Onlar prezident olmaq istəyir... - Siz də tanıyın

Onlar prezident olmaq istəyir... - Siz də tanıyın Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərar verən namizədlərin bir neçəsinin adları məlum olub. Bu günə kimi artıq yeddi nəfər seçkilərdə iştirakla bağlı qərar verib.

Bunlar Yeni Azərbaycan Partiyasının namizədi, prezident İlham Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Yeni AXCP-nin sədri Razi Nurullayev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ağ Partiyanın sədri Tural Abbaslı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, Azərbaycan Liberal Demokrat Partiyasının lideri Fuad Əliyevdir.

“Qafqazinfo” namizədlərin kimliyi, fəaliyyəti haqqında qısa araşdırma aparıb.

YAP-ın namizədi İlham Heydər oğlu Əliyev 24 dekabr 1961- cı ildə Bakı şəhərində anadan olub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub.

1995-ci və 2000-ci illərdə Milli Məclisinə deputat seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Baş naziri təyin edilib. 2003-cü il 15 oktyabrda Azərbaycan Prezidenti seçilib. 2008-ci ildə yenidən prezident seçilib. 2013-cü ildə üçüncü müddətə prezident seçilmiş və hazırda prezident vəzifəsini icra edir.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. Ailəlidir. Üç övladı, dörd nəvəsi vardır.

KXCP-nin sədri Mirmahmud Mirəlioğlu 1 sentyabr 1956- cı ildə Yardımlı rayonunun Telavar kəndində anadan olub. İxtisasca tarixçidir. 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə millət vəkili seçilmiş Mirmahmud Ağa 1995-ci ildə ikinci dəfə təkrarən millət vəkili seçilib. Üçüncü dəfə 2000-ci ildə Əlibayramlı seçki dairəsindən millət vəkili seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib. Hazırda Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədridir. 2011 və 2015-ci illərdə KXCP-nin keçirilən qurultaylarında sədr seçilib. Ailəlidir.

VİP sədri Əli Əliyev 1967-ci il avqustun 19-da Bakı şəhərində anadan olub. İxtisasca bioloqdur. Ə.Əliyev 2006-cı il mayın 28-də Vətəndaş və İnkişaf Partiyası (VİP) təsis edib. O, 2006-cı ildə Xalq Cəbhəsi (AXCP) Demokrat (ADP), Liberal (ALP) və VİP-in iştirakı ilə yaradılan və 2010-cu ilə qədər fəaliyyət göstərən “Azadlıq” siyasi blokunun həmtəsisçisi və həmsədri olub.

2010-cu il parlament seçkiləri çərçivəsində yaradılmış (VİP, ALP və Yaşıllar partiyası) “İnsan Naminə” seçki blokuna rəhbərlik edib.

Yeni AXCP-nin sədri Razi Nurullayev 1 aprel 1971- ci ildə İmişli rayonunda anadan olub. İxtisasca hüquqşünasdır. 2012-ci ildən Region Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.

19 avqust 2015-ci ildə AXCP-də sabiq müavin olan Razi Nurullayev və tərəfdarları AXCP Etimad Qurultayı Təşkilat Komitəsi (AXCP EQTK) yaratdıqlarını bəyan ediblər. 17 oktyabr 2015-ci ildə qurultay keçirilib və Razi Nurullayev AXCP sədri seçib. Ailəlidir.

Müsair Müsavat Partiyasının namizədi Hafiz Hacıyev 6 mart 1956- cı ildə Ermənistanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. İxtisasca zoomühəndisdir. 2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və 2003-cü ildə həmin partiyanın II Qurultayında partiyanın sədri seçilib. 2003-cü il 15 oktyabrında keçirilən Prezident seçkilərində namizədliyi irəli sürüb. 2008-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində yenidən iştirak edib. Hazırda Hafiz Hacıyev Müasir Müsavat Partiyasının lideridir. Ailəlidir, 3 övladı var.

Ağ Partiyanın sədri Tural Abbaslı 13 sentyabr 1982- ci ildə Bakıda anadan olub. İxtisasca jurnalistdir. 2000-2016 cı illər ərzində Müsavat Partiyasının üzvü olub. 2015-ci il parlament seçkilərində gənclərin birgə iştirakı üçün yaradılan “Ağ Blok” adlı birliyin təsisçilərindən biridir. 2016-cı il 26 iyun taririxində Ağ Partiyanın Başqanı (sədri) vəzifəsinə seçilib və hazırda siyasi fəaliyyətini bu partiyada davam etdirir. Subaydır.

MDHP-nin sədri Fərəc Quliyev 1962-ci il dekabr ayının 22-də Ordubad rayonunun Üstüpü kəndində anadan olub. İxtisasca həkimdir. 1995-ci ildən 2002-ci ilə qədər siyasi məhbus kimi həbsdə olub. 2003-cü ildən DAK Azərbaycan nümayəndəliyinin rəhbəri olub. 2005-ci ildə Milli Dirçəliş Hərəkatını (MDH) formalaşdırıb.
7 noyabr 2010-cu ildə dördüncü çağırış Milli Məclisə keçirilən seçkilərdə 31 saylı Suraxanı II seçki dairəsindən millət vəkili seçilib.

Ailəlidir. 3 övladı var.

ALDP sədri Fuad Əliyev 4 aprel 1970-cı ildə Bakıda anadan olub. İxtisasca linqvistdir. Siyasi fəaliyyətə 1997-ci ildən başlayıb. Azərbaycan Liberal Partiyasının (ALP) üzvü və ALP beynəlxalq komitəsinin əməkdaşı olub. 1998-ci il sentyabr ayından Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) yaradılması üçün təşəbbüs qrupunun üzvü olub. 2001-ci il fevralın 15-də ALDP-nin növbədənkənar konfransında sədr seçilib.

Qeyd edək ki, İnformasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov da mövcud namizədlərin google-da axtarış nəticələrinin sayı, saytları, bloqları, sosial şəbəkələrdə hesablarına dair araşdırma aparıb. Araşdırma nəticəsində vəziyyətin ürəkaçan olmadığı qeyd edilib.
Geri qayıt