BMT-nin Korrupsiyaya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin 7-ci Sessiyası öz işini başa çatdırmışdır

BMT-nin Korrupsiyaya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin 7-ci Sessiyası öz işini başa çatdırmışdır Noyabrın 6-da Avstriya Respublikasının paytaxtı Vyana şəhərində öz işinə başlayan Birləşmiş Millətlər Təşkilatının (BMT) Korrupsiyaya əleyhinə Konvensiyasına Tərəf Dövlətlərin 7-ci Sessiyası öz işini başa çatdırmışdır.
Konvensiyaya tərəf olan 183 dövləti, müşahidəçi statusuna malik ölkələri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını təmsil edən 1800-dən çox nümayəndənin iştirak etdiyi konfransda təşkilatın Korrupsiya əleyhinə Konvensiyasının icrası istiqamətində həyata keçirilmiş tədbirlərə dair ölkələrin məruzələri dinlənilmiş, eləcə də korrupsiyanın qarşısının alınması, cinayət yolu ilə əldə edilmiş gəlirlərin bərpası, həmçinin korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə bağlı dinləmələr keçirilmiş, müvafiq qətnamə layihələri müzakirə edilərək qəbul edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov daha öncə mətbuatda geniş işıqlandırılan Plenar iclasın açılışında çıxışı zamanı “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və korrupsiyaya qarşı mübarizədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsində ölkəmizin təcrübəsi və nailiyyətlərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Bununla yanaşı, korrupsiya cinayətlərinin aşkara çıxarılması ilə bağlı xüsusi iclasda çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən qanunvericilik və institusional islahatlar, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti barədə məlumat vermişdir. Bu kateqoriyadan olan cinayətlərin istintaqı zamanı müxtəlif ölkələrin hüquq mühafizə orqanları arasında qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanaraq Baş İdarə tərəfindən fəaliyyəti təmin edilən Beynəlxalq Prokurorlar Assosiasiyasının (IAP) Anti-Korrupsiya Prokurorları Şəbəkəsinin (NACP) bu istiqamətdə əhəmiyyəti xüsusi qeyd edilmişdir.
Tədbir müddətində bir sıra ölkələrin nümayəndə heyətləri ilə keçirilən ikitərəfli görüşlər çərçivəsində ölkələrimizin korrupsiyaya qarşı mübarizə qurumları arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılmış, BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının icra vəziyyəti ilə bağlı Azərbaycan Respublikasının 2-ci dövri icmalının təşkili ilə bağlı məsələlər müzakirə edilmişdir.
Konfrans müddətində korrupsiya cinayətlərinin qarşının alınması və təqibi, əmlakın bərpası, habelə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahəsində əməkdaşlığın gücləndirilməsi barədə qəbul edilən qətnamələr və digər sənədlər bu sahədə fəaliyyətin daha da təkmilləşdirilməsinə zəmin yaradacaqdır.
Geri qayıt