Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır
- 14-02-2023, 17:47
- 430
Son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.
İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin də məhz elektroenergetika sahəsindən başlanılıb. Prezident İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.
Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Qarşılıqlı səfərlər, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sözügedən mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urson “Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam” söyləməklə iki ölkənin hazırkı münasibətlərinin aydın mənzərəsini təqdim etdi və bir daha bildirdi ki, İtaliya Azərbaycanın tarixi dostudur. Cari ilin ötən dövründə İtaliyanın üç nazirinin ölkəmizə səfəri İtaliya ilə Azərbaycan arasında möhkəm əlaqələrin olmasını göstərir. Ümumilikdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu mühüm məqamı qeyd etmək kifayətdir ki, iki il bundan əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, son məntəqəsi İtaliyadır. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP layihəsini Azərbaycan və İtaliyanın birgə uğuru kimi dəyərləndirdi. İtaliya şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə hazırda aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edirlər.
Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli Lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası