Bakıdan Tehrana böyük yaxşılıq - İrəvana bəd xəbər

Bakıdan Tehrana böyük yaxşılıq - İrəvana bəd xəbər Azərbaycan İranı Ermənistandan daha da uzaqlaşdırır, cənub qonşumuzla iqtisadi bağlarımız möhkəmlənir; işğalçı ölkə isə Gürcüstanda pozucu əməllərini davam etdirir: ASALA-nın ardınca erməni partiya sədri Cavaxetiyaya keçmək istədi, buraxılmadı...
Ötən həftə Ermənistanın baş naziri Karen Karapetyan ölkəsinin İranla iqtisadi-ticari əlaqələrinin çox aşağı səviyyədə olmasından şikayətlənmişdi. Demişdi ki, keçən il İranla Ermənistanın ticarət dövriyyəsinin həcmi cəmi 62.5 milyon dollar olub ( Azərbaycanla ticarət dövriyyəsi müvafiq dövrdə 257 milyon dollar təşkil edib). “İranın əhalisi nəzərə alınarsa, bu, çox cüzi rəqəmdir” - Karapetyan gileylənmişdi.
Erməni baş nazir İranla Ermənistan arasında yeni dəmir yolu inşasının baş tutmamasına da münasibət bildirərək belə söyləmişdi: “Tərəflər arasında dəmir yolu əlaqəsi qurulacaqmı? Bu, əmtəə axınından asılı olacaq. Fikrimcə, belə bir dəmir yolunun inşası məqsəd yox, vasitə olmalıdır. Biz bu məsələyə bazar aktivləşəndə qayıdacağıq”.
Bu arada Azərbaycanın Rəşt-Astara dəmir yolunun inşası üçün Tehrana yarım milyard dollar vəsait ayırdığı məlum olub. Məlumata görə, bu barədə İranın “Mehr” agentliyinə İran İslam Respublikasının yollar və şəhər inkişafı nazirinin müavini Əsgər Kaşan bildirib. “Azərbaycanın Rəşt-Astara dəmir yolu üçün İrana ayırdığı 500 milyon dollar vəsait İran-Azərbaycan birgə müəssisəsinin yaradılmasına sərf olunacaq” - o deyib.
“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsi çərçivəsində bu dəmir yolunun inşasına 2018-ci ilin birinci yarısında başlanacaq. “Astara-Rəşt dəmir yolunun işə düşməsi ilə Hindistan və Çin kimi dövlətlər öz yüklərini Mərkəzi Asiya ölkələri, Azərbaycan, Rusiya və Avropaya göndərə biləcək”, - deyə iranlı məmur qeyd edib.
Bu da qeyd olunur ki, öncələr İtaliya, Rusiya və Çin şirkətləri Rəşt-Astara dəmir yolunun inşası üçün böyük sərmayə qoymağa hazır olduqlarını bildirib. Ancaq iranlı nazir müavinin sözlərinə görə, Tehran məhz qonşu ölkə kimi Azərbaycandan yatırım almağa və birgə müəssisə qurmağa qərar verib.

*****
Bütün hallarda bu, əlbəttə ki, Azərbaycan-İran iqtisadi əlaqələrinin daha da möhkəmlənməsinə, deməli, iki qonşu ölkənin bir qədər də yaxınlaşmasına sanballı töhfədir. Faktiki, İrana böyük bir yaxşılıqdır. Çünki dəmir yolunun işə düşməsindən İran xəzinəsi də böyük gəlirlər əldə edəcək.

Moskvada Rusiya, Azərbaycan və İran prezidentlərinin üçlü formatda növbəti görüşü ile ilgili görsel sonucu

Bu yerdə yada salaq ki, tərəflər arasında iqtisadi münasibətlər təkcə nəqliyyat sahəsini əhatə eləmir, başqa sferalarda da uğurla davam edir. Məsələn, Bakıda İranın iştirakı ilə ortaq dərman zavodları inşa edilməkdədir.
Ötən ay isə İrandakı məlum iğtişaşlara rəsmi Bakı özünün prinsipial mövqeyi və yanaşması ilə Tehrana elədiyi başqa bir yaxşılıqla diqqət çəkmişdi ki, bu da tərəflər arasında etimadın artmasına və siyasi atmosferin yaxşılaşmasına başqa mühüm töhfə sayıla bilər. Bunu da yada salmağa dəyər ki, 2018-ci ilin birinci yarısında Moskvada Rusiya, Azərbaycan və İran prezidentlərinin üçlü formatda növbəti görüşü keçiriləcək.
Bu kimi təmas və layihələr isə şübhəsiz ki, üç ölkə arasında iqtisadi-ticari telləri gücləndirməklə yanaşı, onlar arasında siyasi bağları və qarşılıqlı asılılığı da yaxşı mənada artırmış olur. Həmçinin Türkiyə-Rusiya əlaqələrinin yüksəlişdə olmasını nəzərə alsaq, ehtimal eləmək olar ki, günün birində Azərbaycanın Qarabağ məsələsi üçlü və ya dördlü formatlarda diqqət mərkəzinə gətirilə və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi öndə tutulmaqla, irəliləyişə nail oluna bilər.

Yeri gəlmişkən, son vaxtlar bir sıra tanınmış rusiyalı politoloqlar (Maksim Şevçenko, Aleksandr Duqin) artıq bu haqda danışmağa başlayıblar...

*****

Bu arada isə Qarabağ məsələsinə görə illərdir haqq elədiyi blokada şəraitində olan Ermənistan qonşu Gürcüstanın ermənilər yaşayan və Bakı-Tiflis-Qars dəmiryolunun keçdiyi Cavaxetiya bölgəsində pozucu əməllərini davam etdirir. Bu xüsusda ASALA erməni terror təşkilatının artıq sözügedən bölgədə özəyini yaratması haqda məlumat vermişik. Bu da növbəti fakt.
“Yeni Müsavat” apsny.ge saytına istinadən xəbər verir ki, bu günlərdə Gürcüstan sərhədçiləri Ermənistanın “Yerkir Sirani” partiyasının başçısı, İrəvan Şəhər Ağsaqqallar Şurasının üzvü, deputat Zaruhi Postancyanı ölkə ərazisinə buraxmayıblar. Ona bildirilib ki, Gürcüstana keçməsi qadağan edilib.
Postancyanın sözlərinə görə, ona səbəblər barədə heç nə deyilməyib. Məlumatlara görə, deputat öz partiyadaşları ilə Axalkalakiyə partiyanın təşəbbüsü ilə başladılan “ümumerməni qiyamı” ilə bağlı təbliğat aparmaq üçün (?! - red.) gedirmiş. Sonuncu dəfə belə bir proqramla onun Cavaxetiyada iki ay öncə görüş keçirdiyi deyilir. Bunu da əlavə edək ki, 2015-ci ildə o, öz tərəfdarları ilə birgə Tiflisdə erməni kilsəsinin açılışı mərasimində etiraz aksiyası keçirmişdi.
Qarabağ məsələsində də radikal mövqeyi ilə fərqlənən Postancanın indiki Sərkisyan rejiminə müxalif mövqedə durduğu məlumdur. Lakin onun qonşu, suveren bir ölkədə kompakt ərazidə yaşayan erməni əsilli Gürcüstan vətəndaşlarını siyasi mübarizəyə cəlb eləmək yönündə fəaliyyəti suallar doğurmaya bilməz. Erməni ermənidir hər halda...

“Yeni Müsavat”
Geri qayıt