AŞPA təmsilçisi məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılmasını pisləyib

AŞPA təmsilçisi məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılmasını pisləyib «Azərbaycan vətəndaşlarının ədalətli mühakimə imkanları məhdudlaşdırılmamalıdır».

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanda nümayəndəlik institutu ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklər haqda açıqlamasında belə vurğulayıb.

AŞPA təmsilçisi Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmələrdə nümayəndə kimi çıxış etməsinin məhdudlaşdırılmasından narahatlığını ifadə edib.

Eyni zamanda, 50-yədək hüquq-müdafiə təşkilatının birləşdiyi İnsan Haqları üçün Beynəlxalq Tərəfdaşlıq Birliyinin bəyanatında da Azərbaycan məhkəmələrində nümayəndəlik institutunun məhdudlaşdırılması pislənmişdi.

Prezident İlham Əliyev noyabrın 7-si «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişiklikləri təsdiqləyib.

Parlament ötən həftə bu dəyişiklikləri qəbul etmişdi.

Bəzi hüquqşünasların fikrincə, bu dəyişikliklərlə nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Onlar vurğulayırlar ki, artıq Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.

Nümayəndəlik institutunun fəaliyyəti ilə bağlı dəyişiklik təşəbbüsü parlamentə Ali Məhkəmənin rəhbərliyindən gəlib. Məqsədin isə vətəndaşlara göstərilən hüquqi xidmətin keyfiyyətini yaxşılaşdırmaq olduğunu deyirlər. Arqument kimi, bir sıra hallarda hüquqşünas olmayan şəxslərin nümayəndə qismində iştirak edib keyfiyyətli müdafiə həyata keçirə bilməməsini göstərirlər. Bununla belə, yeni qanunda da istisna kimi, istənilən peşə sahibinə yaxın qohumunun hüquqi nümayəndəsi olmaq səlahiyyəti verilib.
Geri qayıt