illik yubileyini qeyd eləməyə hazırlaşır. Halbuki, məntiqlə bu təqvimi qara bayram kimi qeyd eləməlidirlər.

Sual da belədir ki, erməni xalqını sonu görünməyən siyasi-iqtisadi böhran soxmuş bu “qəhrəmanlar”, Xocalı soyqırımı imza atmış hərbi canilər, erməni “səhra komandirləri” görəsən hansı nəticəyə, hansı günlərinə sevinir, öyünürlər? Regionda bir-birinin ardınca reallaşan iri nəqliyyat xətləri və enerji dəhlizlərinin marionet-ölkədən yan keçməsinəmi - hansı layihələr ki, cırtdan Ermənistanın büdcəsini sanballı şəkildə zənginləşdirə, onun iqtisadi və enerji təhlükəsizliyini, bütövlükdə təhlükəsizliyini və Rusiyadan müstəqilliyıni böyük ölçüdə möhkəmlədə bilərdi.

*****

Yeri gəlmişkən, belə layihələrdən növbəti biri - ABŞ-ın da ciddi dəstək verdiyi möhtəşəm Cənub Qaz Dəhlizi (CQD), daha doğrusu, onun mühüm seqmenti olan TANAP bu il - iyunun 30-da işə düşəcək - Dağlıq Qarabağdakı separatçı hərəkatın 30-cu ildönümündə!

Bu barədə fevralın 15-də Bakıda Cənub Qaz Dəhlizi Məsləhət Şurasının nazirlər səviyyəsində keçirilmiş 4-cü iclası çərçivəsində BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il boru kəməri ildə 2 milyard kubmetr qaz göndəriləcək. Növbəti illərdə isə nəql olunan qazın həcmi ilbəil artırılacaq. 2020-ci ildə isə Azərbaycan qazı TANAP-ən davamı olacaq TAP vasitəsilə Avropa bazarına çatacaq (İldə 10 milyard kubmetr təbii qaz nəqli nəzərdə tutulur).

Ermənistanı bu xüsusda dilxor edəcək daha bir məqam var: belə ki, Bakı toplantısında Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulması mümkün hesab edilib. Kəmərin rentabelliyini xeyli artıracaq belə bir perspektiv barədə Avropa Komissiyasının energetika məsələləri üzrə vitse-prezidenti Maroş Şevçovic bildirib. “2018 - Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında xüsusi dövr olacaq. 2020-ci ildə Azərbaycan qazı Gürcüstan və Türkiyədən keçməklə Avropaya çatacaq. Bu - Avropanın energetik təhlükəsizliyini gücləndirəcək strateji bir layihədir”, - deyə o qeyd edib və bunu da əlavə edib ki, Avropa Komissiyası bununla bağlı Türkmənistan hökuməti ilə daim təmasdadır.

*****

Siyasi analitiklərə görə, Cənub Qaz Dəhlizinin mühüm hissəsi kimi TANAP-ın işə düşməsi Azərbaycan iqtisadiyyatında yeni eranın simvolu demək olacaq. Paralel surətdə Rusiyanın forpostu Ermənistanın Avropa üçün, Qərb üçün “izqoy” ölkə statusu bir qədər də möhkəmlənmiş olacaq.

Ancaq bu, təkcə iqtisadi məsələ də deyil. CQD kəməri həm də Azərbaycanı Avropaya daha möhkəm tellərlə bağlayacaq. Bu isə Avropada artan söz sahibliyimiz, Qarabağ məsələsində daha əlverişli mövqeyə çıxmaq şansı deməkdir. Çünki iqtisadi bağlar həmişə siyasi bağlar yaradır və ya onları möhkəmlədir.

Demək, Qarabağ məsələsi üçün də yeni bir eranın başlayacağını söyləmək mümkündür. Başqa sözlə, bu problem Kataloniya məsələsi kimi Avropa üçün bir qədər də “doğmalaşmış” olacaq. Bu il Avropa Birliyi ilə Azərbaycan arasında imzalanması gözlənilən strateji əməkdaşlıq sazişini də nəzərə alsaq, mövqeyimizin daha anlaşılan duruma gələcəyi proqnoz edilə bilər. Avropanın Dağlıq Qarabağla bağlı praqmatik yanaşması isə adekvat şəkildə vasitəçi dövlət kimi ABŞ-ın da məsələdə daha rasional və ədalətli mövqeyini şərtləndirəcək...
“Yeni Müsavat”
Geri qayıt