Azərbaycan ABŞ-ı hədələdi - Əməkdaşlıqdan imtina

Azərbaycan ABŞ-ı hədələdi - Əməkdaşlıqdan imtina Son günlər Qərbin müəyyən dairələrinin Azərbaycana qarşı sanksiyalaşdırdığı yeni qarayaxma kampaniyası fonunda ABŞ-Azərbaycan əlaqələrinin perspektivinə kölgə sala biləcək proseslərin cərəyan etdiyi müşahidə olunur.
Bu haqda rəsmi dövlət qəzeti olan “Azərbaycan” yazıb. Qəzet bildirir ki, sentyabrın 4-də - eyni gündə “The Washington Post” və “The Guardian” nəşrlərində sifarişlə dərc olunmuş iki məqalə yeni hücum üçün siqnal oldu və dərhal “5-ci kolon” da daxil olmaqla nəhəng “diskreditasiya maşını” işə düşdü.
Müxtəlif beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin tənqidi reaksiyası ənənəvi sxem üzrə Azərbaycanın növbəti dəfə hədəfə götürüldüyünə heç bir şübhə yeri qoymadı. Sentyabrın 7-də Dövlət Departamentinin sözçüsü Heather Nauert bəyanatla çıxış edərək hazırda həbsdə olan “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin azadlığa buraxılmasını tələb etdi. Bunun ardınca isə ermənipərəst senator Riçard Durbin 2018-ci büdcə ili üçün Ştat və Xarici Əməliyyatlara dair qanun layihəsinin müzakirəsi əsnasında Azərbaycan rəsmilərinə qarşı sanksiyaları nəzərdə tutan düzəlişi Senatın müvafiq komitəsinə təqdim etdi. Həmçinin Devid Kramer də daxil olmaqla Obama dövründən qalma bir qrup “ştatlı tənqidçi” sanksiyaların reallaşdırılması ilə bağlı təbliğat aparmağa başladı.
“Azərbaycan” qəzeti yazır ki, görünən odur ki, Azərbaycanı daim hədəfdə saxlayan sorosçu dairələr və erməni lobbisi yaranmış fürsətdən istifadə edərək ABŞ-Azərbaycan münasibətlərini, strateji tərəfdaşlıq əlaqələrini pozmaq üçün hərəkətə keçiblər.
Etiraf edilməlidir ki, Donald Tramp ABŞ Prezidenti seçildikdən sonra B.Obama Administrasiyasının iki ölkə arasında yaratdığı fəsadların aradan qalxacağına böyük ümid yaranmışdı. Bir çox ekspertlər cənab Trampın prezidentliyinin ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyevlə telefon əlaqəsini ikitərəfli münasibətlərdə yeni səhifəsi kimi şərh etmişdilər. 2016-cı ilin aprelində Azərbaycan dövləti başçısının ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması, dövlət katibi Con Kerri və bir sıra digər rəsmi şəxslərlə görüşü iki ölkə arasında inkişaf edən dostluq və tərəfdaşlığın təzahürü kimi səciyyələndirildi. ABŞ Prezidentinin 28 may - Respublika Günü və XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransı ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktublarında isə ikitərəfli münasibətlərdə yeni dönəmin başlandığına birbaşa işarə edilmişdi. Donald Tramp həm Azərbaycan və ABŞ, həm də dünya üçün daha gözəl gələcək naminə Prezident İlham Əliyevlə fəal tərəfdaş kimi işləməyi səbirsizliklə gözlədiyini bildirmişdi.
Təbii ki, bütün bunlar cənab Trampın Bakıya şəxsi münasibətindən daha çox, ABŞ-ın yeni seçilmiş prezidentinin Cənubi Qafqaz regionunun aparıcı ölkəsi olan Azərbaycanın Qərbin terrorla mübarizəsi, mühüm enerji layihələrinin həyata keçirilməsi və digər önəmli məsələlərdə yeri və roluna verdiyi qiymət kimi xarakterizə olunmalıdır. Digər tərəfdən, cənab D.Tramp dəfələrlə bəyan etmişdi ki, ABŞ əvvəlki dövrlərdə olduğu kimi, öz xarici siyasətini digər ölkələrin daxili işlərinə müdaxilə, onları idarə etməyə çalışmaq prinsipi üzərində qurmayacaq. Bu da onu deməyə əsas verirdi ki, ABŞ Prezidenti digər ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini inkişaf etdirməyi qarşısına məqsəd qoyur. Bu siyasət Birləşmiş Ştatların keçmiş Prezidenti Barak Obamanın dövründə ABŞ-Azərbaycan əlaqələrində müşahidə olunan mənfi halların və soyuqluğun aradan qaldırılması, iki ölkə arasında faydalı və bərabərhüquqlu əməkdaşlığın, strateji tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yaxşı başlanğıc ola bilərdi.
Lakin son hadisələr göstərir ki, rəsmi Vaşinqton Obama dövrünün stereotiplərindən, müxtəlif lobbi qruplarının dövlətin rəsmi siyasətinə güclü təsir rıçaqlarından hələ də xilas ola bilməyib. Dövlət Departamenti, Konqres və digər vacib idarəçilik və qanunvericilik institutlarında mühüm postlar tutan maraqlı qüvvələr “demokratiya” və “insan hüquqları” adı altında müstəqil ölkələrin daxili işlərinə müdaxilə siyasətini cənab Trampın bəyan etdiyi strateji kursa qarşı qoyaraq, ABŞ-ın tərəfdaşlarını öz siyasətlərinə yenidən baxmağa sövq edirlər.
Bu qüvvələr hesab edirlər ki, Azərbaycanın öz dövlətçilik, milli maraqları ya ümumiyyətlə olmamalı, ya da onların cızdığı çərçivədən kənara çıxmamalıdır. Bu, tamamilə yanlış düşüncə tərzidir. Azərbaycan artıq əyani şəkildə sübut edib ki, müstəqil dövlət olaraq daxili və xarici siyasətini, beynəlxalq əlaqələrini özü müəyyənləşdirir və bunun üçün hansısa güc mərkəzinin, kənar qüvvənin məsləhətlərinə ehtiyac görmür. Bəlkə buna görə ABŞ-ın bəzi dairələri belə fikirləşirlər ki, Azərbaycan artıq Qərbi və onun dəyərlərini “inkar etmək” yolunu tutub. Buna görə də Dövlət Departamentinin rəsmi orqanı kimi qəbul edilən “The Washington Post” qəzeti başda olmaqla bəzi Qərb KİV-ində Azərbaycanın əleyhinə heç bir tərəfdaşlıq anlayışına sığmayan, adi etika çərçivəsini aşan qondarma materiallar verilir, “Human Rights Watch”, “Freedom House” və digər bu kimi təşkilatlardan təzyiq vasitəsi kimi istifadə olunur.
Uzun illər Azərbaycan belə ittihamlara dözümlü yanaşıb, bu kimi ədalətsiz hücumların strateji tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli səmərəli əməkdaşlıq əlaqələrinin inkişafına kölgə salmaması üçün əlindən gələni edib. Azərbaycan bir tərəfdən aydın şəkildə göstərib ki, öz strateji seçiminə, vəzifə və öhdəliklərinə sadiqdir. Digər tərəfdən isə hamıya nümayiş etdirib ki, müstəqil bir dövlət kimi dünya siyasətinin bütün aktorları ilə əlaqələrini bərabərhüquqlu əməkdaşlıq çərçivəsində qurmaq əzmindədir və heç bir halda öz milli maraqlarına təhlükə yaradan addımlar atmayacaqdır. Bu kontekstdə Azərbaycanın ABŞ və Avropa İttifaqına münasibətindəki səmimiyyəti bir növ etalon adlandırmaq da olar. Reallıq da budur ki, rəsmi Bakı hələ də bu seçimdən imtina etməyib, müxtəlif güc mərkəzlərinin, bəzi region dövlətlərinin təzyiqinə baxmayaraq, həm Avropa İttifaqı, həm də ABŞ ilə strateji tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışır.
Əgər ABŞ-da antiazərbaycan dairələri və lobbi maraqları üstün gələrsə və Rusiyaya qarşı tətbiq edilmiş “Qlobal Maqnikski Aktı” Azərbaycana da şamil olunarsa, rəsmi Bakı Qərblə tərəfdaşlıq siyasətinə yenidən baxa və adekvat addımlar ata bilərmi? Bu addımlar hansılar olacaq?
Ekspertlərin rəyinə görə, təcrübə göstərir ki, rəsmi Bakı öz tərəfdaşları ilə münasibətlərində kifayət qədər səmimi olsa da, təzyiq və dominantlıq siyasətini heç vaxt qəbul etməyib. Bu baxımdan, Azərbaycan hakimiyyətinin Qərblə strateji tərəfdaşlıq əlaqələrindən imtinanı nəzərdə tutan adekvat addımlar ata biləcəyi tam realdır.
Artıq qeyd edildiyi kimi, Azərbaycanın Qərblə tərəfdaşlığı bəzi böyük region dövlətlərini narahat edir və qıcıqlandırır. Lakin çoxvektorlu, balanslı siyasətə üstünlük verən rəsmi Bakı bütün təzyiqlərə davam gətirərək ABŞ və Avropa İttifaqı ilə strateji tərəfdaşlığını davam və inkişaf etdirib. Sanksiya və bu kimi yanlış addımlar rəsmi Bakını öz xarici siyasətini yenidən nəzərdən keçirməyə və birtərəfli seçimə üstünlük verməyə məcbur edə bilər. Bu isə regionda böyük maraqları olan ABŞ və Qərb dövlətləri üçün ciddi itki olacaqdır.
Məlumdur ki, Azərbaycanın sülhməramlı tağımları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda sülhyaratma missiyasının tərkibində iştirak etdilər. 2002-ci ildə analoji missiyanı Əfqanıstanda həyata keçirməyə başlayan Azərbaycan əsgərləri bu gün də həmin ölkədə öz vəzifə borclarını ləyaqətlə yerinə yetirirlər. Azərbaycan öz hava məkanını açmaqla və mövcud hava nəqliyyatı infrastrukturundan istifadə imkanlarına şərait yaratmaqla, Əfqanıstanda dislokasiya olunmuş NATO hərbi kontingentinin təchizatına mühüm dəstək göstərir. Buna görə də Azərbaycan, ilk növbədə, Qərblə hərbi-geostrateji müstəvidə əməkdaşlığını, antiterror əməliyyatlarında, sülhyaratma missiyasında iştirakını dayandıra və Əfqanıstanda NATO kontingentinin təchizatı üçün imkan yaratmaqdan imtina edə bilər.
Bu gün Azərbaycana qarşı yeni kampaniyanı sanksiyalaşdıranlar sadəlövhcəsinə zənn edirlər ki, bu addımla “5-ci kolon”u, öz “dostlarını” müdafiə edə biləcəklər. Uzun illərdir rəsmi Bakı Xədicə İsmayıl, Mehman Əliyev, Emin Milli və digər bu kimi anti-milli ünsürlərin, Qərbin QHT və media şəbəkəsinin özbaşınalığına göz yummağa çalışıb, onların konkret olaraq bəlli missiya yerinə yetirdiyi açıq-aydın görünsə də, buna dözümlü yanaşıb. Ancaq bu şəbəkənin fəaliyyəti dövlətin əsaslarını sarsıtmağa başlayanda preventiv tədbirlərin həyata keçirilməsi zərurətə çevrilib və lazımi addımlar atılıb. Qərbin yeni “demarşı” isə bu addımların daha da dərinləşdirilməsi üçün ciddi əsas yarada bilər.
Əlbəttə, görüləcək tədbirlərin siyahısı genişdir və təbii ki, təkcə sadalananları əhatə etmir. Ancaq bütün bunlara nə ehtiyac var? Azərbaycanı sıxışdıraraq özündən uzaqlaşdırmaq Qərbə yaxşı nə verə bilər?
Azərbaycan ABŞ və Qərb ilə münasibətlərinə sadiqdir və bu əlaqələrin daha da dərinləşdirilməsinin tərəfdarıdır. Ümid etmək olar ki, Donald Tramp Administrasiyası Barak Obama dövrünün səhvlərini təkrarlamayacaq və Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışan sorosçu şəbəkəyə və erməni lobbisinə meydan verməyəcək. Bu halda nə sanksiya kimi cəfəng addımlara, nə də cavab tədbirlərinə ehtiyac qalmayacaq.
Geri qayıt