Nazirin pulu kəsilir, iki qitədə səfirliklər bağlanır - müdhiş səbəblər

Nazirin pulu kəsilir, iki qitədə səfirliklər bağlanır - müdhiş səbəblər Deputat Siyavuş Novruzov Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib
2015-ci ildən aktual olan bu məsələ artıq gələn ildən reallaşa bilər.
Hökumət büdcədən izafi xərcləri azaltmaq və yüngülləşdirmək siyasətini davam etdiri və bəzi diplomatik korpusların fəaliyyətinə xitam verilə bilər.
S.Novruzov qeyd edib ki, hansı ölkədə səfirlik lazımdır, onu bağlayırlar, lazım olmayan yerdə isə saxlayırlar.
Millət vəkili bildirib ki, Şərqi Avropa, Baltikyanı ölkələrin hər birində səfirlik olduğu halda Avstraliyada yoxdur: “Biz buna yenidən baxmalıyıq. Ümumiyyətlə, buna nəzarət etməliyik. Lazım olmayan yerlərdə səfirlikləri ixtisar etməliyik ki, lazım olan yerlərdə normal fəaliyyət bərpa olunsun”.
Ölkə rəhbərliyi tərəfindən XİN qarşısında belə öhdəlik qoyulacağı gözlənilir. Dövlət büdcəsinə qənaət və devalvasiyadan irəli gələn ixtisarlar diplomatik korpusa da siraət etməkdədir.
Azərbaycanın xarici ölkələrdə 59 səfirliyi, 9 konsulluğu, 5 nümayəndəliyi fəaliyyət göstərir. Öncə müəyyən ediləcək ki, Azərbaycan üçün neçə səfirlik, konsulluq, nümayəndəlik lazımdır?
Bu səfirlik, konsulluq və nümayəndəliklərin içərisində səmərəlilik məsələsi müzakirə olunmalıdır.
Bu istiqamətdə prioritetlər müəyyən edilməlidir. Avstriya təcrübəsi belədir, səfirliklərin səviyyəsi müəyyən olunur, hər hansı ölkədə səfirliyin açılması zərurəti ortaya çıxırsa, bütün səfirliklərin fəaliyyəti təhlil edilir.
Qeyd edilən təklif səfirliklərin və digər diplomatik nümayəndəliklərin sayının azaldılması ehtimalını gündəmə gətirib.
Hökumət bu addımı dövlət büdcəsinə qənaət etmək məqsədi ilə ata bilər.
Azərbaycanın Latın Amerikası və Afrika və ərəb ölkələrində fəaliyyət göstərən bir sıra səfirlikləri bağlanacaq.
Bu barədə diplomatik mənbədən məlumat verilib.Bəzi səfirliklərin bağlanması, bəzilərinin isə birləşdirilməsi gözlənilir.
Buna səbəb isə, həm maliyyəyə qənaət edilməsi, həm də qeyd edilən bu regionları əhatə edən bəzi səfirliklərin fəaliyyətini doğrultmamasıdır. Son illər Azərbaycanın bir sıra Latın Amerikası və Afrika ölkələrində yeni səfirlikləri açılıb.
Hazırda ölkəmizin Kuba, Meksika (Kolumbiya, Panama, Honduras, Peru, Kosta Rika və Qvatemala da akkreditə olunub), Argentina (Uruqvay, Çili, Boliviya və Paraqvayda da akkreditə olunub), Braziliyada (Ekvador, Surinam, Qayana və Trinidad-Tobaqoda da akkreditə olunub) səfirlikləri, ötən il Kolumbiya, Uruqvay, Çili, bu il isə Peruda diplomatik ofisləri təsis edilib.
Həmçinin, Azərbaycanın Afrika ölkələri olan Misir, Mərakeş (Tunis, Mali, Qambiya, Portuqaliya, Seneqal və Mavritaniya akkreditə olunub), Efiopiya, Cənubi Afrika Respublikasında səfirlikləri fəaliyyət göstərir.
2017-ci ilin dövlət büdcəsindən Azərbaycanın Xarici İşlər Nazirliyinə 9 963 208 manat vəsaitin ayrılmışdı.
Bu rəqəm 2016-cı ildə 11 607 589 manat təşkil edib. Bu il üçün nəzərdə tutulan vəsait 2016-cı il ilə müqayisədə 1 644 381 azdır.
Ona görə də dövlət xərclərini azaltmaq üçün hökumət görünür, Xarici İşlər Nazirliyi sisteminin strukturunda dəyişiklik etmək qərarına gəlib. Büdcəyə qənaət məqsədilə ləğv ediləcək qurumlar az deyil.
Hələ ötən ilki devalvasiyadan sonra büdcə xərclərinin azaldılmasına nail olmaq üçün hökumətdə struktur islahatlarının həyata keçirilməsi təklif olunmuşdu. Bu sırada bəzi nazirliklərin, komitələrin birləşdirilməsi yer alırdı.
Hazırda ləğv olunması və ya birləşdirilməsi nəzərdə tutulan səfirliklərin, konsulluqların illik büdcəsi 3-4 milyon dollar etmir.
Bəzi analitiklərin fikrincə, xarici ölkələrdə səfirliklərimizin sayını azaltmaqla qənaət rejiminə keçməkdənsə ixtisarlar hesabına Diaspor Komitəsini Xarici İşlər Nazirliyinə biləşdirmək daha doğru yoldur.
Struktur optimallaşdırılması həm də strukturun dəyişməsi anlamına gəlir. Yəni, bəzi səfirliklər bir-biri ilə birləşdirilə bilər. Azərbaycan Avropada bu təcrübəni sınaqdan keçirib.
Geri qayıt