Hakimiyyət Əli Kərimlinin daha bir qohumunu həbs etmək istəyir

Hakimiyyət Əli Kərimlinin daha bir qohumunu həbs etmək istəyir AXCP sədrinin bacanağı beynəlxalq axtarışa verildi
Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsinin birinci və ikinci bəndləri ilə cinayət işi başlanıb. R.Hüseynov Azərbaycanda həyat yoldaşı Amaliya Seyidova ilə birlikdə polis idarəsinə çağrılması, şübhəli şəxs qismində dindirilməsi haqda saxta sənəd hazırlamaqda suçlanır.
R.Hüseynov hazırda Avropa ölkələrindən birində məskunlaşıb. Baş Prokurorluğun məlumatında iddia olunur ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb.
Prokurorluğun məlumatında adları çəkilən şəxslər AXCP sədri Əli Kərimlinin qohumlarıdır – A.Seyidova baldızı, R.Hüseynov isə onun həyat yoldaşıdır.
Ə.Kərimli prokurorluğun məlumatında yazılanları özünə və qohumlarına qarşı təzyiq, qarayaxma kampaniyasının davamı kimi qiymətləndirir (azadliq.org).
Baş Prokurorluğun bu məlumatı ilə bağlı AXCP Mətbuat Xidməti bəyanatla çıxış edib. Partiyanın feysbuk səhifəsində yayılan bəyanatda deyilir:
Azərbaycan hakimiyyəti AXCP sədri Əli Kərimlinin qohumlarına qarşı təqib və təzyiqləri davam etdirir. Məlum olduğu kimi, Əli Kərimlinin qaynı Elnur Seyidov heç bir cinayət törətmədiyi halda, məhz bu qohumluğa görə altı ildir nahaqdan həbsdə saxlanılır. İndi isә onun başqa bir qohumu Rauf Hüseynov hәdәf alınıb. Rauf Hüseynov hәbs tәhlükәsi qarşısında ölkәni tәrk etmәli olub. Baş Ptokurorluq isә onun mühacirәtә guya saxta әsaslarla getdiyi vә beynәlxalq axtarışa verildiyi haqda mәlumat yayıb.
AXCP bildirir ki, Rauf Hüseynov uzun illərdir partiyanın üzvüdür. Digər fəal cəbhəçilər kimi, o da partiyanın keçirdiyi bütün aksiyaların aktiv iştirakçısı olub. Rauf Hüseynov son illərdə Milli Şuranın keçirdiyi mitinqlərin təşkilində də fəal iştirak edib. O, daha çox mitinqlərdə istifadə olunan səsgücləndiricilərin təmin edilmәsinә cavabdeh olub. 2016-cı ilin 11 sentyabrından sonra mitinqlərdə fəal iştirak etmiş AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlanan zaman Rauf Hüseynov da dəfələrlə polis idarəsinə çağrılıb. Həmin vaxt AXCP mətbuat xidməti bir neçə ay ərzində 254 nəfər fəal üzvünün polis idarələrinə çağrılması, onlara xəbərdarlıq edilməsi, hədələnmələri haqda məlumat yayıb. Bu məlumatlar hesabat şəklində beynəlxalq təşkilatlara da təqdim olunub. Həmin şəxslərin sırasında Rauf Hüseynov da olub. O, dəfələrlə Nəsimi Rayon Polis İdarəsinə çağrılıb, mitinqlərin təşkilində fəallığına görə hədələnib. Ona bildirilib ki, haqqında cinayət işi var. Həbslə hədələnib.
Rauf Hüseynov Əli Kərimlinin digər qohumlarına, o cümlədən Elnur Seyidova qarşı olanları, eyni zamanda, digər ictimai-siyasi fəalların – Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun yaxınlarının başına gətirilənləri nəzərə alaraq, hesab edib ki, onun da həyatına təhlükə var. Ona görə də ölkəni tərk edib.
Azərbaycan iqtidarı minlərlə vətəndaşın ölkədən didərgin düşməsinə səbəb olmuş yanlış davranışlarından, repressiyalardan əl çəkmək, AXCP sədrinin qaynı, girov saxladığı Elnur Seyidovu azad etmək əvəzinə, indi də öz repressiyalarında “İnterpol”u vasitəyə çevirməyə çalışır. Bir müddət öncə Azərbaycan cəmiyyəti jurnalist Əfqan Muxtarlı Gürcüstandan oğurlanıb Azərbaycana gətirilərkən bu hakimiyyətin daha bir barbar davranışının şahidi olmuşdu. Nəinki Azərbaycan cəmiyyəti, beynəlxalq ictimaiyyət bu davranışdan şoka düşmüşdü. İqtidar bir qədər sonra Ukraynada daha bir tənqidçi jurnalist Fikrət Hüseynlini həbs etdirib Azərbaycana gətirməyə cəhd göstərdi. İndi də Əli Kərimlinin bacanağı Rauf Hüseynovu “İnterpol” vasitəsi ilə Avropadan gətirmək istəyirlər. Bu, açıq-aşkar Rauf Hüseynovun özünə, özəlliklə də qohumu Əli Kərimliyə qarşı basqıların davamıdır.
Rauf Hüseynov real təhlükələr üzündən ölkəni tərk edib. Azərbaycan hakimiyyəti isə ənənəsinə sadiq qalaraq, guya, ölkədə heç bir vətəndaşa təzyiq olmadığını iddia edir. Azərbaycan iqtidarından siyasi fəallara, müxalifət liderlərinin qohumlarına qarşı repressiyaları dayandırmağı, siyasi məhbusları azad etməyi, siyasi mühacirlərə münasibətdə “İnterpol”dan təzyiq vasitəsi kimi istifadəyə son qoymağı tələb edirik. Beynəlxalq birliyi isə Azərbaycan iqtidarının siyasi mühacirlərlə bu şəkildə mübarizəsini durdurmağa çağırırıq.
Geri qayıt