Rusiya Qareginlə Paşazadəni niyə görüşdürür... - Patriarxların payızı

Rusiya Qareginlə Paşazadəni niyə görüşdürür... - Patriarxların payızı Sentyabrın 8-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü keçiriləcək. Xəbər verildiyi kimi bu görüşü Rus Patriarxı Kirill təşkil edib və dini liderlərin görüşü patriarxın Müqəddəs Danil monastırında yerləşən iqamətgahında baş tutacaq. Danışıqlarda məqsəd Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında dini liderlərin rolunu araşdırmaqdır.
Dini liderlərin Moskvada baş tutacaq görüşü Qarabağ məsələsinin danışıqlar yolu ilə həllindən çoxdan əlini üzmüş Azərbaycan cəmiyyətində demək olar ki, diqqəti cəlb etməyib. Lakin maraqlıdır ki, Ermənistanda bu görüş geniş müzakirə olunur, ekspert çevrələri, siyasətçilər və media dini liderlərin görüşünün Qarabağ məsələsinin sülh yolu ilə həllinə müsbət impuls verə biləcək hadisə hesab edir.
“Sputnik Armenia” agentliyi bu görüşlə bağlı Minsk Qrupunun keçmiş rusiyalı həmsədri Vladimir Kazimirovdan şərh alıb. Kazimirov deyir ki, tərəflər arasında siyasi ziddiyətlərin kəskin olduğu bir vaxtda dini liderlərin görüşü ümid yaradır. “Dini liderlərin Azərbaycan və Ermənistanın ictimai həyatına təsiri nəzərə alınmaqla onların Patriarx Kirillin vasitəçiliyi ilə görüşməsini ancaq alqışlamaq olar. Bu görüş daha da tam olardı, əgər kilsə həqiqi müstəqil institut olsaydı”-Kazimirov deyir.
Keçmiş rusiyalı diplomat bildirib ki, 1991-1994-cü illərdə Rusiyanın vasitəçilik missiyası zamanı münaqişə tərəflərinin dini liderləri arasında təmaslara xüsusi əhəmiyyət verilirdi. “Mən bu missiyanın rəhbəri kimi dəfələrlə dini liderlərlə, o cümlədən indiki patriarx Kirillə görüşmüşəm”-o deyib. Kazimirov əlavə edib ki, tərəflər arasında siyasi ziddiyətlər, gərginlik kifayət qədər yüksək və təhlükəli olaraq qalır. “Ona görə də dini liderlərin görüşü bir az da olsa ümid yaradır. Onlara uğur arzu edirik!”-Kazimirov əlavə edib.
Ermənistan İctimai Şurasının rəhbəri Vazgen Manukyan isə qeyd edib ki, indiki situasiyada münaqişə tərəfləri arasında istənilən səviyyədə təmas ziyan yox, xeyir gətirə bilər. “Mən həmişə onun tərəfində olmuşam ki, istər ictimai qüvvələr, istər hökumət və ya dini liderlər arasında təmaslar olmalıdır. Hər görüş özündə müsbət element ehtiva edir. Ona görə də mən bu cür görüşləri alqışlayıram”-Manukyan bildirib.
Onun sözlərinə görə tək belə görüşlə problem həll olunası deyil, amma bu cür görüşlər tərəfləri həllə yaxınlaşdırır.
İrəvan Dövlət Universitetinin teologiya fakültəsinin müəllimi Vardan Xaçatryan isə deyir ki, Qarabağ münaqişəsində dini zəminin olmaması müsbət amildir. “Arzuolunandır ki, münaqişədə heç bir halda din istifadə olunmasın. Axı bu münaqişə Azərbaycan rəhbərliyi ilə onun vətəndaşları arasında başlayıb”-Xaçatryan deyir. Onun fikrincə dini liderlərin görüşü sülhə ancaq kömək edə bilər.
Patriarx Kirillin mətbuat katibi Aleksandr Volkovun bildirdiynə görə dini liderlərin görüşü “Rusiya və Zaqafqaziya dini liderlərinin sülhməramlı səylərinin davamı” olacaq. “Patriarx Kirillin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri münaqişələrin əllini və Qafqazda ədalətli sülhün təmin olunması yollarını müzakirə edəcəklər”-Volkov deyib.
Qeyd edək ki, dini liderlərin görüşündə ilk növbədə humanitar məsələlər müzakirə oluna bilər. Bura Azərbaycan və Ermənistandan olan əsirlərin “hamının hamıya” prinsipi ilə dəyişdirilməsi məsələsi də daxil ola bilərdi. Belə ki, hazırda iki Azərbaycan vətəndaşı Qarabağda ermənilərin əlində əsirdir. Azərbaycan tərəfdə də erməni vətəndaşlar saxlanılır və rəsmi Bakı bundan əvvəl dəfələrlə siyasi səviyyədə bu humanitar məsələnin həllinə çağırıb. Erməni tərəfi isə bundan imtina edib.
Geri qayıt