Erməni lobbisi Sərkisyanı ifşa etdi: - “Yalançı, narkoman və qumarbazdır!..”

Erməni lobbisi Sərkisyanı ifşa etdi: - “Yalançı, narkoman və qumarbazdır!..” Ermənistan prezidenti Serj Sərkisyan Fransaya səfər edib. Səfər çərçivəsində Fransa prezidenti Emmanuel Makronla görüşən işğalçı ölkənin başçısı dünən - yanvarın 24-də isə Strasburqda Avropa Şurası Parlament Assmbleyasının (AŞ PA) sessiyasında çıxış edib.

“Yeni Müsavat” xarici qaynaqlara istinadən xəbər verir ki, Makron erməni həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında Fransanın həmişə Ermənistanın yanında olacağını bəyan edib. O, Sərkisyanla görüşü “maraqlı” adlandırıb və əlavə edib ki, “Ermənistan Qərblə Şərq arasında stabil demokratik ölkə qurmaq üçün (?!-red.) uzun bir yol keçib”.

*****

İşğalçı Ermənistanı həmişə özünə “kiçik bacı” sayan Fransanın indiki prezidentinin yuxarıdakı sözləri əslində təəccüblü deyil. Təəccüblü olan belə bir açıq-aşkar ermənipərəst dövlətin, erməni “soyqırımı” iddiasının ən güclü təbliğatçısının Dağlıq Qarabağ məsələsində qərəzsiz vasitəçiliyə iddia eləməsi, üstəlik, Rusiyanın vassalı və hərbi qalasa olan bir saxta dövləti gülünc şəkildə “stabil demokratik ölkə” adlandırmasıdır.

Bu da hamısı deyil. E.Makron daha sonra 2018-ci ili Ermənistan üçün “cümhuriyyət qurulmasının 100 illiyi” ilə bağlı mühüm il adlandırıb və deyib ki, mayın 28-də Fransanın xarici işlər naziri “ilk erməni respublikasının 100 illiyi tədbirlərinə qatılmaq üçün” İrəvana gedəcək. Makronun özü isə oktyabrda Ermənistana səfərə hazırlaşır.

Maraqlıdır, görəsən, Fransa XİN başçısı mayən 28-də Bakıya - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi törəninə də qatılacaqmı? Hələlik rəsmi Parisin bu yöndə hər hansı açıqlaması yoxdur. Bu yerdə xatırladaq ki, 2015-ci ildə bədnam erməni “genosidi” iddialarının 100 illiyi ilə bağlı İrəvan səfər eləmiş üç xarici ölkə prezidentlərindən biri məhz Fransa lideri Fransua Olland olmuşdu (digər ikisi Rusiya və Serbiya prezidentləri idi)...

*****

Qayıdaq əsas mövzuya və qeyd edək ki, bu, S.Sərkisyanın Avropaya prezident qismində son ziyarətidir. Yəni buna “vida səfəri” də demək mümkündür. Çünki martın 2-də onun ikinci müddətə prezidentlik səlahiyyətləri bitir və Ermənistanın yeni prezidenti seçilməlidir. Yəqin ki, təzə prezident Böyük Britaniyadakı səfir, keçmiş baş nazir və iş adamı Armen Sərkisyan olacaq. Ancaq 4-cü prezident yeni baş nazirdən az səlahiyyətlərə malik olacaq. Baş nazirliyə isə artıq bəllidir ki, Serj Sərkisyanın özü can atır.

“Yeni Müsavat” onun prezidentlikdən baş nazirliyə sıçrayış etməklə “Qarabağ klanı”nın hakimiyyətini uzatmaq istəməsinə Avropadakı erməni lobbisinin sərt reaksiyası, hətta hədələri haqda yazmışdı. Bu mövqe və təpki Serj Sərkisyanın Parisə və Strasburqa səfəri zamanı da özünü qabarıq şəkildə göstərib. Yeri gəlmişkən, erməni diasporunun Sərkisyana etirazlarını Makronun Ermənistanı “demokratik ölkə” adlandırması kimi qara zarafatına cavab da saymaq olar.

*****

“Biz Sərkisyanın bu səfərini reaksiyasız qoya bilməzdik. Biz artıq bununla bağlı Fransanın prezidentinə və KİV-lərinə, Fransa Senatına, Paris meri və AŞ PA-nın bütün vəzifəli şəxslərinə, Sərkisyanın görüşə biləcəyi şəxslərin hamısına açıq etiraz məktubu göndərmişik”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, 1 in.am erməni nəşrinə müsahibəsində “Erməni dirçəlişi” panerməni təşkilatının Paris şöbəsinin koordinatoru Şant Voskerçyan deyib.

Məktubda deyilir: “Biz bu görüşlərlə bağlı çox narahatıq. Ona görə ki, Ermənistan heç cür sovet epoxasından çıxa bilməyib və orada hər addımda insan haqları pozulur. Müxalifətin hansısa hərəkətlər eləməyə hüququ yoxdur. Cəmi 3 milyon əhalisi olan bir ölkədə 100-dən çox siyasi məhbusun olması anormaldır. Seçki yolu ilə prezident olmayan Ermənistan prezidenti Fransaya gəlir, onun prezidenti ilə, Senatın rəhbəri və digər vəzifəli şəxslərlə görüşür. Biz bunu cavabsız qoya bilmərik”.

Məktub-müraciətdə Serj Sərkisyanın bioqrafiyasına da yer ayrılıb. Bildirilir ki, o, seçki nəticəsində prezident olmayıb, konstitusiya dəyişikliklərini də o məqsədlə edib ki, “o, və onun bandası ölkənin sükanı arxasında əbədi qalsın”.

“Biz eyni işi AŞ PA-da gördük. Türkiyə və Azərbaycan nümayəndə heyətləri istisna olmaqla, AŞ PA-nın bütün xadimlərinə müraciət yolladıq ki, onlar da öz sualları ilə Serj Sərkisyanı heç olmasa, bir az reallıq hissinə qaytarsınlar... Sərkisyan böyük yalançı, narkoman və qumarbazdır. 25 ildir ölkədə seçkilər saxtalaşdırılır. Bu azmış kimi, son vaxtlar özünü göstərən bahalaşma sırf süni xarakter daşıyır və Serj və bandasının varlanmasına xidmət edir. Erməni xalqı bürün bunlara hələ də dözür. Nə vaxtadək? Bunlar xalqın səbir kasasını doldurmalı, insanlar küçəyə çıxmalıdırlar”, - deyə o, xalqa çağırış edib.

Erməni diaspor fəalı sonda Sərkisyanı hədələyib də: “Əgər aprel ayında o, baş nazir postuna əyləşsə və Londondan olan əlaltısını (Armen Sərkisyanı - red.) prezident eləsə, bu, Ermənistanda böyük bir partlayışa gətirəcək. Həmin partlayış nəticəsində Serj və bandası tarixin zibilliyinə atılacaq”.

*****

Bunun belə olub-olmayacağını, işğalçı ölkədə sosial-siyasi partlayışın baş verib-verməyəcəyini bilmək üçün isə çox gözləmək lazım gəlməyəcək. Şübhə yox ki, Ermənistanın ağası Rusiyanın mövqeyi və qərarından da az şey asılı olmayacaq...
“Yeni Müsavat”
Geri qayıt