Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı...

Türkiyə və Azərbaycandan göz dağı – Sərkisyanın 4 milyonluq nağılı... Dünəndən etibarən Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə iki hərbi təlim start götürüb. Onlardan biri ordumuzun 15 minlik quru qoşun hissələrinin, 150-dən artıq tank və zirehli texnikanın, 120-dək müxtəlif çaplı raket və artilleriya qurğusunun, reaktiv yaylım atəş sistemi və minaatanların, 20 ədəd müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatlarının cəlb olunduğu fərdi təlimlər, digəri isə qardaş Türkiyə ilə birgə start götürmüş Hərbi Hava Qüvvələrin ortaq təlimləridir.

Birgə təlimlər sentyabrın 30-dək, ordumuzun ayrıca start götürmüş hərbi təlimləri isə sentyabrın 22-dək davam edəcək. Diqqətçəkicidir ki, qardaş Türkiyə ilə birgə təlimlərin açılış mərasiminə Azərbaycanın müdafiə naziri Zakir Həsənovla yanaşı, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral da qatılıb. Təlimlərin ölkəmizdə keçirilməsinin vacibliyini vurğulayan səfir qürur hissi keçirdiyini bildirərək, son illərdə bunun artıq ənənə halını almasını xüsusi qeyd edib. O, təlimlərin başlanması və döyüş aviasiyasının uçuşlarının yüksək səviyyədə keçirilməsi ilə əlaqədar iştirakçılara uğurlar arzulayıb.

O da bəlli olub ki, quru qoşunlarının təlimləri zamanı Azərbaycan ordusunun son zamanlar əldə elədiyi yeni növ döyüş texnikası və sistemlərinin də sınağı həyata keçiriləcək. O sırada Çexiyadan alınmış yeni artilleriya qurğuları da var. Söhbət “DANA” özüyeriyən artilleriya qurğusundan gedir. Azərbaycana o, yeni gətirilib. Faktı Müdafiə Nazirliyindən təsdiq ediblər.

*****

Bu, əlbəttə ki, hər şeydən öncə iki qardaş ölkənin növbəti ortaq güc nümayişlidir. Eyni zamanda Azərbaycanın ayrıca keçirdiyi çoxminlik təlimlər daxil, düşmənə verilən göz dağıdır. Müharibənin bitmədiyi, Azərbaycanın işğal rejimi ilə heç vaxt barışmayacağı və bir qarış torpağını belə Ermənistana güzəşt etməyəcəyi barədə işğalçı ölkəyə və onun gizli-açıq havadarlarına növbəti və aydın mesajdır. Gözlənildiyi kimi, hər iki təlim ən əvvəl Ermənistanda böyük narahatlıqla izlənməyə başlayıb.

Maraqlidir ki, Azərbaycan öz hərbi və döyüş hazırlıqlarını həm də NATO üzvü, qardaş Türkiyə ilə birgə daha da gücləndirərkən Ermənistan prezidenti Serj Sərkisyan öz xalqına nağıllar danışmaqda davam edir - sanki bu ölkə Azərbaycanla müharibə vəziyyətində deyilmiş. Belə ki, Musavat.com-un erməni qaynağına istinadən verdiyi məlumata görə, dünən İrəvanda başlayan VI Ermənistan-Diaspora Forumunda çıxış edən düşmən ölkənin başçısı 2040-cı ilədək Ermənistan əhalisinin sayını 4 milyona (?!) çatdırılmasının vacib olduğu barədə fikirlər söyləyib.
Sərkisyanın sözlərinə görə, Ermənistandakı neqativ demoqrafik meyllər hakimiyyəti olduqca narahat edir. “Və hakimiyyətin addımları təbi artımın böyüməsinə, miqrasiya balansının gəlmələr və repatriasiyanın (vətənə dönənlər - s.s.) xeyrinə pozulmasına yönələcək”, - deyə o qeyd edib.

Ancaq necə, nəyin və hansı resursların hesabına? İşğalçı ölkədəki kriminal rejimin rəhbəri söyləməyib. Yalnız bunu deyib ki: “Yaxın 25 il üçün belə bir hədəf qoymaqla biz öz səylərimizi birləşdirməli və bu müzakirələri gələcək forumlarımızın diqqət mərkəzinə gətirməliyik. Biz bu xüsusda hədəfə çatmaq üçün diasporun hansı icmasının hansı işi görməli olduğunu müəyyənləşdirməliyik”.

Düzdür, Sərkisyan bu hədəfə çatmaq üçün əhalinin yaxşı əməkhaqqı almasının, erməni diasporunun ölkəyə sərmayə qoymasını həvəsləndirməyin vacibliyini də qeyd edib. Ancaq yenə sual ortaya çıxır ki, işğalçı ordusuna düz-əməlli çağırışçı tapa bilməyən bir hakimiyyət əmək qabiliyyətli əhalinin müharibə təhlükəsi, korrupsiya və başqa səbəblərdən ölkəni sürətlə tərk etməsini qarşısını necə alacaq?

*****

Müharibə isə doğrudan da hələ bitməyib. Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında bir neçə dəfə xüsusi vurğulayıb ki, müharibənin yalnız birinci hissəsi başa çatıb. Bu qəbildən xəbərdarlıqlar əslində erməni əhaliyə çoxdan çatıb və o, haqlı olaraq, ölkəni tərk edir, əksəriyyət də həmişəlik.

Bu minvalla 2040-cı ildə Ermənistan əhalisi nəinki 4 milyona çatmayacaq, Ermənistan ümumiyyətlə, boşalacaq, ya da Ermənistan adlında dövlət olmayacaq. Bir çox analitiklər isə Rusiyanın çöküşündən sonra Ermənistanın ümumiyyətlə, dağılıb gedəcəyini proqnoz edirlər.
Bu mənada İrəvanda 10 belə Ermənistan-Diaspora forumu keçirilsin, onların erməni xalqına heç bir faydası olmayacaq. Ola da bilməz. Çünki Ermənistanın xilası, onun xalqının gerçək rifahı yalnız bir problemə bənddir - Qarabağ məsələsinə. Qarabağ məsələsi ədalətli şəkildə həllini tapmayınca Ermənistan və erməni xalqı heç vaxt özünü təhlükəsizlikdə hiss eləməyəcək, izolyasiyadan qurtula bilməyəcək. Müharibə təhlükəsi “Domokl qılıncı” kimi daima üzərinə asılı qalacaq.

Deməli, ölkə bundan sonra da irili-xırdalı iqtisadi-kommunikasiya layihələrindən kənarda qalıb təcrid olunacaq, Ermənistana heç bir ciddi xarici sərmayəçi sərmayə yatırmayacaq. Necə ki, yatırmır. Nəhayət, düşmən ölkənin sovetdən qalan iqtisadiyyatı “anklav” durumundan heç vaxt çıxa bilməyəcək. Yekun etibarilə belə bir ölkədə yaşamağın özünün məntiqi qalmayacaq. 4 milyonluq əhali nağılı beləcə, nağıl olaraq qalacaq...

musavat.com
Geri qayıt