Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar vacib addımdır (Video)

Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar vacib addımdır (Video) Milli Şuranın sədri Turan agentliyinin rəhbərinin həbsini qınayıb.
“Mən hesab edirəm ki, nəhayət ki, Amerika Senatı hərəkətə gəldi. Çünki ABŞ dünyada demokratiyanın təminatçısı missiyasını yerinə yetirən bir dövlətdir. Mehman Əliyevin həbsi beynəlxalq aləmi o qədər hiddətləndirdi ki, qısa bir zamanda konqresin müvafiq komitələri bu işdə əli olan məmurlara sanksiya tətbiq edilməsi ilə bağlı məsələni müzakirə edib, Senata təqdim etdilər.”
Bu sözlərlə Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə müsahibəsində ABŞ senatoru Riçard Durbinin Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinin Amerika Birləşmiş Ştatlarına daxil olmasına qadağa qoyulması ilə bağlı düzəliş təqdim etməsinə münasibət bildirib.
O hesab edir ki, bu bir az gecikmiş qərar olsa da, doğru qərardır.
“Bu gün Azərbaycanda siyasi məhbusların sayı 160 nəfər ətrafındadır. Bu sanksiyalarla Azərbaycan hakimiyyətinə layiq olduğu mövqeyi sərgiləmək lazımdır. Mən hesab edirəm ki, Mehman Əliyevin həbsi ilə bağlı bu sanksiya mexanizminin işə düşməsi mütərəqqi bir addımdır”.
Milli Şuranın sədri ümumiyyətlə Mehman Əliyevin həbsinin və ona qarşı irəli sürülən ittihamların saxta xarakter daşıdığını deyib.
“Mehman Əliyev heç bir günah sahibi deyil. Mehman Əliyevə qarşı irəli sürülən iddialar tamamilə saxta xarakter daşıyır. Bu, azad sözü, Turan İnformasiya Agentliyini susdurmaq və hakimiyyətin əlaltısına çevirməkdən ötrü vergi nazirliyi xətti ilə törədilmiş bir qanunsuzluqdur. Mehman Əliyev bu ölkənin dürüst adamlarından biridir. Heç kəsi inandırmaq olmaz ki, Mehman Əliyev vergi yayınmasına yol veribdir. Məlum olduğu kimi Mehman Əliyev müstəqil fəaliyyət göstərib. Balanslaşdırılmış informasiya siyasəti həyata keçirib. Hakimiyyətdən hər hansı bir formada asılı vəziyyətdə olmayıb. Maliyyə yardımı almayıb. Ev bölgüsündə iştirak etməyib. Bütün parametrlərə görə öz müstəqilliyini saxlamış bir insandır. Mehman Əliyevin həbsdə saxlanması o deməkdir ki, bu işi aparan istintaq orqanları, prokurorluq, məhkəmə, hansı hakim ki, saxta dəlillərlə baxır, o, şəxslər törətdiyi əmələ görə məhkəmədə yox, Kürdəxanıda (Kürdəxanı təcridxanası nəzərdə tutulur-red) oturmalıdır”, Cəmil Həsənli qeyd edib.
Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyası motivli adlandırıb.
Vergilər Nazirliyi avqustun 8-də “Turan” agentliyinin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb. Nazirlik iddia edir ki, 60 min manat vergidən yayındırılıb. M.Əliyev ittihamları qəbul etmir.
Avqustun 17-də artıq agentlikdən son 7 ilin sənədlərinin istənildiyi bildirilib. Üstəlik, agentliyin bütün bank hesabları dondurulub.
Turan İnformasiya Agentliyinin kollektivi bəyan edib ki, sentyabrın 1-dən fəaliyyətlərini qeyri-müəyyən vaxtadək dayandırmaq məcburiyyətindədir.
Avqustun 28-dən Turan İnformasiya Agentliyinin (İA) əməkdaşları Vergilər Nazirliyinin Vergi Cinayətləri İdarəsində dindirlilir. Dindirmələr inid də davam etdirilir.
Beynəlxalq təşkilatlar Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
ABŞ Dövlət Departamenti də jurnalistin dərhal azad edilməsinə çağırıb.
Geri qayıt