Prezidentlə Avropa və ABŞ-ı düşmən edən “beşinci kolon”dan şok faktlar

Prezidentlə Avropa və ABŞ-ı düşmən edən “beşinci kolon”dan şok faktlar Hakimiyyət daxilindəki ruspərəstlər Qərb dünyasını ayağa qaldırıb; seçkiqabağı təzyiq kampaniyasının - Pərdəarxası
Rəsmi Bakı ilə Qərb arasında təzədən “soyuq küləklər” əsir. Məlumata görə, ötən həftə bu gərginlik ən pik həddə çatdı.
Hətta dövlət qəzeti olan “Azərbaycan” ABŞ-ı hədələdi. Bu, hakimiyyət rəsmilərinə sanksiya tətbiq olunması sənədinə bir cavab idi.

Şantaj və sabotaj siyasəti

Amma münasibətlərin korlanması heç də ürəkaçan dövrə təsadüf eləmədi. Prezident seçkilərinə bir il qalmış Azərbaycanla beynəlxalq aləm arasında “atəşkəs” pozuldu.
Bu əlaqələrin pisləşməsi üçün dəridən-qabıqdan çıxan iqtidardakı “5-ci kolon” toy-bayram edir. Onlar nəhayət ki, istəklərinə çatdılar - Kremlin strateji siyasətini gerçəkləşdirdilər.
Hərçənd, prezident İlham Əliyev ötən il martın 31-də ABŞ-a gedərək münasibətləri qaydasına salmışdı. Daha sonra ABŞ-ın yeni prezidenti Donald Trampdan isti mesajlar gəlmişdi.
Dövlət qəzetləri təntənəli şəkildə bu hadisəni qeyd edirdilər. Azərbaycan-ABŞ əlaqələrindəki soyuqluğa son qoyulduğu vurğulanırdı.
Amma ruspərəstlər əlindən gələni etdilər ki, Qərblə əlaqələri pozsunlar. Bu pozuculuq siyasətində Prezident Administrasiyasındakı bəzi dairələr də iştirak edirdilər.
Onlar Rusiyanın diktəsi ilə hərəkət edənlər idi. Az əvvəl deputat Qüdrət Həsənquliyev də demişdi ki, bəzi məmurlar Azərbaycanın yox, başqa ölkələrin prezidentlərinə xidmət edirlər.
Deputat həmin qüvvələrin prezidentə arxa çevirməyə hər an hazır olduqlarını xüsusi vurğulamışdı. Millət vəkilinin ismarıcları çılpaq şəkildə görünməkdədir: təzə-təzə Qərblə münasibətləri qaydasına salan ölkə rəhbərliyi yenidən təzyiqlərlə üzləşib.
Bir yandan Qərb və ABŞ-ın nüfuzlu nəşrləri araşdırma materiallar yayır, digər tərəfdən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsinə görə sanksiyaların tətbiqi üzrə sənəd hazırlanır, başqa bir yandan isə ABŞ Dövlət Departamentindən sərt tənqidlər eşidilir.
Kimə lazım idi bu? Niyə İ.Əliyev siyasi şantajla üz-üzə qalıb? Nə üçün ölkənin bu günündə rəsmi Bakının Qərblə münasibətlərini pisləşdirirlər? Təbii ki, bütün bunlar Moskvanın kolonuna lazım idi.

Əli Həsənovun xidməti...

Məlumata görə, prezidentin özü həmişə balanslaşdırılmış siyasəti düzgün istiqamətdə aparsa da, Azərbaycan daxilində “5-ci kolon”un nümayəndələri buna imkan vermirlər.
Hansı ki, ötən il konqresmenlər Azərbaycan hökumətinə qarşı sanksiyalar tədbiq etməyə hazır idilər. Ancaq İlham Əliyevin düzgün xarici siyasəti bu xoşagəlməz hadisələrin qarşısını aldı.
Buna baxmayaraq DTX-nin reketlərə qarşı apardığı həbslərdən kənar ciddi və ictimai nüfuza malik jurnalistlərin də həbs edilməsi Azərbaycanı dünyəvi problemlərə məruz qoyur.
Bunun da başlıca səbəbi Rusiyanın əlinə xidmət edən “5-ci kolon”un təxribatıdır. Hər halda prezident seçkilərinə bir o qədər də uzun vaxt qalmayıb. Bu ərəfədə M.Əliyevin həbsi uğurlu addım deyildi.
Üstəgəl, prezident ölkə daxili məsələlərin düzgün siyasətin tənzimlənməsini köməkçisinə tapşırıb. O isə bunların heç birinə demək olar ki, əməl etmir.
Söhbət PA-da İctimai - Siyasi şöbəyə rəhbərlik edən Əli Həsənovdan gedir. Prezident köməkçisi hələ də M.Əliyevin həbsi ilə bağlı real münasibət bildirmir.
Baxmayaraq ki, ölkənin tanınmış ziyalıları ölkə rəhbərliyinə müraciət ediblər. Hakimiyyətdəki dairələr isə jurnalistin azad edilməsinə qarşı dirəniş göstərməkdədirlər.
Əslində PA-da İctimai Siyasi Şöbənin ölkə daxili siyasətin normal istiqamətində aparmalı olduğu işlərin əvəzinə böyük biznes imperiyasının qurmaqla məşğuldur. Bu da ölkəmizin siyasi rəhbərliyinin əleyhdarlarının artmasına təkan verir.
Nəticədə Azərbaycanın dünyaya çıxışı, demokratik açılımı, Qərblə əməkdaşlıqların genişləndirilməsi, islahatların sürətləndirilməsi tormozlanır. Faktiki olaraq, Kremlin dayaqları Azərbaycanda ictimai-siyasi islahatları tormozlamaqla məşğuldurlar.

Seçkiqabağı gərginlik

Məlumata görə, “Guardian”, Fransa İTV, “Vaşinqton Post”, BBC kimi mediaların Azərbaycan hakimiyyətinə qarşı təqdim etdiyi materiallar seçkiqabağı təzyiq məqsədi daşıya bilər.
Ancaq bu təzyiq kampaniyasına start verilməsi üçün zərurəti məhz Rusiyaya meyilli məmur təbəqəsi yaradıb.
Məhz M.Əliyevin həbsi, müstəqil nəşrlərin qapadılması, tənqidçi elektron medianın bloklanması və s. repressiv fəaliyyət dünyanı ayağa qaldırır.
Lakin PA-da olan məmurlar - Əli Həsənov və YAP funksionerləri Qərbi qərəzli olmaqda ittiham etməkdənsə ziyalıların müraciətini ölkə başçısının diqqətinə çatdıra bilər, yumşalma siyasi kursunu seçə bilər.
Ancaq bəzi qüvvələr məqsədli şəkildə prezidentlə beynəlxalq birliyin münasibətlərini korlayırlar.
Hakim komanda içərisində müxtəlif qruplaşmalar öz mövqelərini möhkəmləndirməyə, öz güclərini nümayiş etdirməyə çalışırlar, vitse-prezident postuna kadrlarını yerləşdirmək üçün dəridən-qabıqdan çıxırlar.
Bu maraqların təmin olunması və balansın qorunması üçün prezident İlham Əliyevin daxildəki konfliktlərin səngiməsini gözlədiyi müşahidə edilməkdədir.
Köhnə qvardiya iqtidarda mövqelərinin zəifləməsinə cavab olaraq siyasi həbslərə başladı, 5-ci kolon fəallaşdırıldı, anti-Qərb ritorikası gücləndirildi. Beləliklə, referendumdan bir il ötsə də, referendum savaşı bitməyib.
Siyasi məhbusların sayının artması M.Əliyevin tutulmasında partlayış nöqtəsi oldu. İş o yerə çatdı ki, deputat Qüdrət Həsənquliyev də açıq şəkildə danışdı.
O, hökumətə tövsiyə etdi - Qərbdən təzyiqlərin azalmasını istəyirsizsə siyasi məhbusları azad edin.
Ancaq hakimiyyətin Qərblə münasibətlərini korlayan, siyasi məhbusların çoxalmasını təşkil edən, Avropadan təzyiqlərin gəlməsinə şərait yaradan da məhz “5-ci kolon”dur.
PA-nın İctimai-Siyasi vəziyyətə nəzarət edən şöbənin rəhbəri Əli Həsənova gəlincə, bu proseslərdə prezidentə olan qərəzli təzyiqləri qabaqlamaq üçün heç bir tədbir görmür.
Moskva və onun Bakıdakı “donanma”sı Əliyevin dünya ilə yaxınlaşmasına imkan vermir.
M.Əliyevin həbsinə görə yazıçı Anardan aktyor Nurəddin Mehdixanlıya qədər ziyalılar prezidentə müraciət edirsə, deməli daxildə şiddətli döyüşlər getməkdədir.
Bəs, bu müraciətə niyə Ə.Həsənov reaksiya vermir? Niyə prezidentin tapşırıqlarına zidd siyasət yürüdür?
Nə üçün ölkənin sanballı adamlarının xahişinə Ə.Həsənov tərəfindən münasibət bildirilmir? Axı onun vəzifəsi məhz İctimai-Siyasi şöbəyə nəzarətdir.

2013-lə 2018-in fərqi - Dosye

Məlumata görə, 2013-dən bəri çox dəyişikliklər olub. Xalqın əhval-ruhiyyəsi dəyişib, insanları aldatmaq və təəccübləndirmək olmur, sosial şəbəkələr ciddi şəkildə beyinlərdə inqilab edib.
Bundan əlavə, iqtisadi vəziyyət gözlənildiyindən də ağırlaşıb, xalqa verilən vədlər puça çıxıb, neft pulları tükənib, dəbdəbəli layihələr, tikinti bumu, inkişaf nağılları sona yetib, indi baramaçılıq, tütünçülüyün ümidinə qalıb ölkə iqtisadiyyatı...
Bu da azdır - məmur uşaqlarının qudurğanlıqları, faciələr, intiharlar, işsizlik, neftçilərin ölümü, yanan bina işi, MTN və rabitə olayları, klanlarası savaşın şiddətlənməsi, komanda daxilindəki parçalanma və ən nəhayət xarici amillər 2013-2018 aralığında baş verənlər qısa xülasəsidir.
Belə mürəkkəb siyasi mənzərənin yaşandığı ölkədə 2018-ci il seçkilərinə bir il qalmış Azərbaycan hakimiyyətinə başlanan təzyiqlərin dayandırılmasına nail olmaq əvəzinə Qərbi qıcıqlandırmaq xətti götürülüb.
Bu kursu isə 5-ci kolondakı fiqurlar reallaşdırır. Onlar “Azərbaycan” qəzetində, iqtidarın müxtəlif medialarında ABŞ əleyhinə çıxışlar edirlər.
“Turan” İnformasiya Agentliyinə vergi cinayəti işi açılması da məhz media siyasətinin tərkib hissəsiydi.
Bu siyasi kurs iqtidar içərisindəki məmurların öz qərarları və diktəsi ilə reallaşmır. Hakimiyyətə yaxın qaynağımızın sözlərinə görə, Rusiyaya bağlı nüfuzlu siyasi qanadın fəaliyyəti nəticəsində Qərb təsisatlarına yaxın media quruluşları çökdürülür.
Kreml Azərbaycanda Qərbyönümlü medianın mövcudluğunu istəmir. Görünür ki, bu hansısa siyasi ssenarinin başlanğıcına hazırlıqdır.
Eyni zamanda şək-şübhəsiz ki, razılaşdırılmış kampaniyadır. Yəni, Moskvanın istəkləri məmnuniyyətlə yerinə yetirilir və Azərbaycan tərəfi tapşırıqları yüksək səviyyədə icra edir.
Bu şəbəkənin kök atmış mövqeləri var və istənilən an fəallaşırlar. Onlar Azərbaycanda Qərbin güclənməsini önləyirlər və Qərbpərəst təşkilatları, mediaları məhv edirlər. Sonuncu magikanlardan biri isə “Turan” İA idi.
2018-ci il seçkilərinə az vaxt qalmış Qərb səfirliklərinin bülletenlərinə abunə olduğu agentliyə vergi cinayəti barədə iş açılır və qurumun direktoru Mehman Əliyev Kremlə yaxın qruplaşmanın hədəfinə çıxarılıb.
M.Əliyev Moskvanın “5-ci kolon”u ilə əməkdaşlıqdan imtina etmiş və işini peşəkar səviyyədə qurmuş media kapitanıdır.
Hakimiyyətdəki rus qanadı isə belələri ilə işləməkdən çox, sıradan çıxarmaq xəttini seçim edirlər. M.Əliyev Qərbin hörmət bəslədiyi az sayda media adamlarındandır.
Rusiyanın isə Azərbaycanda Qərbpərəst mətbuatı “zərərsizləşdirməsi”nin səbəbi informasiya müharibəsində qalib gəlmək istəyidir.
Bütün təbliğat maşını Kreml üçün işləməkdədir: Putin haqda pozitiv məqalələr, rus dilinin 2-ci dövlət dili olması təklifinin sosial şəbəkələrdə müzakirəyə çıxarılması, telekanallarda anti-Rusiya süjetlərini qadağan etmək, bəzi rəsmilərin çıxışlarında “ayı” məhəbbəti şimal qonşumuzu tərifləyən medianın formalaşdırılması cəhdidir...
P.S. Bu gün Mehman Əliyevin azadlığa çıxmasını eşidib bildik ki, artıq 5-ci kalon gücünü itirib və Azərbaycan siyasi hakimiyyətinin elitasında vəzifə sahibi olan bəzi yüksək rütbəli şəxslər, hələ də dövləti müstəqilliyimizin keşiyindədirlər. Bəli, Mehman Əliyevin azadlığa şıxması bir daha onu sübut etdi ki, hal-hazırda Azərbaycan mediası adı çəkilən şəxsin əsassız şəkildə həbsini ictimailəşdirməklə öz gücünü ortaya qoydu. Bu şəxsin azadlığa çıxması media cameəsinin bir növ 5-ci kalon üzərində qələbəsi olmaqla bərabər, həm də azad sözün yaşadılması, azad fikrin ifadə edilməsi yolunda aparılan mübarizənin parlaq təcəssümü oldu.
Bir faktı da qeyd edək ki, ölkə rəhbəri cənab İlham Əliyev 22 iyul Milli Mətbuatımızın ildönümü ilə bağlı keçirilən görüşdə vurğuladı ki, “jurnalistlər mənim dostlarımdır, mən bəzi məlumatları onların yazdıqları açıqlamalardan əldə edirəm”. Cənab Prezidentin bu cür açıqlaması bir daha onu söyləməyə əsas verir ki, ölkə rəhbəri dövlətimizin taleyini düşünən, onun problemlərini qabardan, hər hansı qruplaşmaya xidmət etməyən jurnalistləri özünə yaxın bilir. Amma, bu gün Azərbaycanın media aləmində müəyyən bir kəsim var ki, həmin kəsim də 5-ci kalonun nökəri olmaqla bərabər, yalnız verilən sifarişləri yerinə yetirib, bir növ “drijor” rolunu oynayırlar. Tarix isə, hər kəsə əməlinə və yanaşmasına görə qiymətini verib, ya həmin kəsləri qiymətləndirir, ya da ki, lənətləyir.

"Gündəm Xəbər"
Geri qayıt