Bu il ölkəmiz 25 milyard kubmetr təbii qaz ixrac edəcək
İyulun 18-də Böyük Britaniyada “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə Toplantısı keçirilib. Bu mötəbər beynəlxalq tədbirdə dünyanın nüfuzlu ölkələrinin rəhbərləri, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak edirdi. Azərbaycan birliyin Praqada keçirilən ilk sammitindən etibarən bütün görüşlərə dəvət olunub. Bu da ölkəmizə necə böyük əhəmiyyət verildiyinin, onun etibarlı tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Təbii ki, burada uzun illərə söykənən uzaqgörən siyasət və onun nəticələri böyük rol oynayır. Azərbaycanın artan nüfuzu, Cənubi Qafqazda yaranan yeni reallıqlar artıq Qərbdə də qəbul edilir. Reallıq budur ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. Ən azı, regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilmir. Azərbaycan da ASB - nin sülh təşəbbüsünü yüksək qiymətləndirir.
Rusiya–Ukrayna münaqişəsi başlandıqdan sonra, Avropa Siyasi Birliyi ideyasını işə salıb. O zaman bu təşəbbüs xeyli ambisiyalı görünürdü, mövcud platforma liderlər üçün eyni zamanda, “əməkdaşlıq üçün yeni məkan” yaratmaq, sülh və təhlükəsizliyin daha əzmlə təşviqi müstəvisinə çevrilməsini nəzərdə tutub.
Avropa Parlamentinin ideoloji qərəzindən azad olan bu platforma, strateji əhəmiyyətli məsələlər səmimi və obyektiv şəkildə müzakirə olunan bir məkana çevrilir. Burada Azərbaycan bəzi enerji məsələlərinə ciddi təsir göstərə bilir. ASB kimi yeni və gənc platformalarda ortaq nöqtələr taparaq siyasi əməkdaşlığı gücləndirmək mümkündür.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb.
Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Həmçinin Londonda Avropa Siyasi İcmasının görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdən qarşı tərəf imtina edib. Görüşün keçirilməsi üçün təşəbbüslə Böyük Britaniya çıxış edib.
Prezident İlham Əliyevin Böyük Britaniyaya işgüzar səfəri Azərbaycanın ikitərəfli əməkdaşlığın inkişafına böyük diqqət yetirməsinin göstəricisidir. Əminlikə də deyə bilərik ki, bu əməkdaşlıq gələcəkdə daha da böyük töhfələr verəcəkdir.
Tufan Məmmədov – iqtisadçı ekspert